2015-də Avrasiya İttifaqını nə gözləyir?
Rusiya, Belarus və Qazaxıstandan ibarət olan Avrasiya İqtisadi İttifaqı adlı təşkilat 1 yanvar tarixindən fəaliyyətə başlayıb.
"Xeberinfo.com": Bu blok, Avropa Birliyi kimi ümumi vahid bazara, müxtəlif sahələr üzrə öz komissiyalarına, məhkəmə və inkişaf bankına malik olacaq. Hətta Rusiya prezidenti Vladimir Putin bu blokun öz parlamentinin yaradılmasını da istəyir. Amma bütün bunlara baxmayaraq, biz bu blokun heç də uğurlu ola biləcəyini güman etmirik.
2014-cü ilin may ayında Avrasiya İqtisadi İttifaqının yaradılması şərtlərini müzakirə edən üç dövlətin rəhbərinin iştirak etdiyi toplantının mənzərəsi çox komik görünürdü. Üç prezidentin əyləşdiyi stolun arxasında bundan beş dəfə artıq lider əyləşə bilərdi.
Yaxın zamanlarda bu ittifaqa Qırğızıstan və Ermənistan da qoşulacaq. Əgər biz bu bloka daxil olan ölkələri bir-biri ilə müqayisə etsək, onda həmin təşkilatın xeyli dərəcədə nataraz olması aydın görünər. Çünkü Rusiyanın əhalisi digər üzv ölkələrin birlikdə götürülən əhalisindən dörd dəfə çoxdur. Ona görə də Avrasiya İqtisadi İttifaqının Ümumi Daxili Məhsulunun böyük bir hissəsi Rusiyaya məxsus olacaq.
Rusiyanın iqtisadi problemləri barəsində çox da müfəssəl danışmağa ehtiyac duymuruq. Neftin qiymətinin aşağı düşməsi nəticəsində rublun məzənnəsi xeyli dərəcədə geriləyib. Keçən 2014-cü il ərzində rubl 40% dəyərdən düşüb. Hətta Rusiyadakı ümumi iqtisadi vəziyyət rublun məzənnəsinin aşağı düşməsindən əvvəl də ürəkaçan sayılmırdı.Məlumdur ki, Qərbin tətbiq etdiyi sanksiyalar Moskvaya ciddi zərbə vurub və bu ölkənin maliyyə nazirinin açıqlamalarına görə 2015-ci ildə Rusiyanın ÜDM 4% azalacaq. Belə olan halada həmin ittifaqın digər üzvləri Rusiyaya kömək edə bilərlərmi? Qısaca olaraq, əlbəttə xeyr!
Rusiyadakı böhran Qazaxıstana ciddi dərəcədə təsir göstərib.Beləki, qazax valyutası təngə, rubla nisbətdə xeyli bahalaşıb. Bu isə əhəmiyyətli ölçüdə öz məhsullarını Rusiyaya ixrac edən qazax şırkətlərinin işini xeyli mürəkkəbləşdirib. Qazaxıstan iqtisadiyyatı müəyyən mənada uğurlu sayıla bilər. Bəlkə də elə bu səbəbdəndir ki, son zamanlar prezident Nursultan Nazarbayev Moskva ilə həddən artıq yaxınlaşmaq fikrindən çox uzaq görünür. Avrasiya İttifaqı ideyasını məhz Qazaxıstan lideri irəli sürmüşdü. Lakin indi, o artıq özünün bu işdə maraqlı olduğunu qətiyyən nümayiş etdirmir və hətta bəyan edib ki, lazım gəldiyi təqdirdə Qzaxıstan bu ittifaqı tərk edə bilər.
“Foreign Policy” jurnalı yazır ki, ekspertlərin araşdırmalarına görə Avrasiya gömrük ittifaqındakı üzvlük, Qazaxıstan iqtisadiyyatının zəifləməsinə gətirib çıxarıb. Hal-hazırda nəyi isə dəyişmək artıq gecdir və ona görə də Astana daha böyük əngəllərlə qarşılaşmağa tələsmir. Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsindəki acınacaqlı iqtisadi durumun qarşısının alınması tədbirləri çərçivəsində 21 dekabr tarixində ölkəsinin baş-nazirini və Mərkəzi Bankın rəhbərini işdən çıxarıb. Belarus Moskvadan çox asılı olduğu üçün rublun məzənnəsinin aşağı düşməsi onların iqtisadiyyatına güclü neqativ təsir göstərir. İndi Moskvadakına oxşar şəkildə Belarusdakı valyuta dəyişmə məntəqələrinin qarşısında da növbələr yaranıb və onların da Mərkəzi Bankı faiz dərəcələrini kəskin qaldırmaq məcburiyyətində qalıb. Beləliklə də əgər biz, Avrasiya İqtisadi İttifaqına daxil olan beş dövlət – Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan haqqında danışsaq, onda bəlli olar ki, onların ən böyük iqtisadiyyata malik ölkəsi sayılan Rusiyanı 2015-ci ildə ressesiya gözləyir. Dünya Bankının məlumatına əsasən, Qırğızıstanın Ümumi Daxili Məhsulunun üçdə biri Rusiyadakı əmək miqrantlarının öz ölkələrinə yolladıqları pulların payına düşür. Heç sübhəsiz ki, Rusiyadakı iqtisadi tənəzzül böyük ölçüdə Qırğızıstana mənfi təsir edəcək. Beləliklə də yeni yaranmış birliyin üzv ölkələri fəaliyyətlərinin ilk ilinə tənəzzülə başlayacaqlar.
(“Business İnsider”)