Yenixeber.org:   Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov belə bildirib:

“Təəssüf ki, Rusiya Ali Məhkəməsi azərbaycanlıların mənafeyini düşünmədən ölkənin Ədliyyə Nazirliyinin müraciətini müsbət qiymətləndirib. Əlbəttə ki, əgər ÜAK-ın dövlət qeydiyyatı ləğv olunursa və qurum fəaliyyətini dayandırırsa, bu, ilk növbədə tarixən formalaşmış və xoş ənənələrə malik Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərir. Çünki bu gün azərbaycanlılar Rusiyanın ictimai-siyasi, mədəni və iqtisadi həyatında, ən müxtəlif sahələrdə aktiv fəaliyyət göstərirlər. Onlar seçkilərdə iştirak edib ölkənin müqəddəratını müəyyənləşdirir, vergi ödəyicisi kimi üzərilərinə düşən vəzifələri yerinə yetirirlər.

Bütün bu fəaliyyətdə ÜAK mühüm rol oynayıb. Belə bir təşkilatın dövlət qeydiyyatının ləğvi şübhəsiz ki, azərbaycanlılarda xoşagəlməz ovqat formalaşdıracaq, ciddi narahatlıq doğuracaq. Üstəlik Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçidir. ÜAK-ın fəaliyyətinin dayandırılması kimi nalayiq kampaniya ermənipərəst qüvvələrin işidir. Buna görə də Rusiya ictimaiyyətinin aktiv kəsiminə – deputat həmkarlarımıza müraciət etməliyik. Onları təşkilatın ləğvinə reaksiya verməyə, əsl həqiqəti bəyan və müdafiə etməyə, qurumun fəaliyyətinin bərpasına çağırmalıyıq. Həqiqət isə bundan ibarətdir ki, ÜAK heç bir halda Rusiya qanunvericiliyinə zidd fəaliyyət göstərməyib, göstərə də bilməz. Qurum üzərinə düşən öhdəlikləri azsaylı xalqlara məxsus digər təşkilatlardan daha intizamlı şəkildə yerinə yetirib”.

Ə. Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası ölkə jurnalistləri adından Rusiya jurnalistlərinə müraciət ünvanlayıb: “Biz bu məsələnin işiqlandırılmasında rusiyalı həmkarlarımızı obyektivliyə, peşəkarlıq prinsiplərinə sadiq qalmağa çağırmışıq”
.