Bakı Nəqliyyat Agentliyinin sədr müavini Elçin Mustafayevin sahibi olduğu “Econ” şirkəti ilə bağlı internet üzərindən araşdırma aparmışıq. Bu monitorinqə zərurət şirkətin 150 fəhləni işlədib sonra maaşlarını verməməsi barədə şikayətin tirajlanmasıdır.
Yenixeber.org: Ötən il Bakının inzibati ərazisində piyada səkiləri və eynisəviyyəli piyada keçidlərində pandusların təşkili işləri üçün tender keçirilib.
Tenderin qalibi Elçin Mustafayevin faktiki sahibi olduğu “Econ” şirkəti olub. Həmin işlər görülüb. Dövlət büdcəsindən 2 milyondan artıq vəsait bu məqsədə sərf olunub.
Amma iş icraçısı Ricat Arif oğlu Şeyxəliyevin pulu bu günə qədər verilməyib. Musavat.com-a üz tutan iş icraçısı deyib ki, Elçin Mustafayev müxtəlif şəxslərin arxasında gizlənməklə onun pulunu ödəməkdən yayınır, 150 fəhlənin pulunu vermir.
Ancaq adıçəkilən şirkətin maxinasiyaları bununla məhdudlaşmır. Rəsmi xəbərdə də bildirilir ki, BNA-ya bu il dövlət büdcəsindən 46 milyon manat ayrılıb.
Bunun 98,4%-i ilin sonuna qədər istifadə edəcək. Bu vasitələrin çoxunun hansı məqsədlər üçün istifadə edildiyi bilinmir. Bəzi hallarda “keçmişi olmayan” şirkətlərə böyük vəsaitlər ayrılır.
Məsələn, 29 noyabrda BNA “Econ” şirkəti ilə 2 milyon 664,7 min manat məbləğində müqavilə imzalayıb.
2012-ci ildə yaradılan və ictimaiyyətin haqqında heç bir məlumatı olmadığı bu Sumqayıt şirkəti səkilərin və piyada keçidlərinin pandusları ilə məşğul olub.
Əslində, 46 milyonun da hara getdiyi məlum deyil. Faktiki olaraq, bu qurumun gördüyü işlər ictimai nəqliyyatda heç bir nizam-intizam yaratmayıb. Əksinə, problemlər xirtdəyə qədərdir.
2005-ci ildə neft pullarının böyük axınınından sonra ölkədə modern infrastrukturun qurulması istiqamətində bir neçə layihəyə start verildi. Milyonlarla dəyəri olan bu layihələrdən biri də Nəqliyyatı İntellektual İdareetmə Mərkəzi oldu.
Böyük kapital tələb edən, bir çox avropa dövlətlərində olmayan Nəqliyyatı İntellektual İdareetmə Mərkəzinin təməlinin qoyuluşundan sonra burada baş verən ciddi qanun pozuntularının-yeyintilərin olduğu barədə tutarlı ittihamlar səsləndirilməyə başladı.
2010-cu ildə mərkəzin tikintisinə başlanarkən heç bir tender keçirilmədən tikinti işləri ölkənin ən böyük holdinqlərindən olan "ZQAN” holdinqə verildi.
Qeyd edək ki, 2013-cü ildə qəfil adını dəyişərək "QARANT” holdinqə çevrilən "ZQAN” holdinq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova aiddir.
Ona görə də, Nəqliyyat nazirliyinin tikintisinə nəzarət edəcəyi dəyəri ilk zamanlar 77 sonra isə 94 milyon manat olan (o zamankı ekvivalentlə 120 milyon dollar) nəhəng layihənin Nəqliyyat nazirinin oğlunun şirkətinə verilməsi ciddi şübhələrə əsas yaratdı.
Məlumata görə, NİİM-nin bir çox maxinasiyaları var ki, bunlardan biri də Bakı Nəqliyyat Agentliyi ilə edilən "əməkdaşlıqdır”.
Belə ki, guya fəaliyyətləri- mexanizmləri NİİM tərəfindən təhlil olunaraq "nöqsanlar” aşkarlanan sərnişindaşıma ilə məşğul olan şirkətlərin adları Bakı Nəqliyyat Agentliyinə ötürülür. Sonuncu isə həmin şirkətin ünvanına-qarajlarına gedərək mütəmadi "yoxlamalar” aparırlar.
Burada məqsəd əslində qismən zəif qorunan sərnişindaşıma ilə məşğul olan sahibkarların bu sektordan sıxışdırılaraq çıxarılmasıdır.
Məlumata görə, əslində paytaxt sərnişinlərində ən çox narazılıq doğuran marşrut xəttlərində (202, 133, 49, 225 və s.) fəaliyyət göstərən şirkətlərdə isə indiyədək heç bir monitorinq aparılmayıb. Səbəb isə bu şirkətlərin arxasında daha böyük vəzifə sahiblərinin olmasıdır.
Məlumat üçün qeyd edək ki, Vüsal Kəimlinin əmisi oğlu Amil Kərimov BNA-nın tabeçiliyində olan "BakuBus” şirkətində mühim vəzifə daşıyır və faktiki olaraq qurum onun nəzarətindədir. Bu avtobusların şoferləri isə köhnələrə şükür etdirir.
Camal Kərimov isə yenə onun yaxın qohumudur və marşrut xətlərini qeyri-rəsmi olaraq bu şəxs "paylayır”. V.Kərimli həmçinin həmkəndlisi Zəminə Məhərrəmovaya da vəzifə verərək öz kadrlarının seçimini ona həvalə edib.(cahan.info)