Tramp-Rusiya əlaqələri -ABŞ-ın 6 strukturu araşdırma aparır
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və daha beş hüquq-mühafizə, kəşfiyyat strukturu ayladır Rusiyanın Amerika seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsi ilə bağlı təhqiqat aparır.
Xeberinfo.com: Bu haqda “The Chicago Tribune” qəzeti yazıb. Araşdırmanın məqsədi Rusiyanın Trampın seçilməsinə necə dəstək verdiyini, onun qələbəsinə pulla kömək edib-etmədiyini üzə çıxarmaqdır.
Mənbələr bildiriblər ki, təhqiqatda Mərkəzi Kəşfiyyat İdarəsi ilə yanaşı Federal Təhqiqatlar Bürosu, Milli Təhlükəsizlik Agentliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə Şəbəkəsi, habelə milli kəşfiyyatın direktorunun xüsusi nümayəndələri iştirak edirlər.
Məlumata görə xəfiyyələr Kremlin Trampa gizli dəstək vermək üçün pulları hansı yolla köçürdüyünü araşdırırlar. Belə ki, ehtimala görə demokratların elektron poçtunu sındıra xakerlərin pulları Amerikaya köçən rusiyalı pensiyaçılara pensiya ödənilməsi üçün nəzərdə tutulan sistem üzərindən ödənilib. Habelə təxmin edilir ki, pullar əvvəlcə vasitəçilərə ötürülüb, oradan isə hakerlərə ödənilib.
İndi bu təhqiqatın gedişinin xüsusi xidmət orqanlarının Donald Tramp tərəfindən təyin edilmiş yeni rəhbərlərinin dövründə necə davam edəcəyi məsələsi maraq doğurur. Xüsusi xidmət orqanlarının çoxunun rəhbərini Tramp təyin edəcək. Ancaq FTB direktoru Ceyms Kominin yerində qalıb-qalmayacağı hələ məlum deyil. Ceyms Kominin özü seçkilərə az qalmış Hillari Klintonun barəsində təhqiqatı qəfildən bərpa etməklə və daha sonra dayandırmaqla seçki kampaniyasına müdaxilədə ittiham olunurdu.
Bildirilir ki, kəşfiyyat strukturlarının nümayəndələrindən ibarət qrup Trampın qərargahı və onun biznes-imperiyası ilə bağlı olub Rusiya ilə təmaslar quran bir neçə amerikalının fəaliyyətini araşdırır. Ötən həftə Sentada dinləmələr zamanı FTB direktoru Ceyms Komi Rusiyanın haker müdaxiləsi ilə bağlı təhqiqatın aparılmasına dair şərh vermək istəməyib. Digər strukturların nümayəndələri də şərh vermirlər.
Bununla belə BBC xəbər verib ki, hələ seçkilərdən əvvəl-oktyabrın 15-də FTB ABŞ-ın xarici kəşfiyyatın fəaliyyətinə nəzarət üzrə məxfi Məhkəməsindən Rusiyadan göndərilən pullarla bağlı bank infrormasiyalarına çıxış üçün sanksiya alıb. Milli Təhlükəsizlik Xidmətinin keçmiş hüquqşünası, hazırda Brukinsq İnstititunda işləyən Syuzan Hennesi deyib ki, əgər həmin məhkəmədən belə sanksiya alınıbsa deməli müstəntiqlərin əlində tutarlı dəlil var.
Xatırladaq ki, bu günlərdə Trampın Rusiya tərəfindənələ alınmasına dair iddialardan ibarət dosye BuzzFed saytı tərəfindən yayılıb. Həmin dosyeni Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin keçmiş xüsusi agenti Kristofer Stilin hazırladığı bildirilir. Dosyeyə əsasən Moskvanın əlində Trampın seks görüntüləri var. Tramp özü bu məlumatları “saxta xəbər” adlandırıb, Amerika kəşfiyyatını dosyeni sızdırmağa görə kəskin tənqid edib.