Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putinin Suriya kampaniyasına ciddi zərbə:Hələbə baş qarışdı, Palmira əldən getdi

Ötən bazar günü Suriya ordusunun qədim Palmira şəhərindən çəkildiyi rəsmən təsdiqlənib.

Xeberinfo.com:   Xəbərlərə görə Palmira üzərinə İŞİD 4 minlik qüvvə ilə dekabrın 10-da hücuma keçib. Əvvəlcə Rusiya aviasiyasının dəstəyi ilə Suriya ordusu hücumu dəf edə bilib, lakin növbəti həmlə qarşısında davam gətirə bilməyib və bu ilin martında İŞİD-dən azad edilmiş şəhəri yenidən barbar terror qruplaşmasına təhvil verərək geri çəkilib.

Bu, heç şübhəsiz ki, ilk növbədə Rusiyanın Suriya hərbi kampaniyasına çox böyük zərbədir. Həm də imic baxımından dəhşətli zərbədir. Çünki  Rusiyanın 2015-ci ilin sentyabrından bəri Suriyada apardığı, milyardlarla dolların xərcləndiyi və rəsmi olaraq təsdiqlənməsə də muzdluların qismində çoxsaylı itkilərlə müşaiyət olunan hərbi kampaniyanın ən ciddi nailiyyəti Palmiranın azad edilməsi idi. 

 

Bu ilin martında Rusiyanın muzdlu ordusunun və aviasiyasının güclü dəstəyi sayəsində Bəşər Əsədə sadiq qüvvələr xristianlığın məbədlərindən hesab olunan şəhəri, daha doğrusu şəhərin xarabalıqlarını İŞİD-dən azad edəndə Kreml təbliğatı bunu gecə-gündüz təbliğ etməyə başladı. Palmiranın azad edilməsi Rusiyanın hərbi qüdrətinin təsdiqi kimi geniş təbliğ olundu, eyni zamanda təbliğatın əsas istiqaməti buna yönəlmişdi ki, ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyada İŞİD-ə qarşı heç bir ciddi uğur əldə edə bilmir. 

Ancaq Rusiyanın və müttəfiqlərinin nailiyyətləri ortadadır. O, dünya mədəni irsinin ən misilsiz abidələrindən biri olan Palmiranı azad edib və terrorçuları bütün Suriya boyu məlubiyyətə uğratmaqda davam edir. Kreml Palmiranın minalardan təmizlənməsi kampaniyasını da geniş reklam etdi və ümumiyyətlə bu şəhərin İŞİD-dən alınması ötən həftəyə qədər belə Rusiyann Suriya hərbi kampaniyasının nailiyyətlərinin təbliğində başlıca arqumentlərdən biri olaraq qalırdı.

Digər tərəfdən Rusiyanın Suriyanın ikinci ən iri şəhəri Hələbi “Əl-Nüsra Cəbhəsi”, “Azad Suriya Ordusu” qismində mötədil müxalif qüvvələr və digər yaraqlı dəstələrdən təmizləmək üçün aylardır davam edən döyüşlərdən sonra nəhayət nəticə əldə etməyə yaxın olduğu birmənalı şəkildə belə qənaət yaradırdı: Qərb Suriyanı, hətta Yaxın Şərqi Rusiyaya və İrana uduzdu.

Və belə bir vaxtda İŞİD minlərlə döyüşçü, çoxsaylı hərbi texnika cəmləyib Rusiyanı möhkəm pərt edir. Rusiya aviasiyasının güclü hava dəstəyinə baxmayaraq Bəşər Əsədə sadiq qüvvələr şəhərdən qaçır. Virtualaz.org qeyd edir ki, Rusiya rəsmi təbliğatı Palmiranın azad edilməsini nə qədər böyük təntənə ilə təbliğ edirdisə indi şəhərin qəfil itirilməsi qarşısında da eləcə susur. Lakin bu hadisə Rusiyanın hərbi dairələrində ciddi suallara yol açıb.

Ordu generalı, Rusiya Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi Yuri Baluyevski “İnterfaks”a bildirib ki, Palmiranın itirilməsi hərbi planlaşdırmada, o cümlədən Rusiya tərəfində hərbi planlaşdırmada ciddi səhvlərə yol verilməsinin nəticəsidir. Onun sözlərinə görə, İŞİD-in hücumunu əvvəlcədən görmək və buna hazırlaşmaq lazım idi. Lakin heç kim bunu etməyib.

“Bu, imicə böyük zərbədir. O cümlədən bizim imicimizə. Yaraqlıların yerlərində dayanmayacağı aydın idi. Bu gün isə bizim elədiyimiz hərbçi kimi şəxsən mənə aydın deyil, xüsusən də uzunmüddətli humanitar pauzalar”-Baluyevski deyir.

Generalın sözlərinə görə, əhalini atəş altından çıxarmaq üçün humanitar pauzalar lazımdır, lakin bu, həftələrlə davam etməli deyil. Çünki İŞİD bundan istifadə edib qüvvələrini bərpa edir. “Necə olsa da Suriya ordusu düşməni Palmira rayonunda təqib etmliydi. Belə olmalı deyil. Və mənim oradakı həmkarlarım nə işlə məşğul olub, başa düşmək çətindir. Ola bilsin suriyalıların bizimki kimi imkanları yoxdur. Lakin biz hara baxırdıq, əgər onlar Palmiranı alıbsa?”-general sual edir.

Xəbərlərə əsasən Suriya ordusu və Əsədi dəstəkləyən şişə yaraqlı dəstələri hazırda Palmiranın qərb ətrafına çəkilib. Şəhər, o cümlədən ətrafdakı neft yataqları bütünlüklə İŞİD-in əlinə keçib. Bu neft yataqları Suriyanın energetika potensialının əsasını təşkil edirdi.

Rusiya təbliğatçıları şəhərin itirilməsini onunla əsaslandırırlar ki, İŞİD qəfildən böyük qüvvə ilə hücuma keçib. Və Rusiya aviasiyasının dəstəyi hücumun qarşısını almağa kifayət etməyib. Digər tərəfdən Suriya ordusunun döyüş qabiliyyətli hissələrinin böyük qismi hazırda Hələb döyüşlərinə cəlb olunub. Bundan əvvəl də Suriya ordusuna qəfil, ağrılı zərbələr vura biləcəyini nümayiş etdirmiş İŞİD Əsəd qüvvələrinin əsas hissəsinin Hələbə yönəlməsindən məharətlə istifadə edib. Hərçənd ki, İŞİD-in bu hücumunu Hələbdəki yaraqlılara dəstək kimi dəyərləndirmək olmaz. Hələbdə nə “Əl-Nüsra Cəbhəsi”, nə digərləri İŞİD lideri Bağdadiyə biət etməyiblər. Bununla belə tamamilə mümkündür ki, Palmiranın itirilməsi Rusiyaya və Bəşər Əsədə Hələb üzərində tam nəzarəti bərpa etməkdə mane olacaq.

Digər tərəfdən İŞİD-in Palmirada ələ keçirdiyi hərbi qənimət hesabına güclənəcəyi gözlənilir. Çünki Rusiya şəhəri alandan sonra orada xeyli sayda hərbi texnika, silah anbarları yerləşdirilib. Suriya ordusu isə bir qayda olaraq geri çəkiləndə silah-sursatını, hərbi texnikasını atıb qaçır.

Ola bilsin ki, Palmiranın itirilməsinə görə Rusiya Qərbi də günahlandırmağa başlayacaq. Çünki ABŞ-ın başçılıq etdiyi koalisiya əsas səyləri İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsinə yönəldib, Suriyada İŞİD-ə qarşı təzyiqi zəiflədib.

Palmiranın itirilməsi son vaxtlar güclənməkdə olan Əsəd rejimini zəiflədəcək. Çünki Palmiranın ətrafındakı neft yataqlarının İŞİD-in əlinə keçməsindən sonra Suriya neft idxalından asılı vəziyyətə düşəcək. Bu isə Rusiya və İranın büdcəsinə əlavə yük deməkdir. İkincisi, Palmira Suriyanın şərqi ilə qərbini birləşdirən mühüm nəqliyyat qovşağıdır. İŞİD şəhəri tutmaqla qərb istiqamətində böyük hərəkət sərbəstliyi əldə edir və deməli Bəşər Əsədin ordusu terrorçu qruplaşmanın qərbə doğru irəlilməsini dayandırmaq üçün həmin istiqamətə böyük qüvvə cəmləməlidir.

İndi Rusiya və onun müttəfiqləri çox güman ki, əsas diqqəti Hələbin tamamilə nəzarət altına alınmasına yönəldəcək. Çünki Palmiranın ardınca Hələbə hücumun da uğursuzluğa düçar olması, yaxud ləngiməsi böyük iflas olardı. O biri tərəfdən Hələbi almadan Bəşər Əsəd digər istiqamətlərə əlavə qüvvə cəmləşdirə bilməyəcək.

İstənilən halda son hadisələr də göstərir ki, Rusiyanın hava dəstəyi və qurudan məhdud sayda muzdlu rus hərbçiləri, hərbi təlimatçılar müharibənin taleyini həll etməyə kifayət deyil. Digər müharibələrdə olduğu kimi Suriya müharibəsində də qələbəni və ya məğlubiyyəti sonda piyada qüvvələri müəyyən edir. Bəşər Əsədin isə 6 ilə yaxındır davam edən müharibədə əldən düşmüş ordusu kifayət qədər canlı qüvvə cəmləşdirmək imkanında deyil.

Belə vəziyyətdə ya Rusiya bütün stavkanı qoyduğu Suriya kampaniyasının gedişini dəyişdirmək üçün ora böyük sayda hərbi kontingent yeritməli, ya Dəməşqə vəziyyət dəyişdirmək üçün təzyiqləri artırmalıdır. Birinci variant Rusiyanın özünün çoxsaylı canlı qüvvə itkiləri ilə müşaiyət olunacaq və bu da sonra SSRİ-nin üzləşdiyi Əfqanıstan sindromuna gətirib çıxaracaq. İkinci variant isə o deməkdir ki, Dəməşq döyüş qabiliyyətli ordu formalaşdırmaq üçün ölkədə islahatlar aparmalıdır.

Üçüncü variant da var, ancaq bu, az ağlabatandır. Bu variant ondan ibarətdir ki, Rusiya Suriyada İŞİD-i və digər müxalif qruplaşmaları məğlub etmək üçün Qərb koalisiyası ilə müttəfiq olur. Hansı ki, bu variant Bəşər Əsədin hakimiyyətdə saxlanılmasını, Suriyanın isə birmənalı olaraq Rusiya və İranın orbitində qalmasını nəzərdə tutmalıdır. Səlahiyyət müddətinin başa çatmasına bir neçə həftə qalan Obama administrasiyasının bu varianta razı olması mümkün deyil. Hər addımda Putinə rəğbətini ifadə edən Donald Trampın administrasiyasının isə belə əməkdaşlığa hazır olacağını hələ təsdiq etmək olmaz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam