LİFT İDARƏSİ RƏİSİNİN ZƏNGİN HƏYATI –VİDEO+FOTOLAR
Qüdrət Şükürovun öz keçmiş kürəkənini döydürdüyü deyilir
Yenixeber.org: Ölkə əhalisinin böyük əksəriyyəti çörək, işıqpulu, kredit və s. bu kimi qayğılarla yaşayarkən məmurlar cah-cəlal içində üzür. 400 min dollara başa gələn toy məclisi, Maldiv adalarında istirahət, bahalı maşınlar, özəl yaxtalar və s. Özü də bütün bunlar Azərbaycanda oliqarx kimi tanınan nazirlərə yox, ilk baxışdan sıradan bir çinovnik kimi görünən adamlara da aiddir. Əgər kimsə iddia etsə ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov və onun ailəsinin hər bir üzvü milyonlara sahibdir, buna az adam inanar. Amma…
“Basta” saytına Qüdrət Şükürovun öz keçmiş kürəkənini xüsusi qəddarlıqla döydürdüyü haqda məlumat daxil olub. Bildirilir ki, Qüdrət Şükürovun qızı Aysel Şükürova bir neçə il bundan öncə birinci həyat yoldaşı Elşən Əsgərlidən boşanaraq 2-ci dəfə ailə qurub. İddiaya görə, birinci nigahdan dünyaya gətirdiyi uşağı atasından icazəsiz – saxta sənədlə xaricə aparmaq istəyib. Amma uşağın atası Elşən Əsgərli bundan xəbər tutaraq, övladının xaricə aparılmasına əngəl yaratdığı üçün tərəflər arasında yeni konflikt yaranıb
Verilən məlumata görə, bundan sonra Qüdrət Şükürov keçmiş kürəkəni Elşən Əsgərli ilə haqq-hesab çəkmək qərarına gəlib.
“Qüdrət Şükürov yeni kürəkəni Oqtaya 6 nəfər qoçu qoşaraq, onları keçmiş kürəçəni Elşən Əsgərlinin üzərinə göndərib, ona ağır bədən xəsarətləri yetirilib. Bununla bağlı Nərimanov polisinə şikayət edilsə də, hadisəni törədənlər məlum olsalar da, polis heç bir tədbir görmür”, – mənbə bildirir.
Mənbənin sözlərinə görə, bu gün, aprelin 12-də Elşən Həsənli hadisənin baş verdiyi Nəsimi Rayon Polis İdarəsinə çağırılıb: “Polis onu xəsarətlərinin rəsmiləşdirilməsi üçün tibbi ekspertizaya göndərib. Onun üzundə, belində, ayağında ağır xəsarətlər var, ekspertiza bunu təsdiqləyib. Amma onu döyənlər saxlanılmayıb”
İlk baxışda ailə-məişət məsələsi kimi görünən bu məlumatda iki məqam diqqət çəkir: məmurun adı ilə bağlı olan cinayətin hüquq-mühafizə orqanları tərəfindən ört-basdır edilməsi və Bakı Lift İdarəsinin var-dövləti haqda iddialar.
Qeyd edək ki, Qüdrət Şükürovun adı mediada bir sıra korrupsiya işlərində hallanıb. Bakı Lift İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir.
Mənbə bildirir ki, Şükürovların Dubayda evləri, bahalı maşınları və özəl yaxtası var.