"MTRŞ"-dən "ANS"-ə daha bir qadağa: Mirşahinin verilişi bağlandı
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Xeberinfo.com: Məlumata görə, iclasda “ANS” televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb.
“ANS” televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alnaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq “ANS” televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılıb.
ANS televiziyasında yol verilmiş qanun pozuntuları barədə ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş proqrama verilən tələblərin və televiziyanın fəaliyyət prinsiplərinin pozulması ilə əlaqədar olaraq 30.09.2015-ci il tarixdə “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” proqramının, 05.10.2015-ci il tarixdə isə “Salam Azərbaycan” proqramının yayımı Milli Televiziya və Radio Şurasının qərarı ilə müvəqqəti dayandırılmışdır. “Reklam haqqında” qanunun tələblərini pozduğu üçün ANS TV Milli Televiziya və Radio Şurasının 05.10.2015-ci il tarixli qərarı ilə hər bir pozuntuya görə 6000 manat olmaqla 9 fakt üzrə 54 000 manat, Milli Televiziya və Radio Şurasının 13.10.2015–ci il tarixli qərarı ilə hər bir pozuntuya görə 5000 manat olmaqla 5 fakt üzrə 25 000 manat, ANS ÇM radiosu isə Milli Televiziya və Radio Şurasının 23.12.2015-ci il tarixli qərarı ilə 13 fakt üzrə 5000, 8 fakt üzrə 7000, 5 fakt üzrə 8000 manat məbləğində, ümumilikdə 26 fakt üzrə 161 000 manat məbləğində cərimə edilib.
Milli Televiziya və Radio Şurası ilə “ANS Müstəqil Yayım və Media Şirkəti” arasında milli televiziya serialı məhsulunun hazırlanmasına dair 02 dekabr 2014-cü il tarixdə bağlanmış 33 saylı müqavilənin tələbinə əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti” “Abşeron” serialının çəkilməsinə dair öhdəlik götürüb, buna müvafiq olaraq Milli Televiziya və Radio Şurası tərəfindən “ANS Müstəqil Yayım və Media Şirkəti”nə 160 000 (yüz altmış min) manat vəsait köçürülmüşdür. “ANS Müstəqil Yayım və Media Şirkəti” “Abşeron” serialını müqaviləyə uyğun olaraq 10 iyul 2015-ci il tarixədək təhvil vermək barədə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyin icra müddətindən xeyli sonra - 28 avqust 2015-ci il tarixdə müqaviləyə dəyişiklik edilməsi təşəbbüsünü irəli sürmüşdür. Bundan sonra isə müqaviləyə aidiyyatı olmayan tam başqa bir serialın - “Sevgi naminə” adlı serialın hesabatı Milli Televiziya və Radio Şurasına təqdim edilmişdir. Milli Televiziya və Radio Şurası tərəfindən isə bağlanmış müqaviləyə uyğun olaraq öhdəliklərin icra edilməməsi ilə əlaqədar olaraq “ANS Müstəqil Yayım və Media Şirkəti”nə qarşı köçürülmüş vəsaitin geri qaytarılması barədə məhkəmədə iddia qaldırılmışdır.
Təssüflə bildiririk ki, ANS rəsmiləri yuxarıda qeyd olunan qanun pozuntuları ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən verilən qərarlardan, habelə həmin qərarlarla bağlı ANS Müstəqil Yayım və Medi Şirkəti tərəfindən məhkəmələrə olan şikayətlərin təmin olunmamasından düzgün nəticə çıxarmaq əvəzinə, öz efiri vasitəsilə Milli Televiziya və Radio Şurasınının ünvanına davamlı olaraq əsassız ittihamlar səsləndirilməklə ictimai rəyi çaşdırmaq yolu tutmuşdur.
ANS televiziyasının 27.12.2015-ci il tarixdə efirə getmiş “Hesabat” analitik-informasiya proqramında aparıcı Mirşahin Ağayev (həm də təsisçilərdən biridir) aşağıdakı fikirləri ifadə etmişdir: “Bu ili ANS böyük basqı və çətinliklərlə başa vurur. Onu bütöv bir il zərrəbindən keçiriblər. Artıq ANS-ə 100 minlərlə manatlıq cərimə hesablanıb. “Kiminə aş, kiminə daşla” siyasəti bizi yenidən dövlət başçısına müraciət etməyə vadar edir. Prezident İlham Əliyev sahibkarlarla rəftarda sabitqədəmliyə, əli və ürəyi təmizliyə çağırır. Biz də sahibkarıq, bizi də qorumaq lazımdır və Azərbaycan Prezidenti İlham Əliyev eyni zamanda bizi də qoruyur. Biz heç nə demirik. Sadəcə olaraq dövlət başçısının sahibkarlara müdaxilə, sahibkarlara təzyiq etmək istəyən məmurlara xəbərdarlığını yenə də xatırladırıq.”
Görəsən Mirşahin Ağayev hansı “basqı və çətinliklərdən” gileylənir? Yoxsa Şura tərəfindən aparılan monitorinqlər onun ürəyincə deyil?! Milli Televiziya və Radio Şurası ANS-in özəl telekanal, onun təsisçilərinin isə sahibkar olduğunu yaxşı bilir. Amma, görünür ANS rəsmiləri də, o cümlədən şirkətin təsisçilərindən biri və icraçı direktoru vəzifəsini tutan Mirşahin Ağayev sahibkarların da qanunlara əməl etməli olduğundan xəbərsizdir.
“Hesabat” analitik-informasiya proqramının 17.01.2016-cı il tarixli buraxılışında aparıcı Mirşahin Ağayev (həm də təsisçilərdən biridir) Milli Televiziya və Radio Şurasının ünvanına növbəti dəfə əsassız ittihamlar səsləndirmişdir: “Məmur özbaşınalığını dayandırmaq lazımdır. Dövlət başçısının məmurların xalqın ağasından xalqın xidmətçisinə keçirmək istiqamətində apardığı siyasəti sadə camaat tam müdafiə edir. Uzağa niyə gedirik? Əgər dövlət büdcəsinə 1 qəpik belə gəlir gətirməyən “mıtırışı” (MTRŞ) dövlətə hər il kifayət qədər vergi ödəyən ANS-in başına belə oyun açırsa, özü də heç olmasa, bizim bu barədə danışmaq imkanımız var, görün başqa sahələrdə vəziyyət nə qədər çətindir”.
Maraqlıdır, informasiya təqdimatında “dəqiq, vicdanlı, qərəzsiz” olmağı özlərinə deviz seçən ANS rəsmiləri, o cümlədən Mirşahin Ağayev onlara cərimələrin məhz qanunverciliyin tələblərini dəfələrlə pozduqlarına görə tətbiq edildiyini nə üçün etiraf etmirlər? Təəssüf ki, ANS televiziyası dəfələrlə yol verdiyi bü cür qərəzli, peşə etikasına və əxlaq normalarına yaraşmayan televiziyaçılıq fəaliyyətini hal-hazırda da davam etdirir.
Göründüyü kimi, ANS televiziyası və ANS ÇM radiosu tərəfindən televiziya yayımının əsas prinsipləri və proqrama verilən tələblər davamlı olaraq pozulmaqdadır. Halbuki, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yayımçı öz fəaliyyətində informasiyanın obyektivliyi, tam və doğru-dürüstlüyü, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinə əsaslanmalıdır.
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmalı, proqramı hazırlayanlar qanun qarşısında birbaşa məsuliyyət daşımalı, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır, faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir.
Fikrimizcə, ANS tərəfindən Milli Televiziya və Radio Şurasına qarşı aparılan qara piar kompaniyası həm də dövlət qurumu ilə ANS arasında hal-hazırda davam etməkdə olan məhkəmə araşdırmalarına təsir vasitəsi kimi qiymətləndirilməlidir.
Hesab edirik ki, bu cür qərəzli və yalan informasiyaların yayımlanması ilə ANS televiziyası cəmiyyətdə çaşqınlıq yaratmağa, dövlət qurumunun fəaliyyəti barədə yanlış ictimai rəy formalaşdırmağa xidmət edir. Halbuki, yayımçı nəzarətində olan efirdən öz maraq və məqsədləri üçün istifadə etməməli, yalan və böhtan xarakterli məlumatların yayımlanmasından çəkinməli, qanunların aliliyinə hörmətlə yanaşmalıdır. Yayımçı ona müvafiq dövlət orqanı tərəfindən tətbiq olunmuş sanksiyalardan narazı olduğu halda bu yalnız hüquqi çərçivədə araşdırılmalıdır.
Bildiririk ki ANS tərəfindən məqsədli şəkildə yalan və böhtan xarakterli məlumatların yayımlandığı, qanunların aliliyinə hörmətlə yanaşılmadığı təqdirdə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinə uyğun olaraq tədbirlər görüləcək və bunun nəticələri ilə bağlı bütün məsuliyyət telekanalın üzərində olacaqdır.