Son dövrlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid qurumlarda nəzarətin zəifləməsi, xüsusilə də, meşə təsərrüfatı sahəsində baş verən xoşagəlməz hallar ictimai narazılıq doğurur. Bu narazılıqlardan biri də, Masallıdakı 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlıdır.
Yenixeberorg.com: Mərkəzin Göytəpə meşəbəyliyinin 10 “A” saylı meşə dolayında baş verən qanunsuzluqlar narazılıqlara rəvac verən əsas səbəblərdən biridir. Çünki bu bölgüyə aid dövlət meşələri açıq şəkildə məhv edilir. Arazpress.com xəbər verir ki, sözügedən faktlar mərkəzin əməkdaşı Mirxas Sadıqov tərəfindən qeydə alınaraq, ictimaiyyətə təqdim olunub. Mövcud videogörüntülərdən aydın olur ki, ərazidə çoxsaylı ağac növləri, o cümlədən tikinti və digər sahələrdə istifadə oluna biləcək çoxillik ağaclar kütləvi şəkildə məhv edilib. Mirxas Sadıqovun sözlərinə görə, ağacların belə amansızlıqla məhv edilməsi qəbuledilməzdir: “Açıq şəkildə bildirirəm ki, bu proses 11 saylı RMTM-in direktoru Nəsimi Nəsibovun və meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndis Emin Əhədovun nəzarəti və məlumatı daxilində baş verir. Çünki bu miqyasda ağac qırğını onların xəbəri olmadan mümkün deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə müraciət etmişəm və tələb edirəm ki, dərhal araşdırma aparılsın, günahkarlar məsuliyyətə cəlb olunsun. Əks halda, bu cür halların qarşısını almaq mümkün olmayacaq”. Ortada konkret görüntülər və danılmaz faktlar olduğu halda, məsul şəxslərin bu prosesdən xəbərsiz olması inandırıcı görünmür. Əksinə, baş verənlər idarəetmədə ciddi pozuntuların və nəzarətsizliyin nəticəsi kimi deyil, birbaşa məsuliyyət məsələsi kimi ortaya çıxır. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Redaksiya olaraq biz də sual edirik: “Dövlət meşələrində baş verən bu açıq talana nə vaxt hüquqi qiymət veriləcək?”. Sözügedən videogörüntüləri təqdim edirik: