Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Nazir müavini 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törətdi…” –Sabiq aparat rəhbərindən sensasion açıqlamalar

  Yenixeber.org:  Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən V.Zeynalov sərbəst ifadə verib.

O, sözünə ümumiyyətlə ifadə vermək istəmədiyini deməklə başlayıb: "Çünki ifadə verənlərin dediklərindən görünür ki, mən heç bir cinayət törətməmişəm".

V.Zeynalov nazirliyin rəhbərliyinin göstərişini yerinə yetirdiyini söyləyib:

"Mən ictimaiyyətdə cinayətkar kimi göstərildim. Buna görə də ifadə vermək istəyirəm. Deyəcəklərim çoxdur. Amma özümü yormaq istəmirəm. Qoy səbəbkar vicdan əzabı çəksin. Əsl günahkarların cəzalandırılmasına çox az qalıb. Mən və həbsxanda olan digər şəxslər də bu günü gözləyir.

Məhkəmə istintaqı dövründə vəkillərimin vəsatətləri təmin edilmədi. Maliyyə Nazirliyinin işçilərinin məhkəməyə dəvət edilib dindirilməsi, ekspertlərə suallar verilməsi, çoxsaylı vəsatətlərimiz rədd edildi".

O, ittihamları qəbul etmədiyini, təmir tikinti işlərində, mal materiallarının alınması işlərində iştirakının olmadığını bildirib:

"Məsul şəxs olmamışam, heç bir sənədlərin altında imzam yoxdur. Düzdü, səhvim var. Belə ki, mənə verilən tapşırıqları yerinə yetirmişəm. Çünkü bunu dövlət üçün etmişəm. Buna görə Allah günahımdan keçsin. Dəymiş ziyanı ödəmək istədim, lakin buna imkan vermədilər".

V.Zeynalov dindirilən zaman hazırda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovu ittiham edib:

"Sabiq nazir müavini İltimas Məmmədov bu işlərdə daha çox günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək, keçmiş nazir Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. Əli Abbasovun yerinə keçmək istəyən İltimas Məmmədov niyə həbs edilməyib?

Ən azından o, məhkəmədə gəlib şahid qismində ifadə verməli idi. Çünkü pulların çoxu ona çatmışdı. Əgər günahkar olsaydım, əmlaklarımı ailə üzvlərimin, yaxınlarımın adına keçirməzdim. İndi də imkan vermirlər ki, əmlaklarımı satıb dəymiş zərəri ödəyim. Məhkəmədən də xahiş edirik ki, ekspertlərin də müəyyən etdiyi məbləğlə əmlaklarımın satılmasına şərait yardılsın. Əgər buna da razı deyillərsə, indidən desinlər biz də müştəri axtarmayaq".

Sabiq Aparat rəhbəri Maliyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların qərəzli olduğunu və tərtib edilən aktların əsassız olduğunu söyləyib.

Daha sonra V.Zeynalov səhhətinin pisləşdiyini deyərək ifadəsini yarımçıq saxlayıb: "Artıq bədənim əsir. Bu mənə canımdan əziz deyil ki".

Məhkəmənin növbəti iclası mayın 10-na təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam