Araz Ağalarov ABŞ-ın sanksiyalar siyahısına necə düşdü- təfərrüat
Putinə yaxın oliqarxın Trampla seçkiqabağı təmasları gündəmdə
Yenixeber.org: Xəbər verildiyi kimi, ABŞ Dövlət Departamenti yanvarın 29-da Rusiya hakim elitasının və Kremlə yaxın oliqarxların siyahısını gələcəkdə sanksiyaların tətbiq edilməsi üçün Konqresə təqdim edib. Siyahıda Azərbaycan əsilli Rusiya milyarderlərindən Qod Nisanov, Araz Ağalarov, Fərhad Əhmədov və Vahid Ələkbərov da var.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın dostluq münasibətlərində olduğu Araz Ağalarovun adının sanksiya tətbiq olunacaqlar siyahısına salınması ziddiyyətli qarşılanıb: bir çoxları buna təəccüblənsə də, ötən ilin yayından Rusiyanın Amerikadakı prezident seçkilərinə müdaxiləsi ehtimalı üzrə okeanın o tayında başladılan istintaq prosesini izləyənlər üçün bu, gözlənilən bir addımdır.
Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olub. Ali təhsilini də Bakıda - Politexnik İnstitutunda alıb, bir müddət partiya strukturlarında çalışdıqdan sonra Moskvaya - Həmkarlar İttifaqları Təşkilatında işləməyə gedib. Yenidənqurma dövründə “Zəfəran” adlı kiçik kooperativ yaradıb, sonra bu kooperativ Amerika-Rusiya birgə müəssisəsinə çevrilib. 1990-cı ildə Rusiyada kompüter texnologiyaları üzrə ilk sərgini təşkil edib. Sərgi “Comtech” adlanırdı. 1995-ci ildə onun sərgiləri Las-Veqasda “Comdex” və Hannoverdə keçirilən “Cebit” sərgilərindən sonra dünyada statusuna görə üçüncülük qazanıb. A.Ağalarov sonralar “Comtech”dəki payını bir ingilis şirkətinə sataraq vəsaiti “Krokus Siti” layihəsinə yatırıb. 1991-ci ildə ilk eksklüziv ayaqqabı mağazası açıb. Daha sonra tikinti biznesi ilə məşğul olmağa başlayıb və 1992-ci ildə Moskvanın mərkəzində indi də ən elitar, bahalı ev olan “Ağalarov evi”nin tikintisini başa çatdırıb. Yenə həmin il Rusiyada 66 min kvadratmetr sahasi olan ilk hipermarketi tikib. Bu hipermarketdə eyni vaxtda 400 min adda mal satılır. 2000-ci ildə Moskva dairəvi yolunun üzərində 75 hektar sahəsi olan “Krokus siti” şəhərciyinin tikintisinə başlayıb. Ticarət, əyləncə, biznes və sərgi meydançalarının vahid kompleksdə birləşdiyi “Krokus siti” son onilliyin ən irimiqyasli və maraqlı layihələrindən sayılır.
Araz Ağalarov iqtisad elmləri doktorudur. “Krokus intenəşnl” Şirkətlər Qrupunun prezidenti, “Krokus-Bank” idarə heyətinin sədri, Rusiya istehsalçilar və idxalçilar ittifaqının prezidenti, Moskva Beynəlxalq Bizness Assosiasiyasının və “Opora Rossii” ictimai təşkilatının vitse-prezidenti, “Biznes i vıstavkı” jurnalının baş redaktorudur. “Forbes”ə görə, hazırda iş adamı Araz Ağalarovun sərvəti 1,7 milyard dollar təşkil edir.
Onu da qeyd edək ki, A.Ağalarovun adı Azərbaycanda oğlu Emin Ağalarov ölkə prezidentinin qızı ilə evləndikdən sonra tanınmağa başlayıb. Maraqlıdır ki, A.Ağalarovun Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərinin də məhz bu evlilikdən sonra yarandığı deyilir. Hər halda, Rusiya mətbuatı belə yazır. Elə Ağalarovların adamı hesab olunan rusiyalı vəkilin ABŞ prezidenti Donald Trampın adamları ilə seçkiqabağı görüşünün arxasında da bu yaxınlığın dayandığı bildirilir.
Xatırladaq ki, rusiyalı vəkil Nataliya Veselnitskaya 2016-cı ilin iyununda Nyu-Yorkda - Trump Towerdə oğul Donald Tramp, kürəkən Cared Kuşner və ata Trampın seçki qərargahının rəhbəri Pol Manafordla görüşüb. Görüşdə Trampın rəqibi olan Hillari Klintona qarşı kompromatlar müzakirə olunub. Rusiya baş prokuroru Yuri Çaykanın yaxın adamı sayılan vəkillə bu görüş Amerikada böyük skandala səbəb olub - Rusiyanın prezident seçkilərinə müdaxiləsinin əsas sübutlarından biri hesab edilib. Bu görüş barədə məlumat ötən ilin iyulunda “Nyu-York Times”da oğul Trampın istintaqa verdiyi ifadələr əsasında dərc edilib.
Bəs vəkil Veselnitskayanın Ağalarovlarla nə əlaqəsi var? Məsələ burasındadır ki, bu əlaqə uzunmüddətli əməkdaşlığa əsaslanır. Belə ki, N.Veselnitskaya uzun müddət ABŞ-da Ağalarovların - yəni “Crocus Group”un vəkili işləyib. Dünya mətbuatı görüş barədə yazarkən diqqəti ilk növbədə məhz bu fakta yönəldib. Bildirilib ki, A.Ağalarov oğlunun evliliyi, həmçinin Vladimir Vionkur vasitəsilə Putinə yaxınlaşa bilib. Vinokur isə bu “yaxşılığının” əvəzində Ağalarova olan 4 milyon dollarlıq borcunu ödəməkdən azad olub.
Beynəlxalq KİV-lər Ağalarovun məhz Putinə yaxınlaşdıqdan sonra Rusiyada irihəcmli dövlət sifarişləri aldığına diqqət çəkib. Bu sifarişlər Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı sammiti üçün Uzaq Şərq Universitetinin, Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün 2 stadionun tikintisidir. Düzdür, A.Ağalarov özü müsahibələrində dəfələrlə təkrarlayır ki, dövlət sifarişlərini heç bir xeyir götürmədən icra edir, lakin aydın məsələdir ki, bütün biznesmenlər kimi o, da gəliri olmayan işə uzağı bir dəfə girişə bilər.
Ağalarovların seçkiqabağı dövrdə Trampla əlaqələrini təsdiqləyən daha bir faktı yenə oğul Tramp açıqlayıb. O, özünün twitter hesabında keçmiş musiqi şərhçisi olan Rob Qoldstounla 2016-cı ilin iyununda apardığı yazışmalarını yayıb. Daha sonra isə məlum olub ki, həmin Qoldstoun Emin Ağalarovun PR meneceridir.
Qoldstounun yazdıqlarından belə məlum olur ki, Ağalarovlar ailəsi Tramplara “Rusiyanın dövlət prokuroru”ndan onlara verilmiş Klinton əleyhinə kompromatlarla tanış olmağı təklif ediblər. Kompromatları isə Tramplara N.Veselnitskaya çatdırmalı imiş. Kiçik Tramp bəyan edir ki, görüş baş tutub, lakin N.Veselnitskaya onlara hansısa kompromat təqdim etmək əvəzinə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından, yetimlər haqqında qanundan danışıb.
Maraqlıdır ki, dünya mətbuatında Ağalarovun əlində Trampa qarşı materialların olduğu, buna görə də onu görüşə razı sala bildiyi iddiaları da yer alır. Dünya mətbuatının yazdığına görə, Ağalarov nəinki D.Trampın köhnə biznes ortağı, həm də Kremlin ən etibarlı oliqarxlarından biridir. Hətta bəzi mənbələr Trampı Putinlə məhz onun tanış etdiyini deyirlər.
Ağalarovların Trampla tanışlığının isə Eminin öz klipinə qəhrəman axtarışı ilə başladığı deyilir. Bu axtarışların nəticəsi olaraq “Dünya gözəli - 2012" Eminin klipinə çəkildi, Ağalarovların Trampla dostluğunun əsası qoyuldu. Onlar müsabiqənin ”Crocus City" Hallda keçirilməsi barədə 7 milyon dollarlıq razılığa gəldikdən sonra isə Tramp twitter vasitəsilə Putini də tədbirə dəvət etdi. Lakin Putini tədbirdə işlər müdiri Vladimir Kojin təmsil etdi. Putinin özü isə Trampla telefonla danışıb, daha sonra ona Nyu-Yorka hədiyyə göndərib. Yeri gəlmişkən, tədbirin VİP qonaqları arasında Kremlin yaxın adamlarından olan yumorist Vladimir Vinokur da vardı.
D.Tramp prezident seçiləndən sonra Ağalarovlarla Tramp ailəsi arasındakı münasibətlər barədə Eminin “Forbes”ə müsahibəsi də xeyli müzakirələrə səbəb olub. Belə ki, həmin müsahibədə Emininin dediyi “İndi-seçilib və qalib gələndən sonra da Tramp öz dostlarını unutmur” cümləsi uzun müddət dünya mətbuatında müzakirə olunub.
Həmin müsahibədən aydın olur ki, Tramp seçki prosesinə qoşulmasaydı, o və atası Rusiyada Tramp qülləsi tikməyə başlayacaqdılar. Lakin Donaldın seçki marafonuna qoşulması planın yarımçıq qalmasına gətirib çıxarıb.
Göründüyü kimi, A.Ağalarovun adının ABŞ-ın sanksiya paketində görünməsi üçün yetərli səbəblər var. Və bu səbəblər barədə məlumatlı olanlardan kimsəyə siyahı gözlənilməz görünmür...