KİVDF-də “KÖHNƏ HAMAM, KÖHNƏ TAS”DIR –Müsabiqə yekunlaşdı, bölgü necə aparılacaq?
Ötən il dekabrın 25-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2020-ci ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
Yenixeber.org: Qeyd edək ki, müsabiqə əvvəlki illərlə müqayisədə xeyli gec elan olunduğuna görə qəzet redaksiyalarında ciddi narahatlığa səbəb olmuşdu. Çünki ötən il KİVDF dekabrın 18-də müsabiqə elan edib, həmin ayın 28-də qalibləri elan etmişdisə, bu il müsabiqənin yanvar ayının 10-da yekunlaşacağı elan olunub.
Amma deyəsən, müsabiqədə dəyişən yalnız tarixdir, KİVDF ciddi narazılıqlara rəğmən, əvvəlki şərtləri qoruyub saxlayıb. Belə ki, müsabiqədə yenə aşağıda qeyd olunan 3 kateqoriya üzrə tələblərə cavab verən KİV-lər iştirak edə bilərlər:
- I kateqoriya üzrə - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər;
- II kateqoriya üzrə - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər;
- III kateqoriya üzrə - son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlər.
Fond ənənəvi olaraq I kateqoriyaya gündəlik nəşr olunan "Bakı - Xəbər", "Yeni Müsavat", "Səs", "Yeni Azərbaycan", "Mövqe", "Kaspi" və onu rus versiyası "Kaspiy" qəzetlərini aid edir və onların hər birinə aylıq 20 min manat yardım ayrırır.
II kateqoriyaya isə həftədə 3 dəfədən çox nəşr olunan, "Həftə içi", "Novaya Vremya", Azernews", "525-ci qəzet", "Paralel", "Xalq Cəbhəsi", "Olaylar", "Hürriyət", "Üç nöqtə", "Ədalət", “Palitra", "Azad Azərbaycan", "Şərq" qəzetləri salınır. Adları qeyd olunan redaksiyalara isə aylıq 10 min manat nəzərdə tutulur.
III kateqoriyaya daxil olan "Türküstan", "Oxu məni", "Unikal", "Hərbi and", "The Business Times" qəzetlərinə isə aylıq 5 min manat maliyyə yardımı ayrılması gözlənilir.
KİVDF-nin mətbuatın inkişafına heç bir təsiri olmayan bu siyasətini davam etdirməsi ən azı təəccüb doğurur. Əvvəla, ötən illərdə təsdiq olundu ki, redaksiyalar qarşısında qoyulan "sosialist öhdəlikləri"nin qəzet sənayesinin inkişafına heç bir təsiri yoxdur. Qəzetlər ən yaxşı halda jurnalistlərin iş yerlərinin qorunub saxlanılmasından, bəzi redaktorların və ya onların himayəçilərinin yaxşı gəlir mənbəyindən başqa işə yaramır. Onların nə tirajı, nə keyfiyyəti, nə də ki, ölkənin ictimai-siyasi həyatındakı rolu yüksəlmir. Qəzetlər, tələb olmasa da, çap olunur, yayım firmaları ilə oxucuya çatmayan abunə müqavilələri bağlanır və sonda dövlətin külli miqdarda vəsaiti hesabına çap olnan bu yararsız məhsullar makulatura tacirləri vasitəsi ilə meyvə-tərəvəz bazarlarına yönləndirilir.
Belə görünür ki, hakimiyyətin media siyasətini müəyyənləşdirən qurumlarda çox ciddi struktur və kadr dəyişikliklərinə rəğmən, KİVDF ənənəvi siyasətini davam etdirməkdə qərarlıdır.(azpolitika)