14 İLƏ QURULAN MÜƏSSİSƏLƏR 3 İLDƏ ƏLƏ KEÇİRİLİB! –Milyardlıq talan
Dövlətin əmlakını alanların kimliyi “dövlət sirri” kimi saxlanır
Yenixeber.org: Bu ilin yanvar ayında vaxtilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB ASC) kreditləri hesabına maliyyələşən bir xeyli şirkət satışa çıxarıldı. “Azərbaycan Sənaye Korporasiyası” ASC (“ASK” ASC) 18 kommersiya hüquqi şəxsin əmlakının bazar dəyərinə uyğun qiymətləndirilməsi məqsədi ilə açıq tender elan etdi. Bunlar – “Şəki-İpək”, “Kainat”, “İnter Textile”, “Mingəçevir İzolit”, “Azəralüminium” açıq səhmdar cəmiyyətləri, “Aqroinvestkom”, “İnter Tobakko”, “Şəki Aqro İndastriz”, “Şəki Kərpic”, “Pərvanə”, “Bakı Glass”, “General Konstrakşn”, “Steel Structures”, “İnter Peşəkar İdman Klubu”, “CTS Agro” məhdud məsuliyyətli cəmiyyətləri, “BOT” Ayaqqabı Fabriki, “Det-Al Alüminium” və ”Det-Al Metal D“ şirkətlərinin Azərbaycandakı nümayəndəliyi idi.
“Vaxt darlığı”ndan elan olunan tenderdən imtina etdilər
Ancaq az keçmədi ki, nəzərdə tutulan qiymətləndirmə üzrə tenderin ləğv olunduğu bildirildi. ASC-nin əməkdaşı Fərhad Ələkbərov deyib ki, “sonradan tenderin çox vaxt aparacağı nəzərə alınıb və qiymətləndirmə üçün başqa qanuni yollardan istifadəyə qərar verilib”. Qiymətləndirmənin təxirə salınmasında “tenderin çox vaxt aparacağı” ilə bağlı izahat səmimi deyil. Bu qədər vacib idisə, həmin müəssislər ABB-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həbsindən sonra da satışa çıxarıla bilərdi və daxil olan vəsait borc əvəzinə banka mədaxil edilərdi. Baxmayaraq ki, bunun özü də qanunsuzdur, məhkəmə qərarı olmadan əmlakın götürülməsi müsadirə deyil, əmlaka “əl qoymaq”dır. “Qiymətləndirmə üçün başqa qanuni yollardan istifadəyə dair qərar”a gəlincə, bunun nədən ibarət olduğu açıqlanmayıb və “başqa qanuni yol” dedikdə də nəyi nəzərdə tutduqları barədə ipucu verməyiblər.
Bəlli ki, bu şirkətlər artıq tendersiz də balansdan çıxarılıb. Əvvəlcə ayrı-ayrı fiziki şəxslərin adında olan müəssisələrin, C.Hacıyevin həbsindən sonra dövlətin balansına keçirildiyi bildirilmişdi. Həmin şirkətlər üç ildə necə işləyib, kimə işləyib, bu, ayrı mövzudur. Onların dövlətin büdcəsinə pul qoyduqlarını düşünmək sadəlövhlük olar. İndi də guya ki, qanuni yolla dövlətsizləşdirirlər. Amma proseslər qeyri-şəffaf aparılır, alanların kimliyi, satış qiyməti açıqlanmır. Əslində, açıqlanması mümkün də deyil, çünki nizamnamə kapitalı milyonlar təşkil edən bu müəssisələri bizdə leqal şəkildə alacaq, bəzi iri şirkətlər istisna olmaqla, rəsmi milyonçu yoxdur. Ona görə də kənardan birini gətirib alıcı sifətində şirkətlərin başında oturtmaq daha məqsədəuyğundu.
Bir nəfər eyni gündə 200 milyonluq 7 şirkət “yaratdı”
2017-ci ilin oktyabrında “Vergilər” qəzetinin xüsusi buraxılışında gedən elana görə, bir ünvanda 7 şirkət qeydiyyata alınıb. “Şəki Ət və Süd Məhsulları” MMC (nizamnamə kapitalı 9,028 mln. manat, qanuni təmsilçisi Asif Məhəmmədov, Müşahidə Şurasının (MŞ) üzvləri Orxan Mədətli, Sənan Piriyev, Vüqar Yaqubov), “Şəki Kərpic İstehsalı” MMC (nizamnamə kapitalı 21 mln. 577,5 min manat, qanuni təmsilçisi Tahir Alıyev, MŞ üzvləri Vüqar İbrahimli, Fəxrəddin Gəncəmalıyev, Ağamir Babayev), “Şəki Heyvandarlıq” MMC (nizamnamə kapitalı 18 mln. 415,5 min manat, qanuni təmsilçisi Elşən Ağalarov, MŞ üzvləri Rauf Qarayev, Vüqar Yaqubov, Samir Osmanov), “Mingəçevir İzolit” MMC (nizamnamə kapitalı 14,855 mln. manat, qanuni təmsilçisi İsmayıl Məmmədov, MŞ üzvləri Hidayət Sultanov, Rəşid Məmmədov, Ağababa Muradov), “Azərtütün” MMC (nizamnamə kapitalı 30 mln. 111,978 min manat, qanuni təmsilçisi Fazil Rüstəmov, MŞ üzvləri Nəcbəddin Sofiyev, Hidayət Sultanov, Məhəmmədəli Əfəndiyev), “Şəki İpək İstehsalı” MMC (nizamnamə kapitalı 37,550 mln. manat, qanuni təmsilçisi Nizami Qəribov, MŞ üzvləri Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov), “Azərpambıq” MMC (nizamnamə kapitalı 82 mln. 343,854 min manat, qanuni təmsilçisi Tural Eyvazov, MŞ üzvləri Vüqar Yaqubov, Məhəmmədəli Əfəndiyev, Zakir Əzimov) eyni gündə – iyulun 17-də dövlət qeydiyyatından keçib. Hüquqi ünvanları da birdir: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033.
“Qlobus Plaza” türk iş adamına verilib
Göstərilən ünvan “Qlobus Plaza” biznes-mərkəzinindir və burada qeydiyyata düşən müəssisələrin nizamnamə kapitalı üst-üstə 200 milyon manatdır. Xatırladaq ki, “Qlobus Plaza”nın sahibi, sabiq deputat Dünyamin Xəlilovun adı “Beynəlxalq Bank işi”ndə keçirdi, o, maliyyə maxinasiyasında, işçilərinin adına iri məbləğdə kreditlər rəsmiləşdirməkdə ittiham olunurdu.
Həbsindən sonra mərkəzin satışa çıxarıldığı və türkiyəli iş adamına satıldığı barədə məlumatlar dərc edilib. Xəlilov həm də “İnter Tekstil”ə nəzarət edib, “Kondor Qrup” MMC və “General Konstrakşn” şirkəti də onun adı ilə bağlı olub.Biznes-mərkəz satıldığına görə, o ünvanda yaradılan müəssisələrin sahibi də həmin mərkəzi alan biri olmalıdır. Yəni, adıçəkilən müəssisələr dövlətin balansından çoxdan çıxarılıb. C.Hacıyevin qurduğu müəssisələrin adları dəyişdirilərək qeydiyyatdan keçirilib və ya həmin şirkətlərin əmlakları bir şəkildə onların balansına ötürülüb.Tender barədə söylənənlər isə proseslərin qanun çərçivəsində getdiyinə xalqı inandırmaq məqsədi güdür.
“BOT”un da əmlakı yeni qeydə alınan “Bakı Ayaqqabı”ya ötürüldü
Eyni gündə adı “Bakı Ayaqqabı” olan MMC də Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 53, nizamnamə kapitalı 11,5 mln. manat, qanuni təmsilçisi isə Həsənəli Şahverdiyev göstərilir.
Fəaliyyətinə Bəhruz Camalov, Malik Nəsirov və Cahangir Kərimovun daxil olduğu MŞ nəzarət edir. İddiaya görə, şirkətin yaradılmasında məqsəd ABB-yə borc müqabilində girov qoyulmuş və ayaqqabı istehsalı ilə məşğul olan “BOT” əmlak kompleksini idarə etməkdir və bildirilir ki, müəssisə hazırda Bankın problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC-nin balansındadır.
Qeyd edək ki, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının MŞ sədri Ziyəddin Allahverdiyevdir. Cənab Allahverdiyev Maliyyə Nazirliyi Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiridir, o, eyni zamanda ABB-nin Audit Komitəsinin sədridir. Yuxarıda adı çəkilən C.Kərimov “Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin müavinidir. M.Nəsirov da eyni vaxtda həm “Şəki İpək İstehsalı”, həm də “Bakı Ayaqqqabı” mmc-lərin MŞ üzvüdür. Vüqar Yaqubov, Hidayət Sultanov da iki-üç təşkilatın Müşahidə Şurasındadırlar. Eyni adamların bu şirkətlərin əksəriyyətinin rəhbərliyində müxtəlif statuslarda təmsil olunmaları müəssisələrin, satıldıqları təqdirdə belə, hələ də bir mənbədən idarə olunduğunu söyləməyə əsas verir.
Dəyəri milyonlarla ölçülən alışlar tenderdən yayındırılıb
Adları çəkilən şirkətlərin nizamnamə kapitalı ümumilikdə 210,5 milyon manat təşkil edir. Hər bir müəssisənin ayrılıqda nizamnamə kapitalı milyonlarla ölçülür. Qanunvericiliyin tələblərinə görə, dövlət orqanları tərəfindən alınan mal və ya xidmətlərin dəyəri 50 min manatdan yuxarıdırsa, tender predmeti olmalıdır. Maliyyə Nazirliyinin Kollegiyasının 20 may 2013-cü il tarixli qərarına əsasən, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50 min, kotirovkalar sorğusu üsulu ilə aparılması üçün isə 5 min manat müəyyən edilib. Satın alınan xidmətlərin ümumi qiyməti 10 min manatdan çox olduğunda bu barədə bildiriş, beynəlxalq miqyaslı mətbu orqanda dərc edilir.
Müəssisələri iflic edib, sonra ələ keçiriblər
“Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”nın 4-cü, “hərracın keçirilməsi qaydası” maddəsinin 4.6. bəndinə əsasən, dövlət əmlakının satışı üzrə keçirilən ilk iki hərracda əmlak satılmadıqda, üçüncüdə qiyməti start qiymətinin 10, dördüncüdə 25, beşinci hərracda 50 faizi həcmində aşağı salınır. Satılmayan dövlət müəssisələri ləğv edilir və onun əmlakı ayrı-ayrılıqda həmin qaydada hərrac vasitəsilə satılır. Beləcə, obyektlərin qiymətləri “öldürülür”, sonra dövlətin nəzarətindən çıxarılır. Nə hikmətdirsə, çox vaxt əmlaklar sonuncu mərhələdə yeni sahibinə “qovuşur”. Məqsəd – təbii ki, əmlakın dəyərini aşağı salmaqla əldə etməkdir. Bununla yanaşı, uzun müddət istifadəsiz əmlaklar da fiziki cəhətdən köhnəlir, müəssislər iş qabiliyyətini itirir, borcları yaranır. Beləliklə də qiyməti aşağı salmaq üçün bu şəkildə zəmin hazırlanır. Həmin müəssislərin çoxunun əmlakı kredit əvəzinə banka girov şəklində qoyulmuşdu. Amma onların cənab Hacıyevin həbsindən dərhal sonra satılmaması müəmma təşkil edir. Cahangir Hacıyevin 14 ilə qurduqlarını 3 ildə dağıdıblar
Tender şərtlərinə görə, iddiaçının bazarda ən az 3 il iş təcrübəsi olmalı, son 1 ilin maliyyə vəziyyəti haqqında arayış, tender təklifinin təminatını təsdiq edən sənəd (bankın təminatı), vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış verməli, müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə, texniki imkan və biliklərə malik olmalıdır və s. Bizdə tenderlər çox vaxt rəqabətsizlik şəraitində, bir şəxsin iştirakı ilə keçirilir, əmlak qabaqcadan razılaşdırılmış müştəriyə satılır. Bu yola da əl ata bilərdilər, amma şirkətlər dövlətin yaratdığı qurumun balansına verildiyinə görə, yəqin ki, nə vaxtsa rəsmi hesabatlardan yayına bilməyəcəklərindən çəkiniblər. Ən salamatı əmlakları hərracda satmaqdır ki, bu variantda çeşidli fırıldaqlar mövcuddur. Ya da elə vergidə yeni adla qeydiyyatdan keçməklə də canlarını qurtarıblar.
Bankiri “içəri” göndərənlər fürsəti fövtə verməyiblər
Müəssisələrin çoxu artıq bir şəkildə verilib. Vaxtilə 700 milyon dollar sərmayə qoyulan “Azərbaycan Metanol” Zavodu (“AzMeCo”) SOCAR-ın mülkiyyətinə keçib.
Uğurlu layihələrdən “Bakı Fındıq Emalı” Zavodu (“BakFem” MMC) ABB-dən götürdüyü 60 milyon manat kredit borcuna görə adı açıqlanmayan birinə 38 milyona satılıb – qoyulan sərmayədən ikiqat ucuz qiymətə.
Fuceyra Əmirliyindəki “İntertekstil” və “İnterstil” zavodlarının da real qiymətindən 30 faiz aşağı satın alınması üzrə danışıqlar barədə xəbərlər vardı.
Abşeron rayonunun Novxanı kəndindəki şərab istehsalı müəssisəsi – “Fireland Vineyards” əmlak kompleksi yeni sahibindədir.
Satılanlar arasında Zaqatala rayonundakı “Stimul” ticarət və xidmət müəssisəsi, Mingəçevir şəhərindəki “Mingəçevir İzolit”, Şəkidəki “Kainat” və “Şəki Kərpic” əmlak kompleksləri, eləcə də Gürcüstanın Samqori rayonundakı “Qafqaz-Beton 2007” beton istehsalı müəssisəsinin adı çəkilib. “Şəki ət Kombinatı”nın mal-qarası da satışa bazar dəyərindən dəfələrlə ucuz təklif olunub.
Hacıyevin “içəri”də olmasından faydalanan qüvvələr bahalı əmlakları ələ keçirməkdən ötrü fürsəti fövtə verməyiblər və onun 14 ildə qurduqlarını 3 ildə dağıdıblar. İfşa olunmamaq üçün də alıcıların kimliyi “dövlət sirri” kimi saxlanır.
R. Əliyev
AzPolitika.info