Arif Əsgərov ölkədən qaça bilər:48 milyonluq yeyinti
Sabiq nazir müavini hazırda müdafiəsiz və himayəçisiz qalıb; iki il öncə istintaqdan yayınmaq üçün Nəqliyyat Nazirliyində formal vəzifə tutan Əsgərov hazırda bütün immunitetini itirmiş durumdadır; canını qurtarmaq üçün onun iki yolu var...
Xeberinfo.com: Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra Ziya Məmmədov işsiz qalıb. O, “Yeni Müsavat”a açıqlamasında deyib ki, daha nazir deyil, sıravi vətəndaşdı. Z.Məmmədovun nazir postundan kənarlaşdırılıb daha yüksək vəzifəyə gətiriləcəyi haqda deyilənlər isə hələlik öz təsdiqini tapmır. Amma hakimiyyətin indiyədək olan yanaşmasından çıxış edərək demək olar ki, Z.Məmmədov işsiz qalmayacaq. Deyilənlərə görə, o ya prezidentin müşaviri təyin ediləcək, ya da xarici ölkələrdən birinə səfir göndəriləcək.
Z.Məmmədovun nazirliyinin ləğvi onun müavinlərini də işsiz qoyub. Üstəlik, həm də sabiq nazir müavinləri himayəsiz, müdafiəsiz qalıblar.
Ən qəliz vəziyyətlə isə heç şübhəsiz Arif Əsgərov üzləşib. 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış A.Əsgərovun adı böyük qalmaqallarda hallanırdı. Hətta 2013-cü ildə bu qalmaqallar üzündən onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Məsələ mətbuatda hallanmağa başlayan kimi A.Əsgərov oğlunu xaricə göndərdi. Beləliklə, əsas fiqur hadisələrdən kənarda qala bildi. Əvəzində Rahib Hüseynov və qardaşı etmədikləri qanunsuzluqlara görə həbsdə qaldılar.
İş üzrə 50 sahibkar zərər çəkib və onlar prezidentə müraciət ediblər. Faktla bağlı məlumatlarda ictimaiyyətin diqqətini daha çox cəlb edən məqamlardan biri isə maliyyə fırıldağında bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərovun da iştirak etməsi haqda iddialar idi. Qeyd edək ki, o dövrdə məsələ ilə bağlı çox müzakirələr aparıldı, mətbuatda, həmçinin “Yeni Müsavat”da silsilə yazılar dərc olundu. Arif Əsgərovun və oğlunun cinayət məsuliyyətinə cəlb edilməməsi o dövrlərdə hər kəsi maraqlandıran suallardan idi. Arif Əsgərovun Ziya Məmmədovla yaxın münasibətlərinin olduğu da bilinirdi.
İllərlə uzanan istintaqdan yayınmağı bacaran A.Əsgərov 2015-ci ildə ölkə prezidentinin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edildi. Bununla da A.Əsgərov 2 il öncə mümkün həbsdən canını birtəhər qurtara bildi.
Bəs indi onun aqibəti necə olacaq?
Özünün ən güclü himayəçisini itirmiş, vəzifədən məhrum olmuş Arif Əsgərovun aqibəti yaxşı görünmür. Kifayət qədər pulu, malı-mülkü olan bu adam istintaqçıların və hakimiyyətdəki digər qruplaşma liderlərinin diqqətini çəkməyə bilməz. Onu həbs etmək üçün kifayət qədər əsas da var. Ata-oğul Əsgərovların ayağında 48 milyon oğurluq var. Təkcə bu faktı qurdalamaqla A.Əsgərovu qandallamaq mümkündür.
Bu arada, Rahib Hüseynovun həbs edildiyi cinayət işində “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun köməkçisi və həmyerlisi İlqar Məmmədov və “DəmirBank” ASC-nin Mərkəz filialının müdiri Müşfiq Tükanovun da adı çəkilirdi. Müşfiq Tükanovdan əvvəl həmin filialın müdiri Arif Əsgərovun köməkçisi İlqar Məmmədov olub.
İlqar Məmmədov A.Əsgərova köməkçi təyin olunandan sonra onu Müşfiq Tükanov əvəzləmişdi. Onun Mərkəz filialındakı xidməti otağında dəmir yolunda qaranlıq əməliyyatların ssenarisi yazılıb. Onları da Müşfiq Tükanovla tanış edən İlqar Məmmədov olub. Onun Mərkəzi Bankda işləyən qayınatasının vasitəçiliyi ilə “DəmirBank”ın Mərkəz filialı şübhəli maliyyə əməliyyatlarının əsas mərkəzlərindən birinə çevrilib. Yeyinti faktının əsas iştirakçıları kimi göstərilən Arif Əsgərov və oğlu Elnar Əsgərov isə bu gün rahat şəkildə azadlıqda gəzirlər.
Hazırda Arif Əsgərovun iki yolu var: ya mal varlığını dövr edib, azadlığını satın almalıdı, ya da ölkədən tez bir zamanda qaçmalıdır ki, istintaq onu qandallaya bilməsin. Sabiq dəmir yolu şefi hansı yolu seçəcək? Ümumiyyətlə, ona seçim haqqı tanınacaqmı? Yaxın zamanlarda bilinəcək.
Mövzunu davam etdirəcəyik.