İcra başçısı Eldar Mahmudovun qohumu ilə nələr edib?
Xeberinfo.com: Məlum olduğu kimi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı da vəzifəsindən azad edilib. Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynovun işiylə vidalaşıb.
Məlumat üçün bildirək ki, Beytulla və Xeyrulla Hüseynov qardaşları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudurlar.
E.Mahmudovun işdən çıxarılmasından sonra, oktyabrın 21-də B.Hüseynov da tutduğu vəzifədən qovulub. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırma gedir.
Politika.Az-a daxil olan məlumata görə, Xətainin icra başçısı müavini ilə birlikdə bir sıra maxinasiyalara qol çəkib.
Onların rayondakı bütün qanunsuzluqlarda birgə əməyi var. Amma icra başçısı Razim Məmmədov sabiq rabitə naziri Əli Abbasova cinayət işi açıldığını görə-görməz müavini ilə vidalaşmalı olub.
R.Məmmədov özünü qorumağa çalışıb. Yuxarı dairələrə göstərmək istəyib ki, MTN işi üzrə tutulan adamın qohumu onun müavini deyil. Ancaq icra başçısı indiyə qədər bu barədə susub.
Xətai rayon sakinləri tərəfindən verilən məlumata görə, rayonun icra başçısı Razim Məmmədov sahibkarlardan külli miqdarda pul alaraq, onlara obyekt tikintisinə icazə verir, bu isə 1970-ci ildə əkilmiş ağacların kəsilməsi hesabına başa gəlir.
"Ağac qırğını" nəticəsində yaxın gələcəkdə Gəncə prospekti və Məhəmməd Hadi küçəsində baş verə biləcək sürüşmələrə görə Xətai RİH məsuliyyət daşıyır.
Mənbə bildirir ki, neçə illərdir rahat kürsülərində oturub pul yığmaqla məşğul olan icra başçılarının, xüsusən də Bakının rayonlarına rəhbərlik edən şəxslərin vurulması prosesi davam edir.
Xüsusən də, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun daha tez bir zamanda vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumatlar var. Mənbə qeyd edib ki, onun qanunsuz əməlləri barədə ortada bir neçə dosye var.
Politika.Az xəbər verir ki, 1966-cı ildə Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olan olan R.Məmmədov 1999-cu ildə yaradılmış “Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real” Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub. İndiki vəzifəsinə 2006-cı ildə təyin olunub.
Bir müddət əvvələ qədər o, xeyli geniş imkanlara malik icra başçısı kimi tanınıb. Hətta Sumqayıt və Bakının icra başçısı postu uğrunda mübarizə aparıb.
Az öncələrə qədər isə onun Sumqayıtın icra başçısı olmaq imkanları yüksək qiymətləndirilirdi. R.Məmmədov həm də Sumqayıtın əsas iş adamlarından olan “Univermaq Zaman” kimi tanınan Zaman İsgəndərovun yaxın qohumudur.