Sumqayıtı kim zəhərləyir –Nazirlikdən AÇIQLAMA
Yenixeber.org: Bir neçə gündür ki, Sumqayıtda atmosferdə həddən artıq tüstü müşahidə olunur və dəhşətli qoxu şəhərin demək olar bütün nöqtələrində sakinlərə ciddi narahatlıq yaradır. Şəhərin çıxışında yerləşən poliqonda tullantıların yandırılması şəhər sakinlərinin narazılığına səbəb olur. Dəfərlərlə bununla bağlı rəsmi qurumlara şikayət edən sakinlər yandırılan zibilin üfunətli iyindən evdən bayıra çıxa bilmədiklərini deyirlər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Modern.az-aaçıqlamasında deyib ki, Sumqayıtda zibil poliqonu 1990-cı ildə yaradılıb və müasir tələblərə cavab vermir.
“Həmin poliqona görə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunub. Zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulamışıq. Həmin əraziyə təkcə Sumqayıtdan yox, Abşerondan gələn tullantılar da daşınır. Gələcəkdə poliqonun ləğv edilməsi və orada emaledici qurğunun tikilməsi Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir”.
Nazirlik rəsmisi bildirib ki, həmin ərazidə tullantıların yandırılmasına görə, dəfələrlə fiziki şəxslər cərimə olunub.
“Sonuncu dəfə 500 manat cərimə tətbiq olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinə məktub göndərmişik. Xahiş etmişik ki, bununla bağlı tədbirlər görsünlər”.
Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirdilər ki, pis qoxuya səbəb zibil poliqonunda tullantıların yandırılması deyil.
“Sumqayıtın Xəzər bağları yaşayış massivinin aşağı hissəsində - dənizkənarının yaxınlığında 10 hektara yaxın qamışlıq ərazidə yanğın baş verməsi olub. Ərazidə qamış köklərinin tüstüləyən hissələrini tamamilə söndürmək üçün Sumqayıt şəhər Yanğından Mühafizə qarnizonunun texnika və canlı qüvvəsi, habelə Sumqayıt şəhət İcra Hakimiyyətinin ağır texnikası cəlb edilib. Hazırda isə şəhər ərazisində pis qoxu hiss edilmir.
Zibil poliqonun ləğv edilməsi və orada emaledici qurğunun tikilməsi istiqamətində məsələyə gəlincə isə bu istiqamətdə Sumqayıt şəhər İcra Hakimiyyətində müvafiq tədbirlər görülür. Artıq bir aydır ki, bu istiqamətdə işlər aparılır”.