Edson Arantes do Nasimento və ya çoxlarının sadəcə Pele kimi tanıdıqları futbol kralı vəfat etdi. O, ömrünün 83-cü ilində xərçəng xəstəliyinə məğlub oldu.
Yenixeber.org: Pele 1940-cı il oktyabrın 23-dəBraziliyanın Minas Jerays ştatının Tres Korasoyns şəhərində kasıb ailədə anadan olub. Adının məşhur ixtiraçı Tomas Edisonun şərəfinə qoyulduğu deyilir. Atası keçmiş futbolçu idi və şəhərin adını daşıyan klubda, sonra isə daha məşhur “Atletiko Mineyro”da çıxış edib. Amma zədə səbəbindən karyerası yarımçıq qalıb. Balaca Edsonu topla məhz o tanış edir. Gələcək futbol kralının dörd yaşı olanda ailəsi daha böyük Bauru şəhərinə (San Paulu ştatı) köçür.
“Pele” adı ilə bağlı versiya isə ondan ibarətdir ki, o, “Vasko da Qama” klubunun qapıçısı Bilenin adını səhvən Pele deyib, tay-tuşları da istehza ilə ona bu ləqəbi qoyublar. Bu lağlağını birinci edən adamın ağlına da gəlməzdi ki, gün gələcək, dünyada Pele adını eşitməyən adam az tapılacaq. Deyilənlərə görə, bu ad Edsonun xoşuna gəlməyib və onu belə adlandıran sinif yoldaşı ilə dalaşıb. Amma uşaq aləminin qaydaları belədir ki, hər hansı ayamaya nə qədər kəskin reaksiya versən, o qədər möhkəm sənə yapışacaq.
Edson uşaq yaşlarından işləyərək, ailə büdcəsinə öz töhfəsini verməyə çalışır. Boş vaxtı olan kimi futbol oynayır. Onun nə top, nə də idman ayaqqabısı almağa pulu vardı. Ayaqyalın oynayırdı, top əvəzinə də müxtəlif şeylərdən, məsələn, içinə qəzet doldurulmuş corabdan istifadə edirdi.
Bir müddət sonra uşaq komandalarına dəvət edilir. Yerli “Bauru Atletiko” komandasının yeniyetmələrdən ibarət komandası məhz Pelenin hesabına iki dəfə ştat çempionu olur. Komandanın məşqçisi Valdemar de Brito onu 1956-cı ildə “Santos” klubuna apararaq, heyətə almağı tövsiyə edir. Komandanın məşqçisi də Pelenin istedadından təsirlənir və hələ 16 yaşı olmayan futbolçu ilə müqavilə imzalanır.
Pele ilk rəsmi oyununu sentyabrın 7-də, “Korintians de Santo Andre” klubuna qarşı keçirir. Həmin oyunda “Santos” 7:1 hesabı ilə qələbə qazanır. Qollardan birini Pele vurur. Uğurlu startına baxmayaraq, yalnız növbəti mövsümdən komandanın əsas heyətində möhkəmlənir. O, mövsüm ərzində 17 qol vuraraq, Paulista liqasının (San Paulu ştat çempionatının) ən yaxşı bombardiri olur. Həmin il Pele Braziliya millisinə dəvət alır və beynəlxalq karyerasına başlayır.
***
Pelenin tanınması 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında baş verdi. O, burada ilk iki oyuna çıxmadı. Yalnız SSRİ-yə qarşı qrupdakı son matçda oynadı. 2:0 hesabı ilə qalib gələn braziliyalılar qrupda birinci yerdən pley-offa çıxdılar. Artıq ¼ finalda Pele ilk qolunu vurdu. Bu qol Braziliyaya Uelsə qalib gəlmək imkanı verdi – 1:0.
Yarımfinalda rəqib Fransa idi. Cənubi amerikalıların 5:2 hesabı ilə qalib gəldikləri bu oyun Pelenin benefisi oldu. O, ikinci hissədə üç qol vuraraq, dünya çempionatlarında het-trik edən ən gənc futbolçu, eləcə də Leonidas da Silva və Ademirdən sonra üçüncü və hələlik son braziliyalı oldu. Ötən 64 il ərzində başqa braziliyalı buna nail ola bilməyib.
Finalda isə rəqib ev sahibi İsveç idi. Braziliya bu oyunda da 5:2 hesabı ilə qalib gəldi. Pele bu dəfə dubl etdi. Beləcə, Braziliya tarixində ilk dəfə dünya çempionu oldu. Pele isə bu titulu 17 il 249 gün yaşda qazanaraq, ən gənc dünya çempionu oldu ki, bu rekord indiyə qədər yenilənməyib.
O zaman çempionatın ən yaxşı oyunçusu müəyyənləşdirilmirdi. Jurnalistlər arasında sonralar keçirilən sorğunun nəticələrinə görə, Pele həmvətəni Dididən sona ikinci ən yaxşı oyunçu seçildi.
***
Çilidə keçirilən 1962-ci il dünya çempionatında Braziliya öz titulunu qorudu və ikinci dəfə çempion oldu. Amma Pelenin bu nailiyyətə töhfəsi Meksika ilə ilk oyunda bir qol və bir məhsuldar ötürmə oldu. Çexoslovakiyaya qarşı ikinci oyunda zədələnərək, daha turnirdə iştirak etmədi. Əvəzində karyerasının zirvəsində olan Qarrinça ölkəsini qələbəyə daşıdı.
1966-cı ildə İngiltərədə keçirilən VIII dünya çempionatında Braziliya fiaskoya uğradı. Bunun səbəblərindən biri də rəqiblərin Peleyə qarşı kobud oyunu idi. İlk oyunda Pele və Qarrinçanın vurduğu qollar hesabına Bolqarıstan məğlub edildi. Bu qol Peleni üç çempionatda qol vuran ilk oyunçu etdi.
Bolqarların kobud oyunu nəticəsində zədələnən Pele Macarıstana qarşı oyunu buraxmalı oldu. Nəticədə, macarlar 3:1 hesabı ilə qalib gəldilər. Qrupda son oyun güclü Portuqaliyaya qarşı idi. Zədəsi tam sağalmayan Pele oyuna çıxdı və elə matçın əvvəlində Joau Moraişin kobud oyunu nəticəsində zədələndi. Birmənalı rəyə görə, hakim portuqaliyalı müdafiəçini meydandan qovmalı idi, amma bunu etmədi. O zaman dəyişikliyə icazə verilmədiyi üçün Pele meydanda qaldı və oyunun sonuna qədər axsadı.
Matç isə Eysebionun liderlik etdiyi pireneylilərin xeyrinə qurtardı – 3:1. Qrupda üçüncü yeri tutan Braziliya vaxtından əvvəl evə yollandı. Özünə qarşı kobud oyundan bezən Pele bir daha dünya çempionatında iştirak etməyəcəyini söylədi, amma üç il sonra fikrini dəyişdi
***
Əvəzində 1970-ci ildə Meksikada keçirilən növbəti çempionat Braziliyanın triumfu, üçüncü çempionluğu və Jül Rime kubokuna həmişəlik yiyələnməsi ilə nəticələndi. Həmin komanda Braziliya tarixinin ən yaxşı milli komandası, bəzilərinin fikrincə isə ümumiyyətlə, futbol tarixinin bütün ölkələr üzrə ən yaxşı milli komandası hesab edilir.
Cənubi amerikalılar ilk oyunda Çexoslovakiyanı darmadağın etdilər – 4:1. Qollardan birini Pele vurdu. Sonrakı iki oyun isə daha ağır keçdi. Jairzinyonun yeganə qolu ilə İngiltərə məğlub edildi. Bu oyunda Pelenin baş zərbəsini ingilislərin qapıçısı Qordon Benks inanılmaz reaksiya ilə dəf etdi. Həmin epizod futbol tarixində ən möhtəşəm seyvlərdən biri sayılır.
Üçüncü oyunda isə Pelenin dubluna və Jairzinyonun bir qoluna rumınlar iki qolla cavab verdilər – 3:2. Pley-offun ilk mərhələsində rəqib Peru komandası idi. Braziliyanın 4:2 hesabı ilə qalib gəldiyi oyunda Pele fərqlənmədi, amma üçüncü qolu onun ötürməsindən sonra Tostao vurdu.
Yarımfinalda da rəqib Cənubi Amerikadan idi – Uruqvay. Bu, 1950-ci ildəki Marakanaso faciəsindən sonra komandaların dünya çempionatlarında ilk qarşılaşması idi. Braziliyanın 3:1 hesabı ilə qələbə qazandığı bu oyunda Pele yenə fərqlənmədi, yalnız məhsuldar ötürmə etdi. Amma oyunun sonlarında bir epizod baş verdi ki, Pele barədə hazırlanan az qala bütün videoçarxlarda yer alır.
Tostaonun cinah ötürməsindən sonra həm Pele, həm də Uruqvayın qapıçısı Mazurkeviç topa doğru qaçdılar. Pele daha tez yetişdi, amma toxunmayaraq buraxdı, top çaşıb qalan qapıçının da yanından keçdi. Braziliyalı topa yetişərək qapıya vurdu, amma zərbəsi azca dəqiq olmadı.
Yarımfinallardan sonra məlum oldu ki, bu çempionat Jül Rome kuboku üçün sonuncudur. Belə ki, finalda qarşılaşan hər iki komanda – həm Braziliya, həm İtaliya artıq iki dəfə çempion olmuşdular və üçüncü dəfə olacaqları təqdirdə qaydalara görə, kuboka həmişəlik sahiblənəcəkdilər.
Hesabı 18-ci dəqiqədə Pele baş zərbəsi ilə açdı. Beləliklə o, həmvətəni Vavadan sonra iki finalda qol vuran ikinci oyunçu oldu. İtaliyalı Boninsenya hesabı bərabərləşdirdikdən sonra ilk hissə 1:1 hesabı ilə yekunlaşdı. İkinci hissədə Jerson cərimə meydançasından kənarda endirdiyi zərbə ilə braziliyalıları önə çıxardı. Bundan sonra Pele iki məhsuldar ötürmə etdi. 71-ci dəqiqədə onun baş ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Jairzinyo hesabı artırdı. 86-cı dəqiqədə isə Pelenin ideal ötürməsindən sonra sürətlə cərimə meydançasında daxil olan Karlos Alberto Torres oyunda son nöqtəni qoydu – 4:1.
Beləliklə, Braziliya özünün üçüncü titulunu qazandı. Pele isə üçqat dünya çempionu olmaqla indiyə qədər heç kəsin təkrar etmədiyi rekorda sahib oldu. O, həm də çempionatın ən yaxşı oyunçusu seçildi.
Pele Braziliya millisində son oyununu 1971-ci il iyulun 18-də Yuqoslaviyaya qarşı keçirdi. 138 mindən çox tamaşaçının izlədiyi, 2:2 hesabı ilə bitən oyunda Pele yalnız birinci hissədə oynadı. Braziliya millisində keçirdiyi 92 oyunda 77 qol vuran Pelenin rekordu indiyə qədər təzələnməyib. Bu oyunların nəticələri belədir: 67 qələbə, 14 heç-heçə və 11 məğlubiyyət. Pelenin və Qarrinçanın ikisinin də meydanda olduğu heç bir oyunu Braziliya uduzmayıb.
***
Pele klub karyerasının, demək olar, hamısını “Santos”da keçirdi. 18 il ərzində o, 10 dəfə San Paulu ştatının çempionu, 6 dəfə Braziliya çempionu, 5 dəfə Braziliya kubokunun sahibi oldu. İki dəfə Cənubi Amerika ölkələri çempionları arasında keçirilən Libertadores kubokunu, iki dəfə də Qitələrarası kuboku qazandı.
1975-1977-ci ildə “Nyu York Kosmos” klubunda çıxış edən Pele 1977-ci il oktyabrın 1-də vida matçını keçirdi. “Kosmos” və “Santos” klublarının qarşılaşdığı oyunda Pele birinci hissəni Amerika klubunun, ikinci hissəni Braziliya klubunun heyətində keçirdi. Bu matçda o, son qolunu vurdu və bu qol 18 il çıxış etdiyi “Santos”un qapısından keçdi. “Kosmos” 2:1 qalib gəldi.
Pelenin karyerası boyu 1363 oyun keçirdiyi və 1281 qol vurduğu iddia olunur. O, 92 oyunda üç, 30 oyunda dörd, ən azı 6 oyunda beş qol vurub. 1964-ci ildə baş tutan oyunda isə “Botafoqo”nun qapısından səkkiz top keçirib.
***
Edson üç dəfə ailə qurub. Birinci arvadı Rozemeri dos Şeys Şolbidən üç övladı var. Assiriya Lemos Seyşasla ikinci evliliyindən əkiz övlad sahibidir. Üçüncü seçimi isə 2016-cı ildə olub – 50 yaşlı yapon əsilli Marsiya Sibeli Aoki ilə.
2021-ci ilin sentyabrında Pele yoğun bağırsaq şişindən əməliyyat olundu. Ailə üzvləri “hər şeyin qaydasında olduğunu” desələr də, az sonra məlum oldu ki, onun kimyaterapiyaya ehtiyacı var. 2022-ci ilin yanvarında xəstəxanaya yerləşdirilən Peledə ürək çatışmazlığı və şüur pozğunluğu da aşkar olundu. Dekabr ayında məşhur futbolçuda respirator infeksiyası da aşkar olundu. Vəziyyətinin kritik olduğu artıq məlum idi. Bu səbəbdən, Braziliya yığmasının oyunçuları Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyunundan sonra onun şəklinin təsvir olunduğu plakat açdılar. Çempionatın keçirildiyi Qətərdə binaların fasadını da onun şəkilləri bəzəyir, sağlıq arzuları bildirilirdi.
29 dekabrda qol kralı gözlərini əbədi olaraq yumdu…