Təhsilin «anasını ağladan» nazir
Mikayıl Cabbarovun əkdiyi «turp»lar «qızarmağa» başlayıb
Xeberinfo.com: Azərbaycanın təhsil sisteminin hansı günlərə qaldığı sirr məsələ deyil. Keçmiş təhsil naziri Misir Mərdanovun vaxtında rüşvət və korrupsiya hər nə qədər yüksək həddə olsa da, yenə də orta məktəblərdə, hətta ali təhsil ocaqlarında təhsil deyilən bir şey vardı.Politika.Az xəbər verir ki, 3 ildir təhsilin başına keçən Mikayıl Cabbarov isə artıq Mərdanovun atasına rəhmət oxutdurmağa çoxdan başlayıb.
Bu gün orta məktəblərdə tədris proqramından tutmuş, təhsilin səviyyəsinə qədər hər şeyin biabırçı həddə olması gizlin sayılmayan hallardandır. Elə bunun məntiqi nəticəsidir ki, hazırda ali məktəbə sənəd verən abturiyentlərin 85 faizindən çoxu 0-199 bal toplayıblar. Bu rəqəm ilk baxışdan heç nəyi ehtiva etməyə də bilər. Amma reallıq ondan ibarətdir ki, faktiki olaraq təhsil alan gənclərin 85 faizi savadsızlıq həddindədir, təhsil görməyib və biliyi ən minimum həddədir.
Məlumata görə, Mikayıl Cabbarovun yaratdığı problemlər təkcə bununla bağlı deyil. Məsələ ondadır ki, təhsil naziri dərsliklər məsələsində də ciddi səhvlərə yol verməkdədir. Artıq orta məktəb dərsliklərində ağlasığmaz məsələlər, mətnlərin yer aldığı, təhsilə dəxli olmayan hallar barədə yazıldığı valideynləri də bezdirib. Üstəlik, uşaqların kütləşməsi, savadsızlaşmasına şərait yaradan məsələlərin, habelə bəzən əxlaqsız mətnlərin belə dərsliklərə yol tapması artıq biabırçılığın hansı həddə olduğunu göstərir.
Mikayıl Cabbarovun yaratdığı sistem əslində, bu günümüz üçün olmasa da, yaxın 5-6 il üçün artıq ciddi fəsadlar verməyə başlayacaq. Kütləvi savadsızlıq, rayonlarda təhsilin tamamilə sıradan çıxması, ali təhsil ocaqlarında kasıb balalaranın oxumaması halları total şəkil alacaq. Ancaq bu da faciə deyil. Faciə odur ki, təhsil nazirinin yaratdığı mühitin içindən çıxan həmin savadsız kütlə Azərbaycanı yenidən cəhalət dövrünə aparmaqla yanaşı, həm də mənfi yönlənmələrə səbəbkar olacaq. Məsələn, bu gün bəziləri savadsızlıq, mütaliəsizlik və cahillik üzündən radikal dini cərəyanlara üzv olurlar. Hətta Suriyada gedəni vətəndaş müharibəsi də təsdiqlədi ki, Azərbaycanda da kütləvi psixoz halında olan xeyli sayda insan var və onlar hətta bu ölkədə döyüşmək üçün yola çıxmaqdan da çəkinməyiblər.
Bütün bunların birmənalı olaraq savadsızlıqdan, təhsilsizlikdən yarandığı şübhəsizdir. Bunun qarşısını almaq üçün təhsilin səviyyəsini artırmaq, tədris proqramını daha da təkmilləşdirmək zərurəti var. Amma Mikayıl Cabbarov nə işlə məşğuldur?Politika.Az xəbər verir ki, təhsil sektorunu bazara çevirmiş nazir, bununla kifayətlənməyib, onun «anasını ağlatmaq»dan da çəkinmir. Elə bu səbəbdəndir ki, həyata keçirdiyi «eksperiment»lər nəticəsində əkilmiş «turplar» təhsilin «başında» «qızarmağa» başlayıb. Və bu şəkildə davam edərsə, məsələ «turp»la deyil, «sarmısaq»la bitəcək. Çünki təhsilin məhv olması səbəbindən yaranmış «sarmısaq» qoxusu çoxlarını qorxutmağa və gen gəzməyə vadar edib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.