Vidadi Zeynalovun vəsatətləri rədd edildi -MƏHKƏMƏ
Yenixeber.org: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə nazirliyin nümayəndəsi Vüqar Babayev çıxış edib.
O bildirib ki, təqdirləndirilən şəxslərdən N.Məmmədov, E.Məmmədov və S.Hümbətov dəymiş zərəri ödəyiblər. V.Babayev həmin şəxslərə qarşı mülki iddialarının olmadığını deyib.
V.Zeynalovun vəkili Bəylər Məmişov nazirliyin nümayəndəsinə sual verib. O, 3 nəfər tərəfindən ödənilən məbləğin ittihamda yazılan ümumi 153 milyon manatdan çıxılıb-çıxılmadığını soruşub.
V.Babayev isə buna yekunda məhkəmənin qərar verəcəyini söyləyib.
Daha sonra hakim V.Zeynalova sərbəst ifadə vermək üçün müraciət edib. Bu zaman onun vəkili Elxan Süleymanlı vəsatətlərinin olduğunu deyib. O, vəsatətlətlərində qeyd edib ki, həm Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, həm də məhkəmə istintaqında ciddi prosesual qayda pozuntuları olub: "İttihamda 153 milyon manatın mənimsənildiyi göstərilib. Amma mülki iddiaçı dəqiq olaraq, hansı məbləği müdafiə etdiyini açıqlamır. İstintaq dövründə bəzi şəxslər dəymiş zərəri ödəyib, lakin ödənilən məbləğ məlum deyil".
Müdafiəçinin digər vəsatətləri isə ekspertlərin, əlavə şahidlərin, mütəxəsislərin dindirilməsi ilə bağlı olib. O bildirib ki, cinayət işi materiallarında olan ekspert rəyləri məhkəmədə elan edilməli və müzakirə olunmalıdır.
V.Zeynalovun vəkilinin qaldırdığı vəsatətlərə digər təqsirləndirilən şəxslərin bəzi müdafiəçiləri etiraz ediblər.
M.Məmmədovun vəkili Şahin Rəfiyev deyib ki, təqdirləndirilən şəxslərin dəymiş zərəri ödəməsi ilə bağlı istintaq materiallatında məlumat var. Müdafiəçi bu səbəbdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərilməsinin mənasız olduğunu və digər vəsatətlər də əsassız olduğu üçün təmin edilməməsini istəyib.
Vəsatətlərə münasibət bildirən V.Zeynalov çıxış edib. O, öz vəkilinin birinci vəsatətinin təmin edilməməsini istəyib: "Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərməyə ehtiyac yoxdur. Hər adama nə qədər məbləğ yazılması qara hərflərlə istintaq materiallarında var. Mənə maraqlı deyil ki, kim nə qədər ödəyib".
V.Zeynalov digər iki vəsatətin təmin edilməsini, Maliyyə Nazirliyinin nümayəndələrinin, ekspertlərin dindirilməsini və sənədlərin elan edilərək məhkəmədə müzakirə edilməsini tələb edib.
Vəsatətlər təmin edilməyib.
Məhkəmə sərbəst ifadə vermək üçün V.Zeynalova fasiləyə qədər vaxt verib.
Proses fasilədən sonra davam etdiriləcək.