Əsgəran-Ağdam istiqamətindəki hərbi hissədə qeyri-insani şərtlər, işgəncələr və...-RƏZALƏT
Azərbaycanın işğal altındakı ərazilərindəki erməni hərbi hissələrindən birində hökm sürən qeyri-insani şərtlərə dözməyib qaçan hərbi qulluqçuya işgəncə verilib, alçaldılıb. Bu barədə erməni KİV-ləri yazır.
Yenixeber.org: Forrights.am saytının yazdığına görə Ermənistandan olan hərbi qulluqçu, müqavilə əsasında xidmət keçən Edqar Akopyan dəfələrlə “dqr müdafiə ordusu” ilə bağladığı müqaviləni pozmağa çalışıb. Lakin hər dəfə komandir onu döyüb, alçaldıb və “tərbiyə məqsədli” işgəncələr verib.
Bildirilir ki, Akopyan Əsgəran-Ağdam istiqamətindəki hərbi hissələrdən birində xidmət edib. O, hərbi hissədəki qeyri-insani şərtlərə dözməyərək elə xidmətin ilk aylarında böyrək xəstəliyi qazanıb, səhhəti ilə bağlı döyüş növbətçiliyinə çıxa bilməyib və dəfələrlə bu barədə hərbi hissənin komandirinə yazıb. Lakin hər dəfə komandir hərbi qulluqçunun ərizəsini cırıb atıb və Akopyanı zorla səngərə göndərib.
Nəticədə Akopyan dözməyərək hərbi xidmət yerini özbaşına tərk edib, ancaq onu İrəvanda tutub geri qaytarıblar və hərbi hissədə komandir, habelə hərbi polis, o cümlədən şəxsən istintaq şöbəsinin rəisi Akopyana işgəncələr verib, onu alçaldıb.
Maraqlıdır ki, qondarma “dqr müdafiə nazirliyi” Akopyanın döyülməsini və işgəncələrə məruz qalmasını təsdiq edib. Lakin bunu hərbçinin “intizamsızlığı” ilə əsaslandırıb.
“İlk dəfə Akopyan 2017-ci il noyabrın 11-də xidmət yerindən qaçıb. Noyabrın 13-də hərbi polis onu tutub hərbi hissəyə qaytarıb, orada hərbi hissənin komandiri Akopyanla “tərbiyəvi söhbət” aparıb”-qondarma erməni rejiminin “hərbi nazirliyi” bildirir.
Akopyanın hərbi hissədən qaçması bir neçə dəfə təkrarlanıb, nəhayət onu 2018-ci il yanvarın 17-də xidmətdən ehtiyata buraxıblar. Sayt yazır ki, əslində Akopyanla müqaviləyə hərbi hissədə baş verən özbaşınalıqların ictimailəşməsindən sonra xitam verməyə məcbur olublar. Ermənistanda fəaliyyət göstərən “Jurnalistlər insan haqları naminə” hüquq müdafiə təşkilatı Baş prokurorluğa müraciət edərək Akopyanın zorakılığa məruz qalmasına görə cinayət işi qaldırmağı tələb edib.
Qeyd edək ki, işğal altındakı Azərbaycan ərazilərində dislokasiya olunmuş erməni hərbi hissələrində dözülməz məişət şəraitinə, qeyri-insani rəftara görə az qala hər həftə hərbi qulluqçular ya intihar edir, ya xidmət yerlərini tərk edirlər. Bir çox hallarda Ermənistan Müdafiə Nazirliyi hərbi hissələrdəki qeyri-insani şərtlərə dözməyib özünü vuranları “Azərbaycan tərəfinin açdığı atəşlə həlak olub” adı altında ört-basdır etməyə çalışır.