"Eldar Mahmudovun həbsi gözlənilmir" -Sabiq təhlükəsizlik zabiti
Sabiq təhlükəsizlik zabitindən maraqlı versiya: “Görünür, keçmiş naziri müdafiə edən qüvvələri sıxmaq üçün müəyyən gedişlər edilir”
Yenixeber.org: Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, külli miqdarda əmlakını ələ keçirməkdə təqsirləndirilən MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Siyavuş Hacıyevin çıxardığı hökmlə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib və polkovnik rütbəsindən məhrum edilib. V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilən Badamdar qəsəbəsindəki 18 sot torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Şərifzadə küçəsindəki mənzili, ümumi dəyəri 1 milyon 277 min manat olan əmlakları müsadirə edilib. Məhkəmə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərilib. Hökmdə göstərilib ki, təqdimat zərərçəkmişlərin şikayəti əsasında hazırlanıb.
2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində əksəriyyət üçün gözlənilməz əməliyyat keçirildi və Eldar Mahmudov nazir vəzifəsindən qovuldu. Bundan sonra Amma gözlənilməz əməliyyat gözlənilən nəticəni də ortaya qoymadı - Eldar Mahmudovun komandasının bəzi üzvləri tutulsa da, özü də daxil olmaqla, əsas fiqurlar istintaqdan kənarda qaldı.
Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl məhkəmənin çıxardığı xüsusi qərardadı gecikmiş adlandırıb. Bildirib ki, xüsusi qərardadın cinayət işinə çevrilmə perspektivi yoxdur: “Ortalıqda bu qədər fakt olduğu bir zamanda xüsusi qərardad əvəzinə birbaşa cinayət işi başlanmalı, hər iki şəxs həbs edilməli idi. Hökmdə yazırlar ki, xüsusi qərardadı zərərçəkənlərin şikayəti əsasında çıxarıblar. Yəni məhkəmə faktlara, konkret cinayət əməllərinə istinad etməkdən yayınaraq zərərçəkənlərin şikayətinə əsaslandığını qeyd edir. Xüsusi qərardad üzrə hansısa hərəkətlilik olmayacaq, bir müddət sonra isə üzərinə bir dərkənar qoyub kənara tullayacaqlar. Bizə məlum olan və bilmədiyimiz səbəblərdən Eldar Mahmudov bu gün cinayət məsuliyyətinə cəlb edilməyib. Heç xüsusi qərardad çıxarılandan sonra da o, cinayət məsuliyyətinə cəlb edilməyəcək. Bu, sadəcə olaraq, Eldar Mahmudovun sıxılmasına hesablanan bir addımdır. Get-gedə onu sıxırlar. Görünür, ondan nəsə gözləyirlər, umurlar. Ondan alınacaq məsələlər var. Son dövrlər belə hallar çoxalıb, hər şey maddiyyət üstündə qurulub. Bugünlərdə xəbər çıxdı ki, Rabitə Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalova dövlətə vurulan ziyanı ödəməyə şərait yaradıblar. Buna qədər onu sıxırdılar, o da vurnuxurdu, ziyanı ödəyib azadlığa çıxmaq üçün yollar axtarırdı. Görünür, kimlərləsə razılığa gələ bilib və ona iş üzrə rəsmi hesablanan 7 milyon manatlıq ziyanı ödəməyə imkan veriblər. Belə çıxır ki, Eldar Mahmudov da nəyisə qaytarmalıdır və buna görə onu sıxırlar. Məsələnin başqa tərəfləri də ola bilər. Azərbaycanda ictimai rəylə hesablaşan yoxdur, amma ictimai rəyi bir az sakitləşdirmək üçün belə bir xüsusi qərardad çıxara bilərdilər. Danışanda da deyəcəklər ki, görürsünüz, biz xüsusi qərardad qəbul etmişik”.
İ.İsmayıl bildirib ki, son vaxtlar hakimiyyətdaxili qruplaşmaların mübarizəsi mətbuata da çıxır: “Yayılan məlumatlardan belə anlaşılır ki, tərəflər arasında mübarizə adamların ”vurulması" ilə davam etdirilir. Görünür ki, Eldar Mahmudovu müdafiə edən qüvvələr var və onları sıxmaq üçün müəyyən addımlar atılır. Xüsusi qərardadın çıxarılması da belə addımlardan ola bilər. Ümumilikdə isə Eldar Mahmudovun həbsi gözlənilmir. Çünki Eldar Mahmudovu müdafiə edən tərəf çox güclüdür".
Yada salaq ki, E.Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri postuna təyin olunmuşdu. Bundan dərhal sonra o, Mövlam Şıxəliyevi nazirliyin İstintaq Baş İdarəsində xidmətə qəbul edib. 2007-ci ilə qədər həmin idarənin 1-ci şöbəsinin rəisi, 2007-2008-ci illərdə Baş İdarənin rəis müavini, 2008-ci ildən 2015-ci ilədək rəisi vəzifəsində işləyib.
Musavat.com