Hakim Səfər Əbiyevin müavininə görə Zakir Həsənovdan kömək istədi
Xeberinfo.com: Virtualaz.org-un prosesdə iştirak edən müxbirinin veridyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
Bugünkü prosesdə şahid qismində Müdafiə Nazirliyinin Tikinti İdarəsi layihə-smeta bölməsinin rəisi Nəriman Müftəliyev ifadə verdi.
O, ifadəsində ehtiyatda olan polkovnik Mehman Səlimovu tanıdığını bildirdi: “2008-ci ildən “STŞ” MMC-nin rəhbəri kimi Mehman Səlimov Müdafiə Nazirliyinə məxsus obyektlərdə tikinti-təmir işləri aparırdı. Bununla əlaqədar onunla bir neçə dəfə görüşmüşdüm. Mehman müəllim məndən planlaşdırılmış tikinti obyektlərinin layihələndirilməsində kömək istəmişdi. Köməyim ondan ibarət olub ki, onu lisenziyalı layihə təşkilatı olan “PİK” MMC ilə əlaqələndirmişəm. Bundan başqa heç bir sahədə əməkdaşlığımız olmayıb. Mehman Səlimov məndən obyektlərin layihə-smeta sənədlərinin hazırlanmasında kömək istəmişdi”.
Bundan sonra şahid dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və hakimin suallarını cavablandırdı. Nəriman Müftəliyev suallara cavab olaraq bildirdi ki, “STŞ” MMC Müdafiə Nazirliyinə məxsus 2 binada təmir işləri, 3 binada isə tikinti işləri aparıb. Təmir işləri ondan əvvəl olub.
Mehman Səlimov
Daha sonra M.Səlimov çıxış edərək bildirdi ki, 40 min manatlıq layihə-smeta sənədində iki dəfə “Forma-2” yazıb: “Yazırlar ki, guya 32 min manat mənimsəmişəm. Absurd və paradoksdur. Necə olur ki, əsaslı təmir olunan iki binanın biri 750 min, o biri isə 350 min manata başa gəlir? Özünüz bilirsiniz necə olur. “Pul yoxdur, gələn dəfə veriləcək” deyirlər. Binanın birinin dam örtüyü iki dəfə uçdu, bir qəpik də vermədilər”.
Bundan sonra hakim adı cinayət işində keçən şahidlərin məhkəməyə məcburi qaydada gətirilməsi ilə bağlı qərar çıxarılacağını bildirdi. Bununla bağlı müdafiə nazirinə və Baş Qərargah rəisinə müraciət ünvanlanacağını dedi.
Bununla da məhkəmə prosesi noyabrın 6-dək təxirə salındı.
Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.
İttihama görə, 2006-cı ildən başlayaraq, M.Səlimovun sahibi olduğu MMC-də Müdafiə Nazirliyinin sifarişi əsasında aparılmış tikinti işlərində külli miqdarda mənimsəməyə yol verilib. Təqsirləndirilən şəxsə qarşı qanunsuz sahibkarlıq, mənimsəmə və digər maddələr üzrə ittiham irəli sürülüb.
Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləyib.
Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi onun Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir. M.Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, Baş Qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan sonra Mehman Səlimov tutduğu vəzifədən azad edilmişdi.