Meksika Senatında Novruz Bayramı təntənəli şəkildə qeyd olunub -FOTO
Meksika Birləşmiş Ştatlarının Senatı binasında "Beynəlxalq Novruz Bayramı Günü" təntənəli şəkildə qeyd olunub
Yenixeber.org: Tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan Səfirliklərinin dəstəyi ilə keçirilib.
Senatın prezidenti Ernesto Kordero tədbirdə iştirak edən çoxsaylı qonaqları salamlayaraq baharın gəlişi və torpağın oyanmasından xəbər verən, dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edilən, dünya mədəniyyəti qeyri-maddi irsi olan Novruz Bayramını Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan xalqları ilə birgə qeyd edilməsindən məmnunluğunu izhar etdi. O, Meksikanın bu ölkələrlə mədəniyyət sahəsində mübadilənin onlarla münasibətlər, o cümlədən ticari-iqtisadi sahədə əlaqələrə yeni təkan verə biləcəyinə əminliyini vurğuladı. Bu əlaqələri sülh, mehriban qonşuluq, tolerantlıq prinsiplərinə uyğun olaraq daha da inkişaf etdirməyə çağırdı.
Senatın Xarici Əlaqələr Komissiyasının sədri senator Laura Anxelika Roxas Hernandez Novruz bayramının minilliklərlə ölçülən qədim tarixə malik olduğunu, onun YUNESKO tərəfindən dünya qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini, BMT Baş Assambleyasının qərarı ilə beynəlxalq səviyyədə qeyd olunduğunu bildirdi. Novruz Bayramının sülh, dostluq və qarşılıqlı hörmətin təcəssümü olduğunu dedi.
Senatın Asiya-Pasifik ölkələri ilə əlaqələri Komissiyasının sədri senator Teofilo Torres Meksikanın tədbirdə iştirak edən ölkələrlə əlaqələrinin yüksək səviyyədə, dostluq və əməkdaşlıq ruhunda olduğunu məmnunluqla qeyd edərək bu əlaqələrin daha da genişlənəcəyinə ümidini ifadə etdi.
Tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək Novruz Bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini bildirdi. Azərbaycanlı diplomat bu bayramın qonaqpərvərlik, qarşılıqlı hörmət, səmimiyyət, dostluq, mərhəmət və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini qeyd etdi. O, Azərbaycanda müxtəlif mədəniyyət təmsilçilərinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını vurğuladı. Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq edilməsinə böyük töhfə verdiyini qeyd etdi. M.Talıbov eyni zamanda qonaqları Novruz bayramı ilə bağlı Azərbaycanda mövcud olan adət və ənənələrlə tanış etdi. Native Video by Adributor
Tədbirdə həmçinin İran, Pakistan və Türkiyə səfirləri, Gürcüstan Səfirliyinin müşaviri çıxış etdi.
Tədbirdə iştirak edən Səfirliklər adından Meksika Senatına hədiyyə edilən, sülh rəmzi olan zeytun ağacının əkilmə mərasimi keçirildi.
Tədbir zamanı ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar paylanmış, tədbirin çoxsaylı qonaqları Novruz Bayramı ilə bağlı ölkəmizin ənənələri ilə tanış edilmiş, onlara ənənəvi Novruz süfrəsinin şirniyyatları təqdim edilmişdir. Azərbaycan masası qonaqlar tərəfindən xüsusi maraqla qarşılanmışdır.
Eyni zamanda Azərbaycanda Novruz şənliklərini əks etdirən video material və şəkillər nümayiş etdirilmişdir.
Tədbir Meksika KİV-i tərəfindən geniş işıqlandırılmışdır.