Prokurorluğun beynəlxalq axtarışa verdiyi şəxslər Əli Kərimlinin qohumları çıxdı
Yenixeber.org: Dekabrın 14-də Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən ölkə KİV-lərinə Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarının ölkə ərazisini tərk edərək, xarici dövlətlərdə “siyasi sığınacaq” adı altında “oturum icazəsi” almaq məqsədilə guya Azərbaycan Respublikasında hüquqlarının pozulması, siyasi baxışlarına, sosial mənsubiyyətlərinə görə təqib olunmaları haqqında hüquq verən rəsmi sənədlərin istifadə məqsədilə saxtalaşdırılması, qanunsuz miqrasiyanın təşkili və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqının davam etdirilməsi barədə məlumat göndərmişdi.
Baş Prokurorluqdan verilən məlumatda bildirilirdi ki, cinayət işi üzrə hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə 4 may 2017-ci il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmiş Bakı şəhər sakini Hüseynov Rauf Faiq oğlunun barəsində hər hansı araşdırma və cinayət təqibi aparılmadığı, cinayət məsuliyyətinə cəlb olunmadığı halda, guya hüquq-mühafizə orqanları tərəfindən təqib olunması, barəsində Nəsimi rayon Polis İdarəsi və struktur qurumlarında araşdırma materialı və cinayət işinin mövcudluğu, həyat yoldaşı Seyidova Amaliya Rafiq qızı ilə birlikdə polis idarəsinə çağırılmaları, şübhəli şəxs qismində istintaqa cəlb olunaraq, ona qarşı ittiham irəli sürülməsi barədə məzmununa yalan məlumatlar daxil edilmiş, blank, möhür əksləri və imzaları saxtalaşdırılmış 24 oktyabr 2015-ci il və 9 mart 2017-ci il tarixli hüquq verən rəsmi sənədlərin texniki qurğular vasitəsilə qanunsuz hazırlayıb, məskunlaşdığı xarici ölkənin yerli miqrasiya orqanlarına təqdim etməsinə əsaslı şübhələr yarandığından R.Hüseynov Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilməklə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib.
Hazırda cinayət işi üzrə R.Hüseynovun tutulması, eləcə də təqib olunmalarına, təzyiqlərə məruz qalmalarına dair qanunsuz hazırlanmış saxta sənədlərdən istifadə etməklə xarici ölkələrdə “oturum izni” alan şəxslərin əməllərinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı bu məlumatın qarşılığında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin qəbul etdiyi bəyanatı kiçik ixtisarla təqdim edirik:
"Azərbaycan hakimiyyəti AXCP sədri Əli Kərimlinin qohumlarına qarşı təqib və təzyiqləri davam etdirir. Məlum olduğu kimi, Əli Kərimlinin qaynı Elnur Seyidov heç bir cinayət törətmədiyi halda, məhz bu qohumluğa görə altı ildir, nahaqdan həbsdə saxlanılır. İndi isә onun başqa bir qohumu Rauf Hüseynov hәdәf alınıb. Rauf Hüseynov hәbs tәhlükәsi qarşısında ölkәni tәrk etmәli olub. Baş Prokurorluq isә onun mühacirәtә guya saxta әsaslarla getdiyi vә beynәlxalq axtarışa verildiyi haqda mәlumat yayıb. AXCP bildirir ki, Rauf Hüseynov uzun illərdir partiyanın üzvüdür. Digər fəal cəbhəçilər kimi, o da partiyanın keçirdiyi bütün aksiyaların aktiv iştirakçısı olub. Rauf Hüseynov son illərdə Milli Şuranın keçirdiyi mitinqlərin təşkilində də fəal iştirak edib. O, daha çox mitinqlərdə istifadə olunan səsgücləndiricilərin təmin edilmәsinә cavabdeh olub. 2016-cı ilin 11 sentyabrından sonra mitinqlərdə fəal iştirak etmiş AXCP funksionerlərinə qarşı kütləvi təzyiqlər başlanan zaman Rauf Hüseynov da dəfələrlə polis idarəsinə çağrılıb. Həmin vaxt AXCP mətbuat xidməti bir neçə ay ərzində 254 nəfər fəal üzvünün polis idarələrinə çağrılması, onlara xəbərdarlıq edilməsi, hədələnmələri haqda məlumat yayıb. Bu məlumatlar hesabat şəklində beynəlxalq təşkilatlara da təqdim olunub. Həmin şəxslərin sırasında Rauf Hüseynov da olub. O, dəfələrlə Nəsimi Rayon Polis İdarəsinə çağrılıb, mitinqlərin təşkilində fəallığına görə hədələnib. Ona bildirilib ki, haqqında cinayət işi var. Həbslə hədələnib. Rauf Hüseynov Əli Kərimlinin digər qohumlarına, o cümlədən Elnur Seyidova qarşı olanları, eyni zamanda, digər ictimai-siyasi fəalların – Qənimət Zahidin, Emin Millinin, Günel Mövludun, Natiq Ədilovun yaxınlarının başına gətirilənləri nəzərə alaraq, hesab edib ki, onun da həyatına təhlükə var. Ona görə də ölkəni tərk edib".(müsavat)