TEZ-TEZ DƏRSDƏN QALAN, 12 YAŞINDA SİYASƏTƏ ATILAN ANCEY DUDA…-Polşa skautlarının lideri necə prezident oldu?
Polşa prezidenti Ancey Sebastyan Duda 16 may 1972-ci ildə Krakov şəhərində ziyalı ailəsində anadan olub. Atası Yan Tadeuş texniki elmlər, anası Yanina Milevska-Duda kimya üzrə professor idi. Gələcək prezidentin babası sovetlərlə Polşa arasındakı 1920-ci il savaşında iştirak etmiş, Qırmızı orduya əsir düşmüşdü. Əsirlikdən qaça bilmədiyi üçün İkinci dünya müharibəsində Krayova ordusunun sıralarında alman işğalına qarşı vuruşmuşdu.
Yenixeber.org: Ancey Dudanın özündən kiçik iki bacısı var – Anna və Dominika. Əmisi Aleksandr Duda son onilliklər boyunca siyasətlə məşğul olub. Prezident seçiləndən sonra sevincini bölüşmək üçün Andrey Dudanın ilk zəng etdiyi şəxslərdən biri məhz əmisi olmuşdu.
«Bir vaxtlar kimsə desəydi ki, “kolyaskada” Polşanın gələcək prezidentni gəzdirirəm, düşünərdim ki, mənimlə zarafat edir”, – deyə Aleksandr Dudo müsahibələrinin birində demişdi.
Polşa prezidentinin özünün etiraf etdiyinə görə, məktəbdə çalışqan şagird olmayıb. Tez-tez dərsdən qalır və müəllimlərdən xəbərdarlıq alırdı.
Lakin gələcək prezident çox mütaliə edirdi. Ən çox sevdiyi Polşa yazıçısı, Nobel mükafatı laureatı Henrik Senkeviçin, sovet yazıçısı Mixail Bulqakovun, çexiyalı yazıçı Milan Kunderanın, Britaniya yazıçısı Con Tolkinin əsərləri idi.
Ancey Duda siyasətə 12 yaşında maraq göstərməyə başlayıb. Həmin vaxt “Boyskautlar klubuna” üzv olur. Formal olaraq klub qanuni dövlət strukturu idi. Lakin təşkilatın üzvləri xatırlayır ki, klub faktiki olaraq siyasi rejimdən narazı qüvvələrin birliyi idi. Duda bir neçə il sonra klubun lideri olmuşdu.
“Skaut” sözü polşalılar üçün xüsusi məna kəsb edir və vətənpərvərlik, dürüstlük, özünü fəda etməyə hazır olmaq kimi, assosiasiya olunur. 1944-cü ildə məhz skautlar (aralarında gənc oğlanlar da vardı, gənc qızlar da) Polşa üçün savaşmış və həyatlarını itirmişdilər. Bu qəhrəmanlıq səlnaməsi Polşa xalqının yaddaşında silinməz izlər buraxıb.
1989-cu ildə – 17 yaşında ikən Duda üzərində “Solidarnost”ın simvolları olan köynəkdə gəzirdi. İlk azad seçkilər zamanı vərəqələr paylayır və təşviqat aparırdı. Baxmayaraq ki, həmin vaxt özünün səsvermə hüququ yox idi.
Duda 1996-cı ildə Yagellon universitetinin hüquq fakültəsini başa vurur. 1997-ci ildə universitetdə magistr dərəcəsinə sahib olur və sonrakı on il ərzində müəllim kimi fəaliyyət göstərir.
2005-ci ildə doktorluq dissertasiyasını müdafiə edir və elə həmin vaxt dövlət qurumlarının diqqətini cəlb edir. Növbəti iki ildə Ədliyyə Nazirliyində dövlət katibinin müavini vəzifəsini tutur. Sonra da prezidentin katibliyində çalışır.
2010-cu ildə Krakov meri olmaq üçün seçkilərdə iştirak etsə də, səslərin 22 faizini toplayaraq üçüncü yeri tutur.
2010-cu ildə içərisində Polşa prezidenti Lex Kaçinskinin də olduğu Tu-154 təyyarəsi Smolensk ətrafında qəzayauğrayır.
Ölkənin yeni prezidenti Bronislav Komorovski olur. Duda isə Krakova geri qayıdır. 2011-ci ildə Duda Seymin deputatı olur. Avropa Parlamentindəki karyerası inkişaf edir – mühafizəkarların və islahatçıları fraksiyasında çalışır.
Duda qərara gəlir ki, Polşanın taleyi üçün məsuliyyəti üzərinə götürmək vaxtı gəlib çatıb. Onun prezident postuna namizədliyini irəli sürmək istədiyi gündəmə bomba kimi düşür. Bu barədə “Hüquq və ədalət” partiyasının sədri Yaroslav Kaçinski məlumat verir. Kaçinçki yerini Dudaya verərək kölgəyə çəkilməyə qərar verir.
2015-ci ildə “Hüquq və ədalət” partiyasından namizədi kimi, prezident seçkilərinin ikinci turunda o vaxtkı prezident Bronislav Komorovskiyə qalib gəlir. Partiyanın konsepsiyasına əsasən, sağlam cəmiyyəti saxlayan üç sütun var – ailə, iş, təhlükəsizlik…
Duda özünün seçki kampaniyasında məhz bu dəyərləri önə çəkir.
Ancey Duda xanımı və qızı ilə
Ancey Duda gələcək həyat yoldaşı Aqata ilə yeniyetmə yaşlarında, Krakovdakı tədbirlərdən birində tanış olub. Həmin vaxt tədbirə müxtəlif məktəblərdən şagirdlər gəlmişdi.
O dövr üçün qeyri-adi görünən – əynində cins gödəkçəsi olan qız dərhal Anceyin diqqətini çəkir. Məlum olur ki, Aqata şair və tərcüməçi Culian Koxnauzerin qızıdır. Koxnauzer 70-ci illər Polşasında ən tanınmış ədəbiyyatçılardan idi.
Gənclər qısa zamanda dil tapırlar və hələ tələbə ikən ailə qururlar. Bir il sonra isə qızları Kinqa dünyaya gəlir.
Aqata həyat yoldaşının qızğın siyasi həyatına tez alışır. Dediyinə görə, Dudanın gərgin iş qrafikini normal qarşılayır. Özü isə ictimaiyyət arasına çox çıxmağı xoşlamır.
«Sizin gözləntilərinizi doğrultmağa və yaxşı birinci ledi olmağa çalışacağam”, – deyə Aqata Duda həyat yoldaşı prezident seçilərkən demişdi.
Ancey Duda prezident seçilərkən Aqata alman dilindən dərs deyirdi. Keçmiş şagirdləri onu öz peşəsinə ürəkdən bağlı olan, tələbkar və ciddi müəllim kimi xatırlayırlar.
Qızları Kinqa atasının yolunu davam etdirməyə qərar verib. O da Yagellon universetində hüquq təhsili alıb. Kinqa seçkinin birinci turu ərəfəsində verdiyi müsahibəsi ilə məşhurlaşmışdı. Həmin vaxt o bildirmişdi ki, Ancey Dudaya atası olduğu üçün yox, dürüst insan olduğu üçün səs verəcək.
Uşaq vaxtlarında olduğu kimi, Polşa prezidenti indi də mütaliəni çox sevir. Ən çox tarixi romanlar oxumağı xoşlayır.
Dağlarda gəzmək, xizək sürmək sevdiyi məşğuliyyətlərdəndir. Gənclik illərində hətta xizək sürmə üzrə çempionata da qatılıb. Qızı Kinqa da onun kimi xizək sürmək həvəskarıdır.
Katolik olan Duda dinin onun üçün çox vacib olduğunu, lakin özünü nümunəvi xristian hesab etmədiyini deyir.
Dini bayramları ailəsi ilə birgə doğma Krakovdakı məbədlərdə keçirməyi sevir. Mətbuatın yazdığına görə, prezident Duda kilsə tədbirlərində daha çox olur, nəinki ayrı-ayrı dövlət tədbirlərində…Tərcümə Strateq.az-ındır