DTX xüsusi əməliyyat keçirib, silahlı dəstə zərərsizləşdirilib
Xeberinfo.com: Azərbaycan Respublikasında terror aktları və silahlı basqınlar törətməyi planlaşdıran, ölkə hüdudlarından kənardakı silahlı münaqişələrdə iştirak edən terrorçu silahlı birləşmələrin tabeçiliyini qəbul edərək onlarla əlaqəli qanunsuz fəaliyyət göstərən silahlı dəstə yaradıldığı barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə müəyyən olunub ki, Azərbaycan Respublikasının vətəndaşları F.Rüstəmov, A.Quliyev, A.Gülməmmədov və digərləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsi ilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparmış, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüblər.
Onlar müxtəlif tarixlərdə gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparmış, cinayətkar niyyətlərinin həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görmüş, ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq etmiş, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçirmiş, ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparılıb.
Dini ekstremizm zəminində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılan cinayətkar birlikdə iştirak etmə, odlu silahdan istifadə etməklə terrorçuluğa və quldurluğa hazırlıq əməllərini törətmələrinə əsaslı şübhələr olan A.Quliyev, F.Rüstəmov və A.Gülməmmədovun saxlanılması üzrə 26-27 oktyabr 2016-cı il tarixlərində respublikanın müxtəlif rayonlarında kompleks əməliyyat tədbirləri həyata keçirilmiş, bu zaman saxlanılmasına müqavimət göstərərək ictimai yerdə «F-1» tipli əl qumbarasını partlatmağa cəhd edən A.Quliyev, habelə «Steçkin» markalı tapançadan istifadə edərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara atəş açıb silahlı müqavimət göstərən F.Rüstəmov ətrafdakıların həyat və sağlamlığının ümumi təhlükəli, real və qəfil cinayətkar qəsddən qorunması və cinayətkar əməllərə qarşı cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, A.Gülməmmədov isə şübhəli şəxs qismində tutulub.
Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.