Trampın başı yenə dərddədir
Keçmiş məsləhətçisi xüsusi prokurorla görüşüb, özü jurnalist konfransdan qovur və porno-ulduz onu ifşa edir
Yenixeber.org: Amerika prezidenti Donald Tramp dünya siyasət gündəminin mərkəzində dayanmaqda davam edir. “Yeni Müsavat” son 24 saatda Amerika liderinin açıqlamaları və siyasi gündəm sayılan addımlarını özətləyib.
D.Tramp son olaraq İsrailin baş naziri Benjamin Netanyahunun Amerikanın səfirliyini 1 il ərzində Təl-Əlvivdən Qüdsə daşıyacağı iddiasını yalanlayıb. Prezident Tramp Netanyahunun açıqladığı kimi, ABŞ səfirliyini 1 il içində Qüdsə daşımağı düşünmədiklərini deyib. Bu açıqlamanın ardınca İsrailin prezidentlik ofisindən bir nəfər səlahiyyətli şəxs Netanyahunun Qüdsdə səfirlik açmasının illərlə davam edəcəyini, amma Vaşinqtonun Qüdsə səfirliyini daşımaq üçün keçici tədbirlər həyata keçirəcəyini söylədi.
Daha bir səs-küylü məqam isə Trampın keçmiş strateji məsləhətçisi Stefen K. Bannonun xüsusi səlahiyyətli prokuror S. Muellerin apardığı Rusiya istintaqında böyük jüri qarşısında ifadə verməyə çağırılacağı ilə bağlıdır.
“Nyu York Tayms” qəzetinin xəbərinə görə, prokuror Müller, seçki kampaniyası zamanı Trampın məsləhətçiliyini həyata keçirən və ardınca Ağ Sarayda strateji baş məsləhətçi olaraq çalışan Bannonu böyük jüri qarşısında ifadə vermək üçün çağırılıb.
Qəzet adının açıqlanmasını istəməyən bir qaynağa istinadən yazıb ki, çağırış ötən həftə baş verib. Bannonun xüsusi prokuror dəvəti yerinə, böyük jüri yolu ilə ifadə verməyə çağırılması ilə bağlı lilginc iddia var. Belə ki, prokurorluğun bu yolla Trampın yaxın adamını istintaqda iş birliyinə razı salacağı gözlənilir.
BBC-in xəbərinə görə, “The Guardian" yazır ki, Ağ Evin keçmiş strateqi Steve Bannon Trump komandasının Rusiya ilə mümkün sövdələşməsini araşdıran xüsusi prokuror Robert Müllerin müstəntiqləri ilə görüşməyə razılıq verib. Bu barədə məlumatın etibarlı mənbədən alındığı qeyd olunur. Məqalədə deyilir ki, beləliklə də, Banon böyük jüri qarşısında ifadə vermək əvəzinə, müstəntiqlər tərəfindən dindiriləcək.
Bu da xəbər verilir ki, məlumatı çatdıran şəxsin mətbuata danışmaq icazəsi olmadığından adı anonim saxlanılır. Həmin mənbənin məlumatına görə, Bannon xüsusi prokurorun təhqiqatı ilə əməkdaşlığa razılıq verib.
Bununla belə onun nə vaxt dindiriləcəyi məlum deyil. “Associated Press” bildirir ki, Müller Bannona dindirməyə gəlməsi üçün rəsmi çağırış göndərib. “Breitbart News” saytının keçmiş redaktoru Bannon çərşənbə axşamı Nümayəndələr Palatasının kəşfiyyat komitəsi qarşısına gətirilsə də, Trampın keçid komandasında və Ağ Evdə olduğu vaxt barədə suallara cavab verməkdən imtina edib.
Ağ Evin sözçüsü Sarah Sanders müxbirləri inandırmağa çalışıb ki, burada heç bir qeyri-adilik yoxdur və prokuror dindirməsində adətən Ağ Evin vəkili də iştirak edir.
Bu da xəbər verilir ki, Bannon Konqres komitəsi qarşısında suallara cavab verərkən, onun vəkili Bill Burck aramsız olaraq Ağ Evə zəng edib, hansı suala cavab verilməli olub-olmadığını soruşurmuş.
Ağ Evdən Bannona tapşırılıb ki, özünün keçid komandasındakı və administrasiyadakı fəaliyyəti barədə suallara cavab verməsin.
Burck-un bu göstərişləri Ağ Evdə konkret olaraq kimdən aldığı da bilinmir. "The Guardian" yazır ki, bu, böyük bir ehtimalla Trump-ı xüsusi prokurorun təhqiqatında təmsil edən vəkil Don McGahn ola bilərdi.
AP xəbər verir ki, Trump-ın keçmiş kampaniya meneceri Corey Lewandowski və Ağ Evin vəzifəli müşaviri Rick Dearborn kəşfiyyat komitəsinin qarşısında ötən çərşənbə günü ifadə veriblər.
Bannon bu ayın əvvəlində bəzi hissələri mətbuata çıxan bir kitabda yer alan ifadələrində keçmiş müdirinə tənqidlər yönəltmiş, Trampın oğlu Donald Tramp Jr-ın 2016-cı ildə ruslarla apardığı görüşün “xəyanət” olduğunu ifadə etmişdi. İfadələrin mediada yer almasının ardınca Tramp Barona etiraz etmiş və keçmiş məsləhətçisinə qarşı həqarət məhkəməsi açmaqla təhdid etmişdi.
Trampın qəribə açıqlamalarına hər gün bir yenisi daha əlavə edilir. Tramp bu dəfə Oval Ofisdəki bir mətbuat konfransı zamanı CNN müxbiri Cim Acostanı konfransdan qovub. C.Acosta Trampdan qaçqınlarla bağlı olaraq “Daha çox Norveç vətəndaşı Amerikaya gəlsin” sözlərinin doğru olub-olmadığını soruşub. Tramp da bu suala “Mən onların hər yerdən gəlməsini istəyirəm, hər yerdən" deyərək qarşılıq verib.
Acosta yeni bir sual verməyə hazırlaşanda isə Tramp buna imkan vermədi və barmağı ilə onu göstərərk, “Bayıra” dedi. Bu zaman Ağ Sarayda media mənsubları ilə maraqlanan bir nümayəndənin yüksələn təzyiqi fərq edərək, “Təşəkkürlər, Cim, artıq dayandır” dediyi diqqətdən yayınmayıb.
Daha bir qalmaqal isə əsl adı Stephanie Clifford olan Stormy Daniels olan pornoulduzun Trumpla intim münasibətləri barədə müsahibəsinin dərc edilməsidir. BBC-in xəbərinə görə, Donald Trumpın aralarındakı əlaqə barədə susması üçün pul ödədiyi iddia edilən pornoulduzun 2011-ci ildə dediklərinin təfərrüatları dərc olunub.
Əsl adı Stephanie Clifford olan Stormy Daniels iddia edir ki, o, 2006-cı ildə, Melania Trump-ın dünyaya övlad gətirməsindən dörd ay sonra onun əri Donald-la intim münasibətdə olub.
Porno aktyorunun dediyinə görə, onlar məşhurların qolf çempionatında tanış olublar. Daniels-in Trampın seksual qabiliyyəti də daxil, onunla münasibətləri barədə verdiyi açıq-saçıq müsahibə ABŞ jurnallarından birində dərc edilib.
Bundan əvvəl yayılmış xəbərlərdə aktrisanın mətbuata məlumat verməmək barədə ödənişli müqaviləni imzaladığı bildirilirdi. Ötən həftə məlum olmuşdu ki, Trampın vəkili seçkidən az əvvəl bu münasibətlər barədə susması üçün Danielsə 130 min dollar ödəyib. Prezidentin şəxsi vəkili Cohen deyib: "Prezident Tramp xanım Danielslə hər hansı əlaqələrini bir daha qətiyyətlə təkzib edir".
Sevinc TELMANQIZI