QHT-lər etiraz etdilər
Avropa Parlamentinin prezidenti Martin Şultsun Avropa Parlamentinin plenar iclasında Azərbaycana qarşı qərəzli çıxışı Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin hiddətinə səbəb olub.
"Xeberinfo.com": Ona görə də QHT-lər yekdil bir şəkildə Şultsun qərəzinə kəskin etirazlarını ifadə edirlər. Məsələn, Vətənpərvərliyin təbliği və milli- mənəvi dəyərlərin qorunması istiqamətləri üzrə Azərbaycanda fəaliyyət göstərən 23 QHT də bu barədə birlikdə etiraz bəyanatı yayıblar. Bəyanatda bildirilir: Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışına vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq qəti etirazımızı bildiririk.
Noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında söylədiyi fikirlər ölkəmizin daxili işlərinə qarışmaq deməkdir. M.Şults bununla Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə, antiazərbaycan dairələrlə işbirliyində ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir.
İndiyə qədər M.Şults Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. 25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun cənab Şultsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın,miqrantların və ya Avropa vətəndaşları olan digər dinlərə və millətlərə mənsub insanların ciddi diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir.Eləcə də Şults Azərbaycanın müstəqil milli inkişafı və qüdrətlənməsi, beynəlxalq arenada əldə etdiyi uğurlarla barışa bilmədiyini də ortaya qymuş olur, bununla isə o, antiazərbaycan dairələrin mövqeyilə uyuşan fəaliyyətinə rəvac vermiş olur.
Bütün bunları nəzərə alaraq, biz – aşağıda adları qeyd olunan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri, M.Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik.
Xanlar Ağalarov, Gələcəyə Baxış Sosial Təhlil İctimai Birliyi
Xanlar Məmmədov , “Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi
Ayaz Mirzəyev, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi
İlkin Ağayev, Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
Kamal Məmmədov, Əlil İdmançılara Dəstək ictimai birliyi
Nurlanə Qasımlı, “Humanitar Araşdırmalar” İctimai Birliyi
Xatirə Vəliyeva, “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi
Rövşən Ağamalıyev, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi
Muxtar İmanov, “Folklorçular” İctimai Birliyi
Şərqiyyə Məmmədova, “Maarifçi Qadınlar” İctimai Birliyi
Əzizağa Qənizadə, "Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər" İctimai Birliyi
Nəsimi Həsənov, “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi
Ramil Mirzəyev, Regionların Sosial İqtisadi İnkişafına Dəstək İctimai Birliyi
Sədi Nəbiyev , “Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək ” Xeyriyyə Fondu
Cəlal Əmənov, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi
Rəmzi Yusifov, Kreativ Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi
Hafiz Əzəməmmədov, Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi
Fərid Şahbazlı, “İslahatçı Gənclər” İctimai Birliyi
Çingiz Bayramov, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi
Əliyev Müqamət, Gənc Vətənpərvərlər Birliyi
Azər Həsrət, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyi
Yadigar Məmmədli, Azərbaycan Demokratik Jurnalistlər Liqası
Şahin Nəsrullayev, “Free Person” Insan Hüquqları Müdafiəsi Cəmiyyəti