Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlılarının Hadrutdakı atışma ilə bağlı məlumatları yoxlayacağı barədə bəyanatla çıxış edib. Bununla yanaşı, Rusiya hərbi İdarəsinin məlumatına görə, bütün təmas xəttində atəşkəs rejiminə əməl edilir.
Yenixeber.org: Maraqlıdır ki, bu bəyanat yalnız Azərbaycan Müdafiə Nazirliyinin altı erməni hərbçisindən ibarət qrupun məhv edildiyini açıqlamasından 10 saat sonra yayılıb. Açıqlamada deyilirdi ki, dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.
Bu məlumatdan dərhal sonra sosial şəbəkələrdə ermənilərin Dağlıq Qarabağda partizan müharibəsinə başlaması ilə bağlı müzakirələr başladı. Həqiqətən, axı bu, azad edilmiş ərazilərdə Azərbaycan hərbçilərinə ilk hücum hadisəsi deyil. Azərbaycan hərbçiləri Qarabağ meşələrində gizlənmiş erməni yaraqlılarını əvvəllər də dəfələrlə məhv edib, əsir götürüblər. Özü də müxtəlif mənbələrə görə, əsir götürülənlərin sayı onlarla yaraqlıdan yüzlərlə nəfərə qədər dəyişib.
Lakin Qarabağın dağlıq hissəsində partizan müharibəsinin başlanması ehtimalı çox azdır. Partizan müqaviməti yalnız yerli əhalinin dəstəyi ilə yaranır və inkişaf edir. Mülki əhali isə azad edilmiş əraziləri tərk edərək ermənilərin kompakt yaşadığı rayonlara, yaxud Ermənistana köçüb. Bundan başqa, erməni separatçılarının, elə Ermənistanın özünün indiki fəlakətli sosial-iqtisadi vəziyyətini nəzərə alsaq, ikinci müharibədə hərbi məğlubiyyət fonunda yeni müqavimət ocaqlarının yaranmasından danışmaq, hər halda, yaxın aylarda mümkün deyil.
Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, ötən gün məhv edilən bir qrup yaraqlı, həmçinin əvvəllər əsir götürülmüş silahlı şəxslər Azərbaycan Ordusunun hücumu zamanı mühasirədən çıxa bilməyən erməni hərbçilərinin ayrı-ayrı qruplarıdır. Bu qruplar Qarabağ meşələrində və Azərbaycan qoşunlarının işğaldan azad etdiyi yaşayış məntəqələrində gizləniblər və bu gün də gizlənirlər.
Azərbaycan Ordusu sürətlə irəliləyirdi və əsas qüvvələrdən qopan bir qrup erməni əsgəri əsas qoşun qruplarına qoşulmağa macal tapmamışdı. Bundan başqa, Ağdam cəbhəsi istiqamətində qruplardan biri tamamilə təcrid olunmuş vəziyyətdə qalmışdı ki, bu da onun mühazirəyə düşməsi və tamamilə məhv edilməsi təhlükəsi yaradırdı. Vəziyyətin çıxılmaz olduğunu anlayan erməni təxribatçı qruplarının bir hissəsi tərk edilmiş evlərdə, eləcə də meşə və dağlarda inşa edilmiş yeraltı qazıntılarda gizləniblər. Bu yaraqlıların vəziyyəti həqiqətən də arzuolunmazdır-Qarabağda əsl şaxtalı qış hökm sürür. Azərbaycan Ordusunun əvvəllər əsir aldığı bir çox erməni hərbçilərində ciddi donvurma müşahidə olunub, əsirlərdən birinə isə hətta ayağın amputasiyası üzrə təcili əməliyyat lazım gəlib.
Təsadüfən vurulmuş ov heyvanları ilə qidalanan, olumla-ölüm arasında qalan erməni hərbçilər zaman zaman mühasirədən çıxaraq Azərbaycan hərbçilərinə hücum etməyə çalışırlar. Və bu vaxt onlar, Azərbaycan tərəfinin silah atmaqla bağlı çoxsaylı təkliflərini sadəcə nəzərə almırlar.
Bunu Ermənistan tərəfinin mənbələri də təsdiq edirlər. Belə ki, işğal altında olmuş Hadrutun keçmiş “meri” Vaan Savadyan baş verənləri şərh edərək bu rayonda hələ də mühasirədən çıxmağa çalışan erməni hərbçilərinin qala biləcəyini bəyan edib.
Savadyan baş verənlər barədə tam məlumata malik olmadığını etiraf etsə də, blokadaya düşmüş erməni hərbçilərinin olduğu qənaətindədir. Bununla yanaşı, o, Rusiya sülhməramlılarına yardım üçün müraciət etməyə çağırıb.
Beləliklə, ermənilərin Dağlıq Qarabağda partizan müharibəsi ilə bağlı bütün söhbətlər tam əsassızdır. Gizlənən ayrı-ayrı erməni əsgər qruplarına gəldikdə isə, onların taleyi aydındır: ya əsir düşəcək, ya da növbəti antiterror əməliyyatı zamanı məhv ediləcəklər. Qarabağın dağlıq hissəsindəki özünümüdafiə qüvvələrinin acınacaqlı durumu yeganə alternativsiz həll yolunu –separatçı zonanın demilitarizasiyasını, hansı ki silahlı insidentlərin riskini əhəmiyyətli dərəcədə azaldardı, – tələb edir.