"MTN-dən getdim, o, gəldi, sonra bu qədər hadisələr oldu"
“MTN işi” ilə bağlı dediklərim incimiş adamın çıxışı kimi anlaşılacaq”
Xeberinfo.com: Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyindən uzaqlaşdırılmasyla böyük bir cinayətkar dəstənin ölkəni şoka salan dəhşətli əməlləri üzə çıxdı.
Hazırda MTN-in ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokurorluğun məlumatına görə, qeyd olunan faktlar üzrə MTN-dən qovulan 19 sabiq vəzifəli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib.
Ölkənin bəzi sabiq nazirləri məlum “MTN işi”nə münasibət bildirsələr də, 1995-2004-cü illərdə milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov hələ də susqunluğunu qoruyur.
Amma onun bu hadisələr haqda ən xırda bir açıqlaması belə, böyük maraq doğurur.
Modern.az saytının əməkdaşı MTN-nin sabiq şefi Namiq Abbasovla əlaqə saxlamağa çalışıb. MTN ətrafında baş verən hadisələrə Namiq Abbasovun hansı səbəblərdən münasibət bildirmədiyini öyrənməyə çalışdıq.
Namiq Abbasov qəti surətdə son vaxtlar baş verən hadisələr barədə hələlik danışmayacağını söylədi: “Milli Təhlükəsizlik Nazirliyində baş verən bu hadisələrlə bağlı çıxış etməyim məsləhət deyil. Məhz ona görə ki, mən MTN-dən getdim, o, (Eldar Mahmudov-red.) gəldi. Sonra bu qədər hadisələr oldu. Mənim danışmağım oradan getdiyim üçün incimiş adamın çıxışı kimi anlaşılacaq. Bu barədə danışmağı lazım bilmirəm. Müsbət də nəsə deyə bilmərəm. Bu barədə mən yox, kənar adamlar danışsa, doğru olar. Hadisələr sovuşana, tamam sakitləşənə qədər qəti surətdə çıxış etməyəcəm. Bax o zaman nəsə bir rəy bildirə bilərəm”.
Namiq Abbasov 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1979-cu ildə SSRİ DTK-nın Ali Məktəbini bitirib şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR DTK sədrinin müavini kimi vəzifələrdə işləyib.
1992-ci ildə Azərbaycan milli təhlükəsizlik nazirinin müavini təyin edilib. Daha sonra nazirin birinci müavini vəzifəsinə irəli çəkilib. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra general N.Abbasov sabiq nazir Nəriman İmranovun vəzifədən getməsindən sonra nazir təyin edilib. Bu, 1995-ci ilin mart ayına baş verib.
N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikası milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad ediləndən sonra o, 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışdı. Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxıb.