Akif Çovdarov Hacı Məmmədovun adamı olub?
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından isə apellyasiya şikayəti verilməyəcək.
Xeberinfo.com: Qeyd edək ki, A.Çovdarova qarşı 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.
Bu arada isə savash.org-a MTN-nin qanqster genaralı ilə bağlı ilginc mələmatlar daxil olub. Belə ki, Akif Çovdarov ona hansı ittihamın irəli sürülməsindən asılı olmayaraq məhkəmə prosesində heç bir ciddi açıqlama vermək niyyətində deyil. Bununla bağlı saytımıza danışan mənbə Akif Çovdarovun anonsunu verdiyi susqunluğun oxşar cinayətlərə görə illər öncə həbs edilmiş DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, kriminal dəstə başçısı Hacı Məmmədovun həbs olunduqdan sonrakı davranışları ilə bənzər olduğunu irəli sürüb.
Məlumata görə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi “Qara Kəmər” əməliyyatı ilə həbs edilmiş Hacı Məmmədov 19 yanvar 2007-ci il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb. Müəmmalı məqamlardan biri isə onun bu uzun illər ərzində MTN təcridxanasında saxlanılması, onun cəzaçəkmə müəssisəsinə köçürülməməsidir. Qeyd edək ki, bu məsələ bir dəfə gündəmə gələndə MTN bəyan etmişdi ki, Hacı Məmmədov cəzaçəkmə müəssisəsinə köçürülməsini özü istəmir.
Amma Hacı Məmmədov özü MTN-nin təcridxanasında qalmaq istəsə belə, bu, onun cəzaçəkmə müəssisəsinə köçürülməməsi üçün əsas sayıla bilməz. Qanun hansısa məhkumun şəxsi istəklərindən üstündür və dövlət qurumu qanuna istinad etməlidir. Lakin görünür, MTN üçün Hacı Məmmədovun şəxsi istəkləri qanundan daha üstündür. Ya da burada hansısa ciddi səbəblər varmış. Bəzi mülahizələrə görə, Hacı Məmmədovun MTN-nin təcridxanada saxlanılması onun danışa bilməsi təhlükəsindən irəli gəlir. DIN-in sabiq əməliyyat müvəkkili kifayət qədər məlumatlı şəxsdir. Bu onun məhkəməsində qabarıq şəkildə aydın oldu.
Savash.org xatırladır ki, Hacı Məmmədov qalmaqallı məhkəmə prosesində olduqca xəsis açıqlamalarla yadda qalsa da onun bəzi sözləri bu gün də unudulmayıb. Məsələn, Hacı Məmmədov məhkəmədəki son sözündə baş verən cinayətlərin başında dayananların şəbəkəsini çoxayaqlı dəniz ulduzuna bənzədərək bunları demişdi: "Mən və dəstəmin 5-6 nəfər üzləri bu "osminoq"un bir barmağıdır. Mən burada olduğum müddətdə həmin "osminoq" böyüyüb, artıb və məndən də böyük barmaqları var".
Həmin vaxt bu açıqlama bəlkə də kifayət qədər müəmmalı və psixoloji sarsıntı keçirmiş birinin sayıqlaması təsirini bağışlaya bilərdi. Amma bu gün Akif Çovdarovun təxminən eyni cinayətlərdə ittiham edilməsi Hacı Məmmədovun illər öncə “Osminoqun digər barmaqları” deyə eyham vurduğu şəxslərdən birinin məhz onun olması ehtimallarını gücləndirir.
Bu ehtimal eyni zamanda Hacı Məmmədovun bu günə qədər MTN-nin təcridxanasında saxlanmasının gizlinlərinə də işıq salır. Tamamilə mümkündür ki, Akif Çovdarovla Hacı Məmmədov əvvəldən eyni dəstənin üzvləri olub. Hacı Məmmədovun təbirincə desək, Akif Çovdarov “osminoq”un digər barmağıymış. Belə olan halda Hacı Məmmədovun cəzaçəkmə müəssisəsinə köçürülməməsi və heç bir səbəb olmadan MTN-nin təcridxanasında saxlanılması da məhz Akif Çovdarovun və ya dəstə başçısının ( Hacı Məmmədovun təbirincə, osminoqun özünün) təşəbbüsü nəticəsində baş tutub. Onlar bu yolla Hacı Məmmədovu faktiki olaraq girov saxlayıblar və onun hansısa açıqlama verməsini əngəlləyiblər. Çox güman ki, azadlıqda olan “Osminoq” və onun “barmaqları” ehtiyat ediblər ki, cəzaçəkmə müəssisəsində sərbəstlik qazanan Hacı Məmmədov osminoqun başqa qolları barədə bayıra məlumat ötürə bilər ki, bu da bütün planları pozar.
Xatırladaq ki, MTN-də isə Hacı Məmmədova hətta ailəsi ilə görüşməyə belə imkan verilməyib: “Hacı Məmmədov ailəsilə görüşmək istəmir” adı altında.
Bax belə....