Lilit Qriqoryanla “flirt”:Elçin Əliyevə 150 min dollara başa gəldi
Xəbər verildiyi kimi ləğv edilmiş MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkjar qruplaşmanın
daha bir qrup üzvünün işi baxılmaq üçün məhkəməyə göndərilib.
Xeberinfo.com: Bu qrupa MTN-in Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev,
Transmilli Cinayətkarlıqla Mübarizə
İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini,
polkovnik Füzuli Əliyev və digərləri daxildir.
Qrup üzvlərinə qarşı çoxsaylı ittihamlar üzrə aparılmış istintaqın materiallarından məlum olur ki,
generallar Sübahir Qurbanov, Teymur Quliyev və digərləri heç də indiyədək Eldar Mahmudovun yaratdığı bədheybət sistemin
ən məşhur personası hesab edilən general Akif Çovdarovdan geri qalmayıblar,
hətta törətdiyi əməllərin statistikası baxımından bəzi göstəricilər üzrə onu da geridə qoyublar.
Belə məlum olur ki, Azərbaycanda az qala bu cinayətkar qruplaşmanın caynağına keçməyən orta sahibkar, müəssisə və biznes subyekti qalmayıb.
Virtualaz.org xəbər verir ki, bu iş üzrə zərərçəkən qismində adı keçənlərdən biri də beynəlxalq yükdaşımalarla məşğul olan “EGT Express” MMC adlı logistika şirkətinin təsisçisi Əliyev Elçin Əli oğludur. MTN-çilər onun ofisinə 2014-cü il yun ayının əvvəllərində basqın ediblər.
Ofisə basqın: “Rəsi özü sizi başa salacaq, ermənilərlə əlaqədəsiniz”
Əliyev ifadəsində deyir ki, həmin gün saat 10 radələrində şirkətin Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun küçəsi, 92 A ünvanında yerləşən ofisinə-iş yerinə gedib. Bir qədər sonra ofisə tanışı Fərid Rəhimov da gəlib. Sitat:“Təxminən saat 11 radələrində Fərid dedi ki, ofisin qarşısında 6-7 mülki geyimli şəxs dayanıb. Mən qapını açıb baxmaq istəyən kimi həmin şəxslər ofisə daxil oldular, özlərini MTN əməkdaşları kimi təqdim edib ofisdə əməliyyat keçirəcəklərini dedilər. Gələnlər mənim və Fəridin telefonlarını aldılar, söndürüb özlərində saxladılar. Mən əməliyyatın məqsədi haqda soruşanda onlardan biri dedi ki, indi rəis özü gəlib sizi başa salacaq. “Ermənilərlə əlaqədəsiniz”-dedilər”.
Təxminən yarım saat sonra ofisə MTN-in Transmilli Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Fuad Sədrəddinov gəlir. İşçilərinə əmr edir ki, ofisdə axtarış aparsınlar, kompüterləri yığışdırıb götürsünlər.
“Lelit Qriqoryanla telefonda danışırsan...”
“Sən Çexiyada yaşayan Lelit Qriqoryan adlı erməni ilə əlaqədəsən, sənin ofisindən onun ofisinə zəng olunub, onunla telefon danışığı aparılıb, səni aparacağıq Milli Təhlükəsizlik Nazirliyinə”-Sədrəddinov Əliyevə deyir.
Logistika şirkətinin rəhbəri isə deyir ki, o, Lilit Qriqoryan adlı erməni tanımır.“Başa düşdüm ki, Fuad Sədrəddinov mənim erməni ilə əlaqə saxladığımı bəhanə edib hədə-qorxu yolu ilə pul qoparmaq istəyir. Mən ermənilərlə heç bir işgüzar münasibət saxlamadığımı bir daha dedim, Sədrəddinov bildirdi ki, lazım gəlsə bunu boynuna qoyarıq”-şirkət rəhbəri bildirir.
Elçin Əliyev ifadəsində göstərir ki, “EGT EXPRESS CZ” adlı firma Çexiyada fəaliyyət göstərir. Həmin firma MDB məkanı dövlətlərinin hamısına yüklərin daşınmasının təşkili ilə məşğuldur, eyni adlı firmanın bu fəaliyyətinin isə ona heç bir aidiyyatı olmayıb, ona görə ki, onun təsisçisi olduğu “EGT EXPRESS” firması Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş müstəqil firmadır və hansısa firmanın nümayəndəliyi kimi fəaliyyət göstərmir.
“MTN-ə aparsaq sənə çox pis olacaq”
Lakin bu arqumentlərin heç biri MTN-in şöbə rəisi üçün keçərli olmur. Ofisdən kompüterlər və sənədlər yığışdırılıb aparılandan sonra Sədrəddinov təklikdə Əliyevə deyir ki, onu həbs gözləyir. “MTN-ə aparsaq sənin üçün çox pis olacaq”-Əliyevə xəbərdarlıq edilir.
E.Əliyev bildirir ki, bu hədədən bərk qorxdu, həm də yəqin edirdi ki, MTN-çilərin tələbinə əməl etməsə gələcəkdə işləməsi mümkün olmayacaq. Nəticədə ifadədə deyildiyi kimi açıq bazar başlayır. F.Sədrəddinov rəqəmi deyir: “100 min manat, özü də pul bir neçə saata çatmalıdır”.
E.Əliyev cavab verir: “Axı məndə bu məbləğdə pul yoxdur”. Bu məqamda məlum olur ki, F.Sədrəddinovun “ovun” nə qədər pulu olduğu haqda da məlumatı var. “Yalan deyirsən. Telefon danışıqların dinlənilib. Bir neçə gün əvvəl “Mercedes GL” markalı avtomobilini satmısan, pulu da indi evdədir. Gətir!”
100 min manat, vəssalam!
Həqiqətən də həmin tarixdən təxminən 5 gün və ya 1 həftə əvvəl Əliyev özünə məxsus «Mercedes-benz GL-500» markalı avtomobilini 118.000 ABŞ dollarına satmışdı. Bu baxımdan müqavimətin yersiz olduğunu başa düşür, məbləği aşağı salmağa çalışır. Lakin 1 saata yaxın davam edən bazarlıq zamanı MTN-in şöbə rəisi güzəştə getmir-100 min, vəssalam!
E.Əliyev məcbur olub taksi sürücüsü olan Natiq adlı tanışına zəng edib Mingeçevirdəki evindən 120 min ABŞ dolları götürüb təcili ona gətirməyi tapşırır, Sədrəddinov isə ofisi tərk edir. E.Əliyevin həyat yoldaşı tələsik evdən 120 min dollar pulu götürüb Bakıya yola düşür. Sədrəddinov isə saat 17 radələrində pulun dalınca yenidən ofisə qayıdır.
Lakin bu həmin vaxtlar idi ki, 120 min dollar heç 100 min manat da eləmirdi, bu məbləğdə manatı düzəltmək üçün daha 8 min dollar gərək idi. Əliyev Sədrəddinova deyir ki, cəmi 120 min dollar düzəldə bilib, daha pulu qalmadı. Sədrəddinov isə dəqiq adam idi, onunku ancaq sonu sıfırlarla bitən rəqəm olub. Bu səbəbdən deyir: “Ya 100 min manatı tam verəcəksən, ya da gedirik MTN-ə”.
Sədrəddinov rüşvətə haram qatır
Bundan sonra E.Əliyev məcbur olub yeznəsi Təzəxandan 6 min manat borc alır, öz cibindəki olub-qalan 1500 manatı da qoyur üstünə, Mingəçevirdən gələn 120 min dollara əlavə edib verir Sədrəddinova. Sədrəddinov pulu götürüb gedəndə E.Əliyevə deyir: “Kimsə səndən bu haqda soruşsa deyərsən 100 min dollar verdim”.
“Belə başa düşdüm ki, Sədrəddinov öz rəislərinə də atır. Bu əhvalatdan 10 gün keçmiş Sədrəddinov yenidən zəng vurdu, dedi Bakı-Buzovna yolunun üstündəki “Retro” restoranında görüşməliyik. Görüşdük, söhbət əsnasında Sədrəddinov mənim ofisimdən götürdükləri kitabçada adları olan şəxslər barədə sorğu-sual etməyə başladı. Başa düşdüm ki, həmin şəxsləri də ilişdirmək istəyir. Xahiş etdim ki, kitabı qaytarsın və orada adları olan adamlarla işi olmasın. Sədrəddinov kitabı qaytarmaq üçün 10 min manat verməli olduğumu dedi. Çox xahiş etdim, yenə məbləği aşağı salmadı. Başqa yolum yox idi, razılaşdım. 10-15 gün keçəndən sonra 12.700 dollar hazırlayıb Sədrəddinova çatdırdım. Bir neçə ay mənimlə işi olmadı”.
Cəmi 150 min dollar
MTN-in şöbəsi rəisi Əliyevsiz cəmi bir neçə ay dözə bilir. Zərərçəkənin dediyi kimi 2014-cü il dekabrın sonlarında F.Sədrəddinov yenidən ona zəng vurur, deyir ki, yeni il qabağıdır, kiməsə haqq-hesab çatdırmalıdır və görüşmək lazım gəlir. Əsərin qəhrəmanları Binəqədi rayonu, 8-ci mikrorayondakı “Meşəbəyi” restoranında görüşürlər. E.Əliyev bu dəfə ona 1500 avro pul verir, 2015-ci ilin may ayında yenə həmin restoranda MTN-in şöbə rəisinə 3 min manat çatdırır. Bununla da üst-üstə Sədrəddinova 150 min dollara yaxın pul verir. E.Əliyevin ifadəsində göstərilir ki, Sədrəddinovun və adamlarının onun ofisində apardıqları axtarış protokollaşdırılmayıb, onu MTN-ə çağırıb rəsmi istintaqa cəlb etməyiblər və ifadəsini almayıblar.
İstintaqda E.Əliyev F.Sədrəddinovla üzləşdirilib, ifadəsini onun üzünə təsdiqləyib. Bəs Sədrəddinov özünə necə bəraət qazandırıb?
Təqsirləndirilən şəxs deyir ki, E.Əliyevi tanıyır, onun təsisçisi olduğu «EGT EXPRESS» şirkəti, Çexiyanın Praqa şəhərində fəaliyyət göstərən eyni adlı beynəlxalq yükdaşımalar və nəqliyyat şirkətinin törəmə şirkətidir. Və Həmin şirkətin işçkisi Lilit Qriqoryanla Bakıdakı “EGT Express” şirkətinin ofisi arasında telefon danışıqları müəyyən edildiyindən onlar MTN-də bununla bağlı “əməliyyat tədbiri” keçirməyi qərara alıblar. Bəs Sədrəddinovun əlində “EGT Express” şirkətinin Lilit Qriqoryanla “flirti” barədə məlumat olubsa onu niyə məsuliyyətə cəlb ediblər? Qriqiryonla işgüzar münasibətlər ancaq iş adamını qorxudub pulunu almaq üçün istifadə olunub? Bu, məhz belədir.
Sədrəddinov deyir ki, həmin “əməliyyat”dan sonra E.Əliyevlə münasibətləri yaranıb, sonuncu beynəlxalq yükdaşımalar və logistika üzrə mütəxəssis olduğundan bu sahəyə aid terminləri ona izah edirmiş. Və MTN-in şöbə rəisi deyir ki, 2015-i ilin əvvəllərində guya övladının toyu ilə əlaqədar ona 30 min dollar pul lazım idi və həmin pulu E.Əliyevdən borc alır. Ancaq sonra qaytara bilmir. “Görünür E.Əliyev bundan narazı qaldığına görə mənim əleyhimə ifadə verib”-deyir Sədrəddinov. Bu Mahmudovçu çekistin yaddaşı necə korlanıbsa “EGT Express”in ofisinə getdiyini hansı MTN əməkdaşları ilə birlikdə getdiyini xatırlamır...
Virtualaz.org internet mənbələrindən araşdırıb ki, Çexiyanın “EGT Express CZ” şirkəti öz saytında həqiqətən Bakıdakı eyni adlı şirkəti tərəfdaşı kimi göstərir. Və həmin Çexiya şirkətinin ofisində doğrudan da Lilit Qriqoryan adlı erməni işləyir.