Hərbi məktəbdə daha bir həbs
Ramiz Fərəməzovun Mirzəli Yusifovun “biznes ortağı” olduğu bildirilir
"xeberinfo.com": Azərbaycan Ali Hərbi Məktəbinin tədris şöbəsinin rəisi mayor Ramiz Fərəməzov həbs edilib. Prokurorluq orqanları onun barəsində barəsində korrupsiya faktları üzrə istintaq araşdırmaları aparır. Əldə etdiyimiz məlumata görə, bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə hərbi mənbələrdən məlumat verilib. Mənbə bildirib ki, məktəbin sabiq rəis əvəzi polkovnik Mirzəli Yusifov yanvar ayının ilk həftəsində həbs edilib. Ramiz Fərəməzovun Mirzəli Yusifovun “əlatısı” və “pul yığmaq” üzrə biznes ortağı olduğu bildirilir.
Mənbə bir sıra maraqlı faktları açıqlayıb: “Maraq doğuran fakt budur ki, Mirzəli Yusifovla və Ramiz Fərəməzovla iş ortağı olan Hərbi Mühəndis Kafedrasının rəisi vəzifəsini sifarişli olaraq 8 ildən çox icra edən vəzifəcə Hərbi Mühəndis Kafedrasının Silsilə rəisi olan polkovnik-leytenant Məmmədov Həsən Məmməd oğlu hətta Müdafiə Naziri general –polkovnik Zakir Həsənovun əmrini belə yerinə yetirmək istəmir. “Mən Naxçıvanlıyam və general Kərəm Mustafayevin adamıyam” deyərək hələ də at oynadır. 15 yanvar 2014-cü il tarixində Ali Hərbi Məktəbin rəisinə özünü təqdim etmiş hərbi xidmətini davam etdirmək üçün gəlmiş Hərbi Mühəndis Kafedrası rəisinin müavini vəzifəsinə Müdafiə Nazirinin əmri ilə təyin olunmuş polkovnik-leytenant Şeydayev Ruslan Fərhad oğlu öz iş otağına polkovnik-leytenant Həsən Məmmədov tərəfindən buraxılmayıb. Silsilə rəisi Hərbi Mühəndis Kafedrası rəisinin müavini polkovnik-leytenant Ruslan Şeydayevə müəllimlər otağında oturmağı əmr edib. Əldə olunan məlumatlara görə Ali Hərbi Məktəbin rəisi general-mayor Heydər Piriyev işə qarışıb. Onun tapşırıqlarına baxmayaraq silsilə rəisi hələ də kafedra rəisinin xidməti iş otağını azad etmək istəmir”.