“Eurovision”da Belarusu azərbaycanlı təmsil edəcək
“Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsinin Belarus milli seçim turunun peşəkar münsiflər heyəti Belarus Teleradio Şirkətində milli seçim turunun iştirakçılarını dinləyərək finalçıları müəyyən edib.
"Xeberinfo.com"; Vyanaya vəsiqə uğrunda mübarizənin final turuna çıxan 15 iddiaçı arasında istedadlı həmvətənimiz, müğənni Günəş də var. Belarus Teleradio Şirkəti ilk dəfə olaraq dinləməni tvr.by rəsmi saytında onlayn rejimdə translyasiya edib. Belarus üçün rekord sayılan internet-translyasiya səkkiz saatdan çox davam edib. Elə ilk saatlarda onlayn translyasiyaya qoşulanların sayı bir neçə minə çatıb. Dünyanın 70-dən çox ölkəsindən, o cümlədən Azərbaycandan olan istifadəçilər Belarus Teleradio Şirkətinin “600 metrov” studiyasında baş verən hadisələri mediaholdinq saytı vasitəsilə izləyib.
Finalçıların çıxışlarının püşkatma mərasimi dekabrın 7-də mediaholdinqdə keçiriləcək.
Müğənni Günəş (Günəş Abbasova) Belarusun Baranoviçi şəhərində anadan olub. Azərbaycan, türk və Belarus dillərində mahnılar oxumağa xoşlayır. Müxtəlif beynəlxalq müsabiqələrdə çoxsaylı mükafatlar qazanıb: “Yantarnaya zvezda-2003” musiqi müsabiqəsinin (Yurmala, Latviya) çərçivəsində gənc ifaçıların beynəlxalq müsabiqəsinin Qran-Prisi, 2005-ci ildə “Slavyanskiy bazar v Vitebske” (Belarus) Beynəlxalq İncəsənət festivalı çərçivəsində gənc estrada ifaçılarının müsabiqəsində ikinci mükafat, “Pesnya qoda Belarusi-2005” televiziya müsabiqəsinin payız mərhələsində qələbə.
Sənətçi dəfələrlə “Eurovision” mahnı müsabiqəsinə Belarus milli seçim turunun iştirakçısı olub. Bu dəfə Günəş özünün bəstələdiyi “I believe in a miracle” (“Mən möcüzəyə inanıram”) mahnısı ilə çıxış edəcək.
Milli seçim turunun finalı dekabrın 26-da birbaşa efirdə televiziya konserti formatında keçiriləcək. Layihənin qalibi Avstriya paytaxtında keçiriləcək “Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsində Belarusun rəsmi təmsilçisi olacaq.