Havalar soyudu,«Femina» fırıldağının da sezonu gəldi - ŞOK İTTİHAM
Azərbaycanda xəz-dəri satışı ilə məşğul olan az sayda firma olsa da, onların bəzilərinin doğru-düzgün işləmədikləri hamıya gün kimi aydındır.
Xeberinfo.com: Həmin firmaların sırasında «Femina» xəz-dəri qalereyasının adı öndə çəkilməkdədir. Təbii ki, bu səbəbsiz deyil. Belə ki, buradan xəz-dəri alan müştərilər bir müddət sonra narazılıq etməyə başlayırlar. Çünki firmanın vətəndaşlara təqdim etdiyi malların əksəriyyəti keyfiyyətsizdir. Sözügedən firmanın Bakıya gətirdiyi və müştərilərinə Yunanıstan, İtaliya, hətta Kanada malı kimi təqdim etdiyi xəz-dərilərin əslində Çindən gətirildiyi üzə çıxıb. Müştərilərin bir çoxu artıq mətbuata və rəsmi qurumlara üz tutaraq, onlara Avropa malı adı altında baha qiymətə satılmış məhsulların Çində istehsal olunduğu səbəbindən aldadıldıqlarından şikayətçi düşüblər.
Tələbləri də budur ki, dəymiş zərər ödənilsin. “Femina»nın sahibi isə o qədər irəli gedib ki, hətta onlardan mal alan şəxsləri ələ salmaqdan da çəkinmir. Məsələn, qiyməti 4-5 min manat olan xəz-dərinin İtaliya, Yunanıstan və ya Kanada malı olduğu deyilsə də, içində Çin istehsalı olduğu yazılmış «birka»sı göz çıxarır. Qeyd edək ki, «Femina»nın firma mağazası «Sədərək» Ticarət Mərkəzində yerləşir və satışa çıxardıqları malların ən ucuzu 5500 manatdır. Lakin dükana yaxınlaşıb mal almaq istədikdə qiymətlər dəyişməyə başlayır. Məsələn, 5500 manatlıq xəz paltodan 2000 manat endirim edib, müştərini cəlb etməyə çalışırlar. Sonradan bu rəqəm daha 500 manat aşağı salınır. Əgər alıcı almadan çıxıb gedərsə, qapıdaca ona 1400 manatlıq bir təklif gəlir. Maraqlıdır, Kanada və ya Yunanıstanda istehsal olunmuş xəz-dəri palto necə olur ki, Bakıda 1400 manata satılır?
Hərçənd istehsalçı ölkənin özündə qiymətlər 2000 avrodan başlayır. «Femina» müştərilərinin bir qismini «Sədərək»də aldatsa da, bir qismini də filialı olan «Monika» mağazasında ələ keçirməyə çalışır. Alıcıların bəziləri iddia edirlər ki, «Monika»da satılan xəz-dəri məhsullarının böyük əksəriyyəti geyinilmiş və ya ikinci əl mallardır. Elə qiymətləri də xeyli aşağıdır. Məlumat üçün deyək ki, «Femina»nın sahibi Salman Mirzalıyevdir. Onunla bağlı ilginc məlumat ondan ibarətdir ki, firmanın rəhbəri ermənilər tərəfindən işğal olunmuş rayonlarımızdan birindəndir. Deyilənə görə, böyük maddi imkanlarına baxmayaraq, Mirzalıyev məcburi köçkün statusundan yararlanaraq müavinət belə alır: «Femina»nın sahibi hətta körpələr evinin otaqlarını da zəbt edərək orada yaşayır».
Məlumata görə, “Femina”nın idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır ki, bu da xəzi, həmçinin dərini bir il müddətində ilk vəziyyətindəki kimi şux saxlayır. Bir il tamam olandan sonra isə “şuba”ların tükü tökülməyə və daxili hissəsində fəsadlar yaranmağa başlayır: «Burda satışa çıxarılan bütün məhsullar Çindən gətirilir. Reklamda deyilən məsələlərin hamısı yalandır. Buna baxmayaraq, qalereyada çalışan şəxslər müştərilərə satdığı malların yüz faiz orijinal olduğunu bildirirlər. Başqa sözlə desək, geyim dükanının rəhbərliyi müştəriləri aldadır. Fəaliyyətə başladığı ilk gündən istehlakçıların hüquqlarını pozan “Femina” bu yolla milyonlarla manat gəlir əldə edib. «Femina”nın reklamı güclü olduğundan vətəndaşlar burda satılan məhsulların keyfiyyətsiz ola biləcəyinə inanmırlar.
Acı həqiqət isə budur ki, xəz-dəri qalereyasında təmiz məhsul satılmır». «Femina»nın sahibi Salman Mirzalıyev istehlakçıların hüquqlarını pozması azmış kimi, dövlət büdcəsinə də ziyan vurur. İddialara görə, iş adamına məxsus qalereyanın vergi hesabatı düzgün aparılmır və gəlir az göstərilməklə dövlətə cüzi miqdarda vergi keçirilir. Başqa sözlə desək, il ərzində külli miqdarda vəsait dövlət büdcəsindən yayındırılır. Fikrimizcə, bu, araşdırılması vacib olan faktdır. Odur ki, Vergilər Nazirliyinin məsul şəxsləri dərhal «Femina»da vergi yoxlamalarına başlamalı və külli miqdarda vəsaiti büdcədən yayındıran Salman Mirzalıyeva qarşı cəza tədbirləri görülməlidir. Araşdırmalarımız isə davam edir.(Anaxeber.az)
Qarşı tərəfi də dinləyə bilərik.