TÜRKİYƏDƏ DƏHŞƏTLİ TERROR AKTI – CANLI YAYIM
“Miliyet” qazetinin hadisə ilə bağlı verdiyi məlumata görə, terror aktında ölənlərin sayı 30-a çatıb.
"Xeberinfo.com": Ankarada huriyyet.com saytına danışan təhlükəsizlik qaynaqları sərhədin digər tərəfində də bir partlayış olduğunu təsdiqləyib. Təhlükəsizlik qaynaqlarından bildirilib ki, digər partlayış Kobani rayonunun mərkəzində baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu qeyd edilib.
Kobanidəki partlayışın Suruçdakı partlayışla eyni anda meydana gəldiyi bildirilib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu partlayış barədə məlumatı daxili işlər nazirindən aldığını bildirib. Musavat.com-un məlumatına görə, bu barədə nazirliyin mətbuat mərkəzindən açıqlama verilib.
Açıqlamada bildirilir ki, baş nazirin müavini Numan Kurtulmuş, daxili işlər naziri Səbahəttin Öztürk, əmək və sosial müdafiyə naziri Faruk Çelik artıq partlayış baş verən bölgəyə gedib.
Türkiyənin Şanlıurfa vilayətində baş verən partlayışda ölü sayı get-gedə artmaqdadır. Bu dəqiqələrə olan məlumata görə hadisə nəticəsində ölənlərin sayı 28-ə çatıb.
100-dən çox adamın isə yaralandığı bildirilir. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
HDP məclis üzvü Orxan Çələbi NTV kanalının canlı yayımına bağlanaraq partlayışla bağlı danışıb. O, partlayışın İŞİD tərəfindən törədildiyini dilə gətirib.
Bölgədəki rəsmi qaynaqlar isə bildirib ki, partlayışı 18 yaşlı gənc kamikadze qadın törədib.
* * *
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, həlak olanların sayının artacağı ehtimal olunur. Hələlik xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, 100-dən çox şəxsin yaralandığı bildirilir.
Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili olan Leyla Güvən isə ölənlərin sayının 100-dən çox olduğunu deyib. O, “Reuters”ə açıqlamasında Amara Mədəniyyət Mərkəzində yerləşdirilən 300 nəfərin arasında sağ qalanın olmadığı iddia edib.
* * *
İlkin məlumata görə, 10 nəfər ölüb, xeyli yaralı var
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb. İlkin məlumata görə, hadisə yerində 10 nəfər ölüb, xeyli sayda yaralı var.
Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur. Partlayıcı qurğu mərkəzin həyətinin girişində işə salınıb.
Qeyd edək ki, Suriyanın Kobani şəhərinə yola düşmək üçün dünən İstanbuldan Şanlıurfaya gedən 300 gənc həmin mərkəzdə yerləşdirilib. Onların hamısı Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) üzvü olub.