Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İntellektual İdarəetmə Mərkəzi yol polisinə niyə verilməlidir?

 

Yol hərəkətinin təşkilinə və təhlükəsizliyinə DYP cavabdehdir, amma svetoforlara NİİM nəzarət edir.

"Xeberinfo.com":  Avtosfer.az-a istinadən bu barədə yazını təqdim edirik:


Hər kəs şəxsi ambisiyalarını kənara qoyub öz işi ilə və özünə aid olan işi ilə məşğul olsun!

Xəbər verdiyimiz kimi, dünən Milli Məclisin iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli maraqlı təşəbbüslə çıxış edib. Millət vəkili Nəqliyyat Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin daxili işlər orqanlarına verilməsini təklif edib və fikrini onunla əsaslandırıb ki, ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi Dövlət Yol Polisinin, yəni daxili işlər orqanlarının səlahiyyətindədir. Bu Mərkəz müəyyən qədər yol hərəkətinə aid olduğuna görə daxili işlər orqanlarına verilməldir. Bundan əlavə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi büdcədən əlavə xərclərə səbəb olur. Ona görə də deputat təklif edib ki, hökumət bu məsələyə baxmaldır.
Millət vəkili Adil Əliyev də deputat həmkarının təklifini dəstəkləyib: “Bəzən yol polisindən işıqforun yanmamasını soruşanda deyirlər ki, bu səlahiyyət bizdə deyil. Həmin anda da NİİM-ə zəng etmək çətin olar. Yaxşı olardı ki, bu qurum Daxili İşlər Nazirliyinin tərkibinə birləşdirilsin».

NİİM-dən əvvəl, NİİM-dən sonra… - Heç nə dəyişmədi

Göründüyü kimi, millət vəkilləri bir neçə arqumenti qısa da olsa dilə gətiriblər. Amma bu gün NİİM-in Dövlət Yol Polisinə verilməsini zəruri edən başqa məqamlar da var. Məsələn, yol hərəkəti təhlükəsizliyini yol polisi təmin edirsə, bu gün Bakıda svetoforların 70 faizinə yol polisi nəzarət etmir. Çünki NİİM-in əlindədir. Hansı ki, yol hərəkətinin təşkilində svetoforlara nəzarət və onların idarə edilməsi çox mühüm məsələdir. Amma bu gün NİİM yol polisinin xəbəri olub-olmadan svetoforda vaxtı artırır, azaldır, istədiyi rejimə qoyur və bu da əlavə vaxt itkisi deməkdir. Bir fakta nəzər yetirək; «Statistika dairəsi»ndə svetoforlar var, amma NİİM günün müəyyən saatlarında həmin svetoforları işlək vəziyyətdən çıxarır və bunun nəticəsində hər gün həmin dairədə bir neçə yol polisi dayanıb əlavə xidmət təşkil edir. Əgər bu mərkəz doğrudan da İntellektual İdarəetmə Mərkəzi idisə, o zaman «Statistika dairəsi»ndə NİİM-dən öncə hərəkətin daha rahat və normal olduğunu yada salmaq lazımdır. Elə o vaxt da yol polisi burada dayanıb hərəkəti tənzimləyirdi. Daha nə dəyişdi ki? Hələ NİİM svetoforları qurdalayandan sonra bu dairədə vəziyyət daha da pisləşib. 
Keçək növbəti məsələyə. Bu gün NİİM tərəfindən şəhərin bir çox yerlərində elektron tablolar quraşdırılıb. Guya bu tablolarda açıq və bağlı olan küçə və yollar haqqında, eləcə də tıxac olan yerlər barədə məlumat qoyulacaq. Şəxsən mən bir sürücü kimi bu günə qədər o tablolarda yazılanları və çəkilən sxemi tam başa düşə bilməmişəm. Və yaxud da, başa düşdüyüm məqamlar da olub, amma yalan çıxıb. Məsələn, tabloda yazılır ki, filan küçədə yolda tıxac yoxdur. Amma gedib həmin küçədə tıxaca düşmüşəm. Və yaxud da, əksinə, tabloda tıxac göstərir, gedib görürsən ki, yol bomboşdur. NİİM-in belə zarafatları ilə üzləşən sürücülər yəqin ki, az deyil.

Avtobus dayanacaqlarında quraşdırılan tablolardan da bu günə qədər xoş bir söz eşitmədik. Hər gün bir neçə avtobusun istiqaməti dəyişir, amma bu tablolar köhnə məlumatları göstərir. Sərnişinlər də ona inanıb saatlarla gözləməli olurlar.

Yol polisinin insafı – NİİM-in qəbul prosesi

Yenidən svetofor məsələsinə qayıdaq. Qeyd etdiyim kimi, svetoforların yarıdan çoxuna Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi nəzarət edir. Bu gün hansısa küçədə yol polisi xidmət zamanı sıxlıq aşkar edir və qərar verir ki, bu küçə ilə kəsişən yoldakı svetoforlarda vaxtı artırıb-azaltaqla sıxlığı aradan qaldırmaq olar. Bu zaman baxın görün hərəkətin təşkilinə və təhlükəsizliyinə birbaşa cavabdeh olan yol polisi hansı vəziyyətə düşür. Həmin inspektor komandirinə məlumat verir, komandir özündən yuxarı komandirə deyir, o komandir də rəis müavininə, müavin rəisə, rəis də insafa gəlsə götürüb NİİM-in rəisinə zəng edib xahiş-minnət etməlidir ki, imkan varsa filan küçədə svetoforun vaxtını artırın və ya azaldın. Bu xaşihi də hər zaman etmək olmur. Çünki NİİM-in rəisini yerində tapmaq, telefonuna düşmək hər adama qismət olmur.

Göründüyü kimi, əlacsız qalan inspektor insaflı olsa dayanıb həmin küçədə hərəkəti özü nizamlamalı olur, kefi istəməsə də, çıxıb gedir protokol yazmağa. Amma əvvəl svetoforlara DYP nəzarət edirdi və hansı svetoforda vaxtı artırıb-azaltmaq lazım olduğunu radioqəbuledici ilə həll edirdilər. DYP-nin «Siqnal» idarəsi həmişə iş başında olurdu. 

Gecə saat 3-də, boş yolda – 70 saniyəlik svetofor

NİİM yeni yarananda bəyan etdi ki, yollarda asfalta nəsə yapışdıracaqlar, nəqliyyat vasitələrinin hərəkət intensivliyi və azlığı-çoxluğu elektron qaydada müəyyən ediləcək ki, bu zaman svetofor öz-özünə işə düşəcək. Yəni, vaxtı avtomatik qaydada artırıb azaldacaq. Amma bu gün bu sistem özünü doğrultmadı. Nəticəsi budur ki, gecə saat 3-də Bakının bəzi küçələri bom-boş ola-ola hələ də 70-80 saniyə svetoforun qırmızı işığında gözləyənlər var…

Səndən xəbərsiz - Alternativ yol problemi

Nə qədər acı olsa da, bir həqiqəqti də etiraf etmək lazımdır. Məlumdur ki, bu gün «Azəryolservis» ASC Nəqliyyat Nazirliyinin tabeliyində olan bir qurumdur. NİİM də həmçinin. Yəni, hər iki qurum Nəqliyyat Nazirliyinə tabedir. Təsəvvür edin ki, «Azəryolservis» ASC haradasa yol çəkir. Buna görə də həmin küçədə hərəkət məhdudlaşdırılır. Yol polisinin xəbəri olmadan, yəni, DYP ilə razılaşdırılmadan «Azəryolservis» ASC məlumatı NİİM-ə ötürür, NİİM də xəbər yayır ki, filan küçədə yol bağlanır və aləm qarışır bir-birinə.
Bilirsiniz bu nə deməkdir? Təsəvvür edin ki, biri gedib qonşunun həyətində toy edir, amma o xəbəri həmin qonşuya başqa bir qonşu çatdırır. Daha həyətin sahibini yada salan yoxdur. Bunun da acı nəticəsini biz sürücülər çəkirik. Bilirsiniz necə? Sadə dillə izah edəcəm.
Qeyd etdik ki, «Azəryolservis» ASC yol çəkir, NİİM xəbər yayır, DYP isə xəbərsizdir. Məsələn, təsəvvür edək ki, Mətbuat prospektində yolu bağlayıb asfalt çəkirlər. DYP-yə məlumat verilməyib. Amma ondan 10 gün əvvəl «Azərsu» ASC DYP-yə rəsmi müraciət edib və icazə alıb ki, həmin gün Hüseyn Cavid prospektində su-kanalizasiya xəttini dəyişəcək, ona görə də yol bağlanmalıdır. Təsəvvür edin ki, Mətbuat prospektinə alternativ yol Hüseyn Cavid prospektidir. Deməli, bu qurumlar özbaşına, öz bildikləri qaydada iş görəndə alternativ yol da qalmır. Bax, sürücülər ona görə narazılıq edir ki, bir qəsəbədə iki alternativ yol olur, ikisini də eyni vaxtda qazıb bağlayırlar. Yol polisinin isə bir küçədən xəbəri olur. Ona görə də, yol polisi məlumat verəndə ki, filan küçədə yol bağlanacaq, altenativ yoldan istifadə edin, məlum olur ki, alternativ yolu da başqası bağlayıb asfalt çəkir, ya da nəyəsə görə qazıblar…

Sürücülər üçün svetofor «tələ»si

Son günlər NİİM bəzi küçə və prospektlərdə yol hərəkəti sxeminə dəyişikliklər edilməsi ilə bağlı təkliflər verir. Maraqlı təkliflərdir. Amma gəlin görək bu təkliflərin neçəsindən yol polisinin xəbəri var? Axı deputatlar demişkən, yol hərəkətinin təşkili və təhlükəsizliyi Dövlət Yol Polisinin səlahiyyətindədir. Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı olmadan bir küçəyə kiçik bir yol nişanı da qoymaq olmaz. Amma NİİM buna cəhd edir, bəzən bunu həyata da keçirir, istiqaməti dəyişir və sair…
Svetoforda vaxtı dəyişmək məsələsindən danışdıq. Bunun doğurduğu acı nəticələrə də nəzər salaq. Məlum məsələdir ki, svetoforun vaxtını göstərən seksiyada cəmi 2 rəqəm görünə bilir. Bəzən NİİM hansısa svetoforun vaxtını 120 saniyə qoyur. Bu zaman həmin seksiyada 120 göstərmir, 20-dən saya-saya azalır, bəzi sürücülər də gözləyir və 01 olan kimi maşını hərəkətə gətirib svetofordan keçirlər. Məlum olur ki, hələ svetoforun qırmızı işığı davam edir, yəni, indi də 99-dan başlayıb azalmağa doğru gedir. Sürücü isə artıq qayda pozmuş sayılır.
Doğrudur, burada sürücülərin tərəfini tutmuram və hər bir halda svetoforun yaşıl işığı yanmamış hərəkət etmək olmaz. Lakin bu mənzərəni də NİMM yaradır və bəlkə də düşünmədən, bilmədən bunu edirlər. Artıq belə vəziyyətə görə yol polisi tərəfindən qırmzı işıqdan keçməyə görə cəzalanan sürücülərin sayı yüzlərlədir. Məhz NİİM-in bu hərəkəti ucbatından svetoforlarda kiçik yol qəzaları baş verir. Çünki sürücülərin, xüsusən də, əyalətlərdən gələnlərin əksəriyyətinin NİİM-in bu «kəşvindən» xəbəri olmur və «tələyə» düşürlər. Bundan çoxlarının xəbəri yoxdur. Bəlkə də, xəbər tutsalar, NİİM-i məhkəməyə verib təzminat da alarlar.

Yol polisinə əngəl, müdaxilə və təkrarçılıq

NİİM-in bu illər ərzində bəzi yaxşı xidmətlərini yada salmağa çalışdım ki, onları da qeyd edim. Lakin nəsə yaxşı bir iş xatırlaya bilmədim. Yəqin ki, özləri bu yazıdan sonra yaxşı işlərindən danışıb bizə xatırladacaqlar, amma gəlin etiraf edək ki, NİİM gözlənilən nəticəni vermədi. Mən demirəm ki, bu gün NİİM-i Dövlət Yol Polisinə versələr, sabah hər şey düzələcək. Lakin NİİM-in gördüyü işlərə nəzər saldıqda məlum olur ki, bəzi işlər yol polisinin işinə müdaxilə, bəziləri isə yol polisinə əngəldir. Bəziləri də təkrarçılıq…. Amma əslində, belə olmamalıdır. Nəqliyyat Nazirliyi yolu çəkməli, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası yolu nişanlarla, svetoforlarla, bütün qurğularla təmin edib təhvil verməli, yol polisi isə həmin yolda hərəkətin təşkilini və təhlükəsizliyini həyata keçirməlidir. Heç kim heç kimin işinə müdaxilə etməməli, başqasının səlahiyyətinə göz dikməməli, bir-birinə problem yaratmamalıdır. Kimsə hansısa marağını üstün tutub nəsə edirsə, əziyyəti sadə insanlarla yanaşı, elə onların özləri də çəkirlər. O yoldan onlar da keçir, onların ailəsi də, uşaqları da. Tıxaca hamı kimi onlar da düşürlər. Gəlin, hər kəs şəxsi ambisiyalarını kənara qoyub öz işi ilə və özünə aid olan işi ilə məşğul olsun!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam