Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Ayrılıq gətirən sevgi, faciə dolu ömür, məzarda tapılan xoşbəxtlik... -Onu həyat qətlə yetirdi, ölüm hüzura qovuşdurdu

news content

Şüvəlan məzarlığında uzaqdan diqqət çəkən, daşa hopmuş bir tanış sima var. Üzündə təbəssüm cansız daşdan boylanan gənc qız və gənc oğlan məzarı ilə yanaşı… Ana və iki gənc övladı baş-başa veriblər sanki... 

Yenixeber.org: Həyat çox amansızdır. Səni əlləri üstündə göylərə qaldırar, öz zirvəndə elə xoşbəxt olarsan ki, bir gün o əllərin elə həmin ucalıqdan səni buraxacağı heç ağlına belə gəlməz… 

Atası hərbçi, anası evdar qadın idi. Əslən Şəkidən olsalar da, Bakıda yaşayırdılar. Uşaqlıqdan Azərbaycan filmlərinin vurğunuydu. O vaxtın bütün Bakı əhli kimi tez-tez axşamlar ailəliklə teatra gedərdilər. O qədər sənətə aludə olmuşdu ki, özünü başqa sahədə təsəvvür belə edə bilmirdi, amma bu barədə valideynlərinə nəsə deməyə cəsarəti çatmırdı. Bilirdi “olmaz”la rastlaşacaq, o sözü eşitməmək üçün fikrini açıqlamırdı. Öz-özlüyündə düşünüb, çıxış yolu tapmağa çalışırdı.

Qəhrəmanım Azərbaycan kinosunun koloritli aktrisalarından biri, Xalq artisti Nuriyyə Əhmədovadır. 

Atasının gözəl səsi olub, musiqini sevərmiş. Görünür, səs də genetik olduğundan Nuriyyənin də səsi vardı. Sənətə də səsi ilə gəlib, hərçənd, son illər heç deməzdin ki, bu qadının nə vaxtsa gözəl səsi olub. Həyatının ağırlığından birinci sıradan çıxan səs telləri olmuşdu. Hərdən həyət-bacada oxuyanda bağ qonşuları Tofiq Bakıxanov eşidirmiş. Bir gün ustad ona təklif edib ki, gəl səni Musiqili Komediya teatrına işə götürək, orda səsi olan azərbaycanlı qızlara ehtiyac var.

Deyəsən, çıxış yolu öz-özünə gəlib çıxmışdı, atası xətrini çox istədiyi Tofiq Bakıxanovun sözündən çıxmazdı.

Bu minvalla, Musiqili Komediya Teatrında işə başlayır.

Oğlanlar başına fırlanardı

Teatrda həmin vaxtlar yeganə gənc qız Nuriyyə olub, qalan hamısı yaşlı qadınlardı, hətta baletin özündə də. O sahələrdə işləyən elə bir gənc oğlan yox idi ki, Nuriyyənin ətrafında dolaşmasın. Bütün gənc qız obrazlarını oynayan, bir qədər də oğlan kimi davranan bu qız hamını özünə cəlb etmişdi, amma onu cəlb edən olmadığı üçün qız göylərdən enmirdi.

Bir dəfə tamaşalardan birinə baxmağa gələn ustad sənətkar Müxlis Cənizadə səhnə arxasına keçib Nuriyyənin təhsili ilə maraqlandı, qızın təhsil almadığını eşidəndə çox məyus oldu, dedi ki, "sən əsl aktrisasan, təkcə qalır təhsil almağın, gəl qəbul edək instituta, oxu". O vaxtlar səhnədə azərbaycanlı qızlar az olduğundan müəllimlər çalışırdılar ki, öz qızlarımız təhsil alıb, səhnəyə gəlsinlər. Musiqili Komediya Teatrına o vaxtlar rəhbərlik edən Şəmsi Bədəlbəyli isə Nuriyyəni buraxmaq istəmirdi, ehtiyat edirdi ki, təhsil alandan sonra kinoya, yaxud, başqa teatrlara gedər.  

Bakı kəndindən tamaşalarına gəlib çatdırmaq, gecə tamaşadan çıxandan sonra evə getmək çətin olduğundan Nuriyyə şəhərin mərkəzində ermənilərin, yəhudilərin evlərində kirayələrdə qalırmış. Bir yerdə işlədikləri, çox gözəl səsi olan Xanlar adlı oğlan gecələr evə gedəndə ehtiyatla, kölgə kimi arxasınca gedib, onu evə yola salarmış. Bunu Nuriyyə hiss edirdi, amma təəccüblənirdi ki, axı, normal münasibətlərimiz var bununla, niyə yaxınlaşmır, demir ki, səni yola salım. Bunu nişanlanandan sonra Xanlardan soruşur.  Xanlar cavabında deyir: "Bakı kiçik şəhərdir, səni kiminsə oğlanla gedib-gəldiyini görməsini istəmirdim, birdən qismət olmazdıq bir-birimizə, niyə adına söz gəlsin"

Həmin il İncəsənət İnstitutunda Adil İsgəndərovun rəhbərliyi ilə kinoaktyorluq fakültəsi açılır, Nuriyyə sənədlərini verir və qəbul olunur həmin fakültəyə. Deməli, Şəmsi Bədəlbəylinin qorxduğu başına gəlir. Amma oxuduğu illərdə Nuriyyə bir müddət işləyir Musiqili Komediyada, üstəlik, orda ömür-gün yoldaşı da seçir. Deyirdi, elə bilirdim ömürlük ərə getməyəcəm, amma Xanların intellekti məni cəlb elədi özünə: “O qədər mədəniyyətlə davranırdı ki, adam heyran qalırdı. Bəlkə Allahın qisməti imiş. Düzdür, sonra deyirlər ki, "məni gördün hayıl-mayıl oldun, sən seçdin, mən yox”, fikrini də mənə çox çətinliklə açdı. Üç il görüşdük, sonra valideynlərimizlə tanış olduq. Anasının özünün Xanlar üçün namizədi varmış, birtəhər razı saldı anasını. Bir il də nişanlı qaldıq”.

Evdə onun incəsənətə qəbul olunduğunu bilən olmayıb, nişanlanandan sonra biliblər, onda da atası deyib ki, daha özləri bilərlər.

Adil İsgəndərov ailə qurmasına etiraz edib

Adil İsgəndərov bəzi tələbələrini o vaxt Moskvaya iki illik rejissorluq kurslarına göndərdi. Əbdül Mahmudov diplom işi kimi “Qəribə ov” filmini çəkdi, Nuriyyəni də ilk rola o dəvət elədi. Nuriyyə kinoya çox gec gəlib, daha çox televiziya verilişlərində iştirak edirdi. O vaxt əyləncəli verilişlər vardı, səhnəciklər çox hazırlanardı. İnstitutu qurtarandan sonra kinoya gedib. Bir müddət də o vaxtkı Tədris Teatrında işləyib, Adil İsgəndərov aparmışdı onu ora, amma kinolara çəkilməyə icazə vermirdi, “oxu, sonra çəkilərsən” - deyirdi.  Hələ Nuriyyənin ailə qurduğunu eşidəndə Adil İsgəndərov əziz bir insanı itirmiş kimi olub. Deyib ki, Azərbaycan aktrisası tapırıq, yetişdiririk, gedir ərə, atır sənəti, bu da elə olacaq.

Sonralar Nuriyyə Əhmədova hər sənət uğurunu ustadına deyər və onun gözlərindəki sevincdən ilham alarmış. Deyirdi, heyif, xalq artisti olmağımı görmədi.

Nuriyyə ilə Xanlar 1975-ci ildə evləniblər, hər ikisi səhnə ulduzu, gələcəyi olan sənət adamı. Əvvəl Bakı adəti ilə qız toyu, sonra da oğlan toyu olub. 1976-da ilk övladları - qızları dünyaya gəldi.

Bu arada Xanlar İbadov artıq Filarmoniyada solist işləyirdi.

Xanlar Filarmoniyada daha çox qastrollara gedirdi. Nuriyyə isə evdə qızına baxırdı. O vaxtlar uşağın 3 yaşına qədər işə getməyə bilərdin. İlk vaxtlar hər şey yaxşı idi, Xanların səhhətində problemlər yarananda isə hər şey pisə doğru irəliləməyə başladı ...

Xanlar iki dəfə əməliyyat olundu. Vokalist üçün bu şikəstlikdi, oturdu evdə, olmazdı oxumaq. Nuriyyə həm oxumalı, həm uşağa baxmalı, həm də işləməli idi. Kinolara da çəkilirdi. Şahmar Ələkbərovun “Sahilsiz gecə” filminə çəkildi. Sonra ayrı-ayrı illərdə “Bağ mövsümü”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması”, Evlənmək istəyirəm”, Kişi sözü”, “Yuxu”, “Zirzəmi”, “Yoxlama” “Fransız”, "Həm ziyarət, həm ticarət", “Hər şey yaxşılığa doğru” və sair.

Xanların analığının evində yaşayırdılar. Bu evin üstündə bir neçə nəfərin adı vardı. İş məhkəməyə qədər gedib çıxmışdı. Nuriyyə ilə Xanların fikrincə, bu ev onların haqqı idi, çünki Xanların atasından qalıb, həm də artıq iki uşaqlı ailə (oğulları da olmuşdu) evdən çıxıb küçələrə düşə bilməzdi. Ev üstündə dava çox uzun çəkdi, qızları ərə getdi, övladı dünyaya gəldi, o qara gün gəlib çıxıncaya qədər.

Qucağında canını tapşırdı

“Qızımız ailə qurmuşdu, uşağı olmuşdu, 40-ı çıxınca bizimlə qalmalı idi. Uşaq 20 günlük olanda yoldaşı qızımı qətlə yetirdi, öz gözlərimin önündə, öz qucağımda qız getdi əldən. Xoreoqrafiyanı bitirmişdi, rəssamlığa da meyli böyük idi. Hardan bu oğlan çıxdı qarşısına, bilmirəm. Aviasiya Akademiyasında oxuyurdu, vermək istəmirdik. Qızı başdan elədi, deyirdi ki, ana, yazıqdır, anasız oğlandır, ona getməsəm, özünü öldürəcək. Götürdü qaçdı balamızı. Əlac kəsildi, toyunu elədik. 

Uşaq təzə olanda bizimlə qalırdılar. Səhər tez durub öz balam kimi qulluğunda dururdum, onu dərsə yola salırdım. Sən demə, oğlan psixi xəstə imiş, anası nə qədər ki, sağ imiş, bunu vaxtlı-vaxtında müalicə etdirirmiş. Ana rəhmətə gedəndən sonra ata boş buraxıb, müalicə etdirməyib. Qızın da bundan xəbəri yox. Bizə də məhkəmə prosesində dedilər. Tutmasının vaxtı gələndə qızımızı bədbəxt elədi. Qızı öz balasına qısqanırdı. Qız getdi, balası qaldı ümidimizə. Oğlanı da həbs etdilər, müstəntiq dedi, xəstədir, amma ortalıqda qalsa, yenə xətalar edə bilər, elə həbs olunsa yaxşıdır. Həmin vaxt filmə çəkilirdim Vaqif Mustafayevin “Yerlə göy arasında” filmində öz faciəmi oynadım. Sağ olsun Vaqif, dedi ki, çəkilsin, başı sənətinə qarışsın, yoxsa yaşaya bilməz.”

Bu faciədən sonra arada çox sözlər gəzdi, dedilər, qız guya pis yola düşüb, Bakı kiçik şəhərdi, bunlar hamısı valideynlərinə çatırdı. Nuriyyə xanım sözün əsil mənasında havalanmışdı.

“Qızın qanı üstümdə qalmışdı, necə özümə gələ bilərdim? Uşağın ruhu ilə danışırdım. Yuxu deyildi, açıqca görürdüm. Bayılıb yıxılırdım, qız mənə kömək edib qaldırıb divana uzandırırdı. Rəhman vardı, psixoloq, deyirdi ki, dəyməyin, qoyun qışqırsın, öz-özünə danışsın, mənfi enerjisi çıxsın bədənindən. Qışqırmaq istəyirdim, səsim batdığından qışqıra bilmirdim. Təcili yardım həyətimizdən əskik olmurdu. Bir gün necə oldusa, birdən yadıma düşdü ki, bəs, uşaq hanı? Tez qalxdım getdim arxasınca, ata tərəfdən alıb gətirdik, sənədlərini düzəltdik. Onun üçün yaşamaq məni yaşatdı. İndi də onun üçün çalışırıq, qızın qoxusunu alırıq. O anda kinoya çəkilməsəydim, bəlkə heç uşaq da məni yaşada bilməzdi.”

Sonuncu sarsıdıcı zərbə 

İllər keçdi, oğlunu evləndirib meylini qızının övladına salmış aktrisa az da olsa, dərdini unutmuşdu, oğlunun da övladı gəlmişdi dünyaya.

Amma maddi problemlər ən böyük sevgilərə belə son qoyur.

Xanlarla Nuriyyəni dərd birləşdirir, maddi sıxıntılar ayırırdı. Qızının faciəsindən sonra davalı evdən çıxdılar, deyirdi, qızımın başını bu davalı ev yedi. Köhnə “Sovetski”də bir daxmada kirayə qalırdılar, qışda qazla qızdırdıqlarından otaqda adamın başı çatlayırdı ağrıdan, yeriyirdin, döşəmə ayağının altında oynayırdı.

Belə uzun çəkə bilməzdi, evdən həkim, dərman əskik olmurdu. Əlacları olmadı, bir-birindən ayrılmağa qərar verdilər ki, bəlkə ayrı-ayrılıqda tale üzlərinə güldü-düşündülər. Xanlar İbadov öz uzaq qohumlarının həyətində bir otağa sığındı, Nuriyyə xanım isə nəvəsi ilə gah bacısıgildə, gah da rəfiqələrinin evində qalırdı. Oğlu ailəsi ilə kirayədə qaldığından onların da yerini dar eləmək istəmirdi. Son vaxtlar oğlu da ağrılardan şikayətli idi, Nuriyyə xanım bu qədər yükün altında inləyirdi sanki, tez-tez xəstəxanalara düşürdü.

Bir gün çəkilişə gedəndə avtobusda yıxılır. O qədər gözəl ürəyi vardı ki, adam daşıdığının fərqinə varmadan maşını vəhşicəsinə idarə edən sürücünü güdaza verməmək üçün deyir ki, günah özümdə oldu, dayanacağa çatmamış qalxdım yerimdən, onun da qəfil əyləci basması yıxılmağıma səbəb oldu. Yaşı 60-ı keçmiş sənətkar qadın onsuz da həyatda yıxılıb-durub yenidən yıxılmalara öyrəncəli olmuşdu, amma bu yıxılmadan sonra nə qədər ayağa qalxmağa çalışdısa, olmadı, daha qüvvətli bir zərbə onu həmişəlik yıxdı. Özü xəstəxanada ikən oğlu xərçəngdən dünyasını dəyişdi.

İllər keçsə də, iki övladının dağı, ərinin yataq xəstəsi olması, nəvələrinin başsız qalması, bir ailənin belə pərən-pərən olması onu için-için yeyib əritdi. Aktrisa son nəfəsinə qədər evsizlikdən əziyyət çəkdiyini, nəvəsi üçün bir ev qoyub getmək arzusunu az qala hayqırdı, eşidən olmadı. Bəlkə bir mənzili olsaydı, ailədən qalan iki-üç adamı başına yığıb, birlikdə hüzur tapardı.

2015-ci il oktyabrın 10-da 64 yaşlı aktrisanın daha dözə bilməyən ürəyi partladı. Xəstəlik kağızında yazılıb - kəskin ürək tutması. Getdi bu dünyadan, özü ilə çəkilməsi mümkün olmayan dərdlərini də apardı.  Özünün vəsiyyətinə görə onu Şüvəlan məzarlığında oğlu ilə qızının məzarı yanında dəfn ediblər. 

1950-ci il dekabrın 26-da nə bilim hansı ulduz altında, hansı bürcdə doğulmuşdu qəhrəmanım ki, bu qədər ağır taleyi oldu. Onu bilirəm ki, həmin ulduzla bürcün tandemində dünyaya gəlməyi heç kimsəyə arzu etmirəm. O adamı həyat özü qətlə yetirirmiş. 

***

Şüvəlan məzarlığında uzaqdan diqqət çəkən, daşa hopmuş bir tanış sima var. Üzündə təbəssüm cansız daşdan boylanan gənc qız və gənc oğlan məzarı ilə yanaşı… Ana və iki gənc övladı baş-başa veriblər sanki. Bəlkə də elə orda bir-birinə və hüzura qovuşublar...(pressklub)

Ramilə Qurbanlı 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam