MTN əməkdaşı şirkət rəhbərindən 300 min istəyibmiş: "yanan bina işi"
Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğına səbəb olmaqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Xeberinfo.com: Musavat.com xəbər verir ki, məhkəmədə təqsirləndirilən “QlobalStone” MMC-nin baş direktoru olmuş Ələkbər Əsgərov ifadə verib. Hadisənin nəticəsinin ağır olduğunu deyən Ə.Əsgərov yanğın zamanı dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verib.
O, qeyd edib ki, hadisəni onun üçün daha ağır edən 1 il 6 aydır ailəsindən, cəmiyyətdən təcrid olmasıdır: "Nədə təqsirləndirildiyim, burada olmağımın səbəbi mənə aydın deyil. Mənə burada tanımaq, ifadə vermək çox çətindir".
Direktoru olduğu şirkətdəki fəaliyyətindən danışan Ə.Əsgərov digər təqdirləndirilən Miryusif Mahmudovun təklifi ilə şirkətdə işə başladığını deyib: "Müəssisənin bütün ehtiyatlarının planlanması" sistemini mən qurmuşam. Bu sistem şirkətə beynəlxalq nüfuzlu şirkətlərlə əməkdaşlığa başlamaq üçün imkan yaradırdı. Bu sistem də çox uğurlu oldu".
Ə.Əsgərov hadisənin hansı səbəbdən baş verməsindən xəbərsiz olduğunu deyib. 2010-cu ildən rəsmi müqavilə ilə “QlobalStone” MMC-nin baş direktoru olan Ə.Əsgərov bu vəzifədə cəmi 1 il çalışdığını söyləyib. O, deyib ki, baş direktoru olduğu MMC “Global Construction" şirkətinin bir müəssisəsi olub və yalnız sifarişləri həyata keçirib. O, "poliuretan" məhsullarının istehsalı üçün alınan xammalın Türkiyədən idxal edildiyini söyləyib.
Təqsirləndirilən şəxs prokurorun, vəkillərin və zərərçəkmişin suallarını cavablandırıb. Yanğında qardaşı və bacısını itirən Feyzulla Bağırov Ə.Əsgərova sual verərək deyib ki, hadisədən sonra vəzifəli şəxslər televiziya kanallarında çıxış edib, lisenziya alınan üzlüklə, binaya vurulan üzlüyün fərqli olduğunu söyləyiblər. Təqsirləndirilən şəxs bundan xəbərsiz olduğunu deyib. Ə.Əsgərov çıxışında şirkətin təsisçisinin yalnız Miryusif Mahmudov olmadığını və digər təsisçinin Hüseynbala Əlizadə olduğunu qeyd edib.
Yanğından sonra baş verənləri danışan Ə.Əsgərov qeyd edib ki, hadisə baş verən ünvana getmək istəsələr də yolda tıxaca düşüblər: “Yollar bağlanmışdı. Biz yenidən ofisə qayıtdıq. Biz çatanda gördük ki, MTN əməkdaşları içəridədir. Özlərini MTN əməkdaşı kimi təqdim etdilər. Kompyuterləri yığdılar. İşçilərlə danışırdılar. Sonra prokurorluq əməkdaşları gəldi. Mən onlarla birlikdə getdim”.
Ötən proseslərdə də ləğv edilmiş MTN rəhbərliyinin Miryusif Mahmudovdan pul tələb etməsi ilə bağlı deyilənlər barədə Ə.Əsgərov da danışıb. O, pul istənilən zaman Miryusif Mahmudovla birlikdə olduğunu deyib: “Biz ofisdə oturmuşduq. Şirkətin təhlükəsizlik xidmətinin rəis müavini Arif Əliyev otağa gəldi. Dedi ki, Xətaidə baş verən yanğından sonra rəy hazırlanır. Bizdən də həmin rəyə şirkət haqqında müsbət fikir əlavə etmək üçün pul istəyirlər. Məbləğin 300 min olduğunu dedi. Miryusif Mahmudov da əsəbiləşdi. Dedi ki, verməsək nə olacaq? Miryusif Mahmudov əlavə etdi ki, bizim gördüyümüz işlər göz qabağındadır”.
O, ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxslərdən yalnız Uğur Bəşirovu və Miryusif Mahmudovu tanıyır. Digər şəxsləri isə məhkəmə zalında tanıyıb.
Xatırladaq ki, rəsmi məlumata görə, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.