Azərbaycan Yazıçılar Birliyinin Qurultayı başlayıb
Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilir.
Yenixeber.org: Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən Qurultayda AYB-nin dəvətilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir.
Qurultayda AYB-nin sədri vəzifəsinə seçki keçiriləcək. Birliyin sədrliyinə üç namizədin adı məlumdur. Onlar Xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlidir.
XIII qurultaya AYB rəhbərliyi – 6 nəfər (sədr Anar, birinci katib Çingiz Abdullayev, sədrin müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi), Ağsaqqallar Şurasının üzvləri – 19 nəfər, İdarə Heyətinin üzvləri – 24 nəfər, Gənclər Şurasının üzvləri – 21 nəfər, seksiya rəhbərləri – 6, bölmə rəhbərləri – 19 və bölmələrdən və seksiyalardan seçilənlər də əlavə olunmaqla ümumilikdə 330 nəfər nümayəndə müəyyənləşib.
AYB-nin hazırki sədri Xalq yazıçısı Anar Rzayevdir.
***
Qurultay Akademik Milli Dram Teatrında təşkil olunacaq.
Hazırda əsas müzakirə mövzusu AYB-nin yeni sədrinin kim olacağıdır.
Bundan öncə mətbuatda yayılmış xəbərlərdə Xalq yazıçısı Çingiz Abdullayevin AYB sədri postuna namizəd olacağı, hətta onun sədr seçiləcəyi iddia edilirdi. Digər məlumatlarda isə gənc yazarlardan birinin sədr postuna gətiriləcəyi vurğulanırdı.
Ötən gün mətbuata açıqlama verən AYB-nin hazırkı sədri, Xalq yazıçısı Anar Rzayev Çingiz Abdullayevin namizəd olmayacağını bildirib.
Yeni sədrin kimliyinə gəlincə, Anar növbəti dönəmdə də postunda qalmağı düşünür. Hazırda ən real namizəd məhz Anarın özüdür.
Qeyd edək ki, Anar 1987-ci ildən AYB-nin sədridir. Onun 84 yaşı var.