Nazirlə oliqarxlar arasında savaş açıq müstəvidə
Fazil Məmmədov iri supermarket şəbəkələrinə heç bir güzəşt etmək istəmir; qarşı tərəf isə dirəniş göstərir
Xeberinfo.com: Vergilər naziri Fazil Məmmədovla oliqarxlar arasında savaş davam edir. Qeyd edək ki, bu savaş məmur oliqarxlara məxsus iri supermarket şəbəkələrinin iqtisadiyyat naziri Şahin Mustafayevə müraciətindən sonra başlayıb. Supermarket şəbəkələrinin rəhbərləri nazirə müraciətlərində vergi yükünün azaldılmasını xahiş edirdilər. Bu müraciətdən sonra Vergilər Nazirliyi bir neçə supermarketdə yoxlamalara başladı və onların dövriyyəni gizlətdiyi barədə açıqlama yaydı.
Bu günlərdə isə vergilər nazirinin müavini Sahib Ələkbərov bu məsələ barədə danışaraq supermarket şəbəkələrini ittiham edib. Onun sözlərinə görə, iri supermarket şəbəkələri arasında dövriyyəsini 40 dəfə gizlədənlər var: “Bəzi ərköyün supermarketlər var. Bunların bəzilərində xronometraj ölçmələr aparılıb və acınacaqlı nəticələr əldə edilib. 2015-ci ildə aparılan nəzarət tədbirlərinin gücləndirilməsi nəticəsində ödəmələr artıb. Ona görə bundan qıcıqlanır, ödəmək istəmirlər. 2016-cı ildə apardığımız təhlillər zamanı çox qəribə məsələlər ortaya çıxıb. Aparılan xronometraj müşahidələri zamanı məlum olub ki, iri marketlər faizlə yox, dəfələrlə dövriyyəni gizlədir. Artıq 3-4 dəfə dövriyyənin gizlədilməsi bizə adi hal kimi gəlir. Tanınmış iri supermarket şəbəkələrindən biri 15,4 dəfə, bir 19.3 dəfə, hətta 40 dəfə aşağı göstərənlər var, bunlar bizdən nə istəyir?
Bu il supermarketlərdə 760-dan çox GPS aparatları quraşdırmışıq. Bununla məhsul kassaya vurulan kimi, bizim vergi bazamıza da düşür. Hələ bizə deyirlər ki, gəlin oturaq, ay vergi orqanları sizə başa salaq. Dimdiyinin sarısı getməyən dünənki cücə bizə ƏDV-ni öyrətmək istəyir. ƏDV istehlak vergisidir. Bunun ticarətə aidiyyəti yoxdur. Güzəşt istəklə verilmir. Dövlətin iqtisadi qurumları bununla bağlı geniş araşdırmalar aparır ki, bundan vətəndaş nə qazanacaq, büdcə nə itirəcək və bunu hansı yolla kompensasiya etmək olar”.
Maraqlıdır, əgər bu supermarketlər dövriyyəni 40 dəfədən artıq gizlədirlərsə və Vergilər Nazirliyində bu barədə məlumat varsa, nədən heç bir tədbir görülmür? Və nəinki tədbir görülmür, hətta Sahib Ələkbərov vergidən yayınan həmin oliqarxların adlarını belə çəkə bilmir.
Görünür, nazir müavini oliqarxların da hansısa faktları açıqlaya biləcəyindən ehtiyat edir. Hər halda sahibkarların “qodovoy haqq” dediyi qeyri-rəsmi ödəniş var. Mümkündür ki, bu savaş dərinləşəcəyi təqdirdə sahibkarlar da açıq danışmağa başlasın.(Azadliq.info)