"Qanqster"in “intiharı” sabiq MTN-çilərin vəziyyətini daha da ağırlaşdırdı
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan yüksək rütbəli sabiq əməkdaşları PenitensiarXidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında nəzarətə götürülüblər.
Xeberinfo.com: Bir neçə gün öncə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 1 saylı Bakı İstintaq Təcridxanasında intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlardan sonra həbsdə olan sabiq MTN əməkdaşları ciddi nəzarətə götürülüblər.
A.Çovdarovun intihar xəbərindən sonra təcridxanada olan bütün MTN əməkdaşlarına ayrılıqda nəzarət edilir, kameralara xüsusi nəzarətçilər təyin edilib. Nəzarətçilər kameranın qarşısında növbə ilə dayanmaqla özlərinə xəsarət yetirməmələri üçün təqsirləndirilən şəxsləri izləyirlər. Mənbə qeyd edir ki, hazırda həbsdə olan generallar - Subahir Qurbanov, Akif Çovdarov, Elçin Quliyev, polkovniklər - Akif Əliyev, Səlim Məmmədov, Vüsal Ələkbərov, Orxan Osmanov və digərlərinin saxlanıldığı kameralara təhkim olunan təcridxana əməkdaşları tərəfindən mütəmadi baxış keçirilir.
Təcridxana əməkdaşlarının gücləndirilmiş rejimdə işləməsinin səbəbkarı Akif Çovdarovun intihara cəhd etməsi xəbərlərindən əvvəl onun ağır xəstə olması xəbərləri gəlirdi.Bu ilin iyul ayına qədər odioz generalın vəkili Sadiq Rəsulov müvəkkilinin çeşidli xəstəliklərini sadalamaqla, humanizm prinsiplərini rəhbər tutmaqla onun təcili olaraq azad edilməli olduğunu izah etməyə çalışırdı. Deyirdiki, Akif Çovdarovun mədəsi yoxdur, ürəyində ciddi problemləri var.
Vəkil bir çox xəstəlikləri sadalayıb tibbi terminləri bir-birinə qarışdırıb deməklə Akif Çovdarovun 11 illik faəliyyətinə kölgə saldığına fərq etmirdi. Əgər bu adam xəstə olubsa, 11 il MTN-də yüksək post necə tutub? Niyə təqaüdə çıxıb sakit həyatını yaşamağa, xəstəliklərini müalicə etdirməyə can atmayıb?
Vəkil A.Çovdarovun yaxınlarından aldığı aylıq paranı doğrultmaq üçün müvəkkilinin xəstəliyi üzərində qurduğu söz oyununu bir neçə ay davam etdirdi. Bu kampaniya gözlənilən nəticəni vermədiyi ötən ay üzə çıxdı. Bu gün artıq odioz general xəstəlikəri üzərindən azadlığa aparmaq mümkünsüz görünür və yeni xəbərlər -Akif Çovdarovun intihar xəbərləri yayılmağa başlayır. Düzdür, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Akif Çovdarovun intihara cəhd etməsi barədə xəbərləri təsdiqləmir.
Amma xəbərlər də səngimir. Sabiq generalın kamerasında asılmış vəziyyətdə aşkarlanması və dərhal xəstəxanaya yerləşdirilməsi xəbərləri redaksiyalara “ayaq” açmaqda davam edir. Ötən ilin dekabrında saxlanıldığı Bakı İstintaq Təcridxanasındakı (BIT) kamerasında A.Çovdarovdan bir qədər əvvəl həbs olunan MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin asılmış meyiti aşkar edilmişdi.
Rəsmi açıqlamada bildirlirdi ki, İlqar Əliyevin kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev özünü asıb. Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirə salınmadan İ.Əliyevin həyatının xilasedilməsinə çalışılsa da bu mümkün olmayıb.
Bu rəsmi açıqlamaya böyük şübhə ilə yanaşanlar çoxluqdadır. İ.Əliyev MTN-də çalışdığı dövrlərdə A.Çovdarovdan az tanınmırdı. Onun pul qoparmaq üçün qol qoyduğu qanunsuz əməllər haqda bir-birindən iyrənc əhvalatlar dolaşırdı.
İ.Əliyevin kamerasında asılmış vəziyyətdə aşkar edilməsindən 1 gün sonra onun kamera yoldaşı Manaf Paşayevin də asılmış meyiti aşkar olunmuşdu. 2 ardıcıl müəmmalı ölümdən sonra belə fikir formalaşmışdı ki, BİT-də nəzarətsizlikdir və qurumda idarəetmə nəzarətdən çıxıb. Bu baxımdan 3-cü oxşar hadisə - A.Çovdarovun eyni üsulla həyatdan köçməsi Penitensiar Xidmət rəsmiləri üçün əməlli-başlı “çp”yə çevirilər.Təkcə bu səbəbdən Akif Çovdarovun boynuna ip keçirməsinə imkan verilməz.
Bu xəbərlərin A.Çovdarovun məhkəməsi öncəsi yayılması odioz generalın həyatdan bezməsi görüntüsü yaratmağa hesablanıb. Belə görüntünün yaranması üçün çox ciddi səylər ortadadır. Başqa sözlə, xəstə, həyatdan bezmiş sabiq general obrazının kiməsə lazım olduğu sezilir. Kimdir bu şəxs?
A.Çovdarovu “içəri”dən kim çıxarmaqda maraqlıdır? Üstəlik bu görüntünün məhkəmə öncəsi yaradılması təsadüfdürümü?
Yada salaq ki, az əvvəl Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidov işdən çıxarılıb. (musavat.com)