ADNA-da baş verən dəhşətli terror hadisəsindən 5 il ötür
Bütün Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib.
"xeberinfo.com": Bu gün o günün 5-ci ildönümüdür və bu gün yenə o günə qayıdacağıq. ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Onların arasında akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub. Ali təhsil ocağındakı qətliamın qarşısını almaq üçün hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsi, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları göndərilib. Polis əməkdaşları faktı törətməkdə təqsirli bilinən şəxsi zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçirsə də, hadisə itkisiz ötüşməyib. Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurub. Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan nəticəsində cinayətkarın 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov olduğu məlum olub. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanan 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilib. Cinayət işi üzrə həbs edilən Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.