Alyaska görüşü həm prezident Vladimir Putin, həm də Ağ Ev sahibi Donald Tramp üçün xarici və daxili auditoriyaya “liderlik” örnəyi nümayiş etdirmək imkanıdır... Ancaq bu tarixi görüşün real nəticəsi yalnız tərəflərin Ukrayna savaşı və digər strateji məsələlərlə bağlı ortaq məxrəcə gələ bilməsindən asılı olacaq...
Yenixeber.org: Bütün dünyanın diqqəti hazırda ABŞ-ın Alyaska ştatına yönəlib. Çünki həmin ştatda Ağ Ev sahibi Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında tarixi görüş keçiriləcək. Ona görə də, Ukrayna savaşının, eləcə də, Rusiyanın gələcək taleyini böyük ölçüdə müəyyən edə biləcək Tramp-Putin görüşü qlobal geosiyasi gündəmdə mühüm hadisəyə çevrilməyə namizəddir.
Onu da qeyd etmək lazımdır ki, bu görüşün məkanı olaraq, Elmendorf-Richardson hərbi bazasının seçilməsi də qətiyyən təsadüfi hesab olunmur. Çünki XIX əsrdə Rusiyanın ABŞ-a satdığı Alyaska torpaqları iki ölkənin siyasi tarixində xüsusi yer tutur. Bu baxımdan, Ağ Evin bu addımı Rusiyaya dolayısı siyasi-diplomatik mesaj xarakteri daşıyan simvolik seçim kimi dəyərləndirilir. Və bu mesajdan Rusiyanın müəyyən nəticələr çıxartmalı olacağı da qətiyyən şübhə doğurmur.
Təbii ki, Tramp-Putin görüşünün əsas gündəm mövzusunun məhz Ukrayna savaşının dayandırılması olduğu elə əvvəlcədən xüsusi olaraq, vurğulanıb. Elə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da görüşün mərkəzində Ukrayna münaqişəsinin dayanacağını bildirib. Çünki bu məsələ son illərdə ABŞ və Rusiya arasındakı mövcud olan gərginliyin başlıca səbəbi olaraq qalmaqdadır. Və anlaşma olmazsa, bu gərginliyin daha da dərinləşmə ehtimalı qətiyyən istisna deyil.
Digər tərəfdən, ABŞ və Rusiya prezidentlərinin müzakirə masasına çıxaracağı ikinci mühüm mövzu isə iqtisadi-ticari əməkdaşlıqla bağlıdır. Belə ki, Kreml hazırda Rusiyaya qarşı Qərb sanksiyalarının yaratdığı təzyiq fonunda ABŞ ilə müəyyən iqtisadi kanallar açmağa cəhd göstərir. Ağ Ev isə “təzyiq və dialoq” kombinasiyasını qorumaqla yanaşı, ehtiyac yaranacağı təqdirdə, yeni iqtisadi mexanizmlərdən də istifadə etməyə hazır olduğunu sezdirir.
Maraqlıdır ki, prezident Donald Tramp Rusiyaya münasibətdə hələlik sanksiya əvəzinə diplomatiya strategiyası üzrə hərəkət edir. Ağ Ev təmsilçisi Kerolayn Levittin bildirib ki, prezident Donald Tramp hələlik Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində deyil. Onun prioriteti diplomatik həll yollarıdır. Prezident Donald Trampın mümkün ikinci görüşə Avropa liderlərini də dəvət etmək planı isə Ağ Evin həm Rusiya, həm də ABŞ-ın müttəfiqləri ilə balans yaratmaq istəyi kimi qiymətləndirilir.
Onu da qeyd etmək lazımdır ki, Alyaska görüşü bir neçə səbəbdən diqqət mərkəzindədir. Belə ki, ABŞ-Rusiya münasibətlərində yeni format yaranmaq üzrədir. Çünki ilk dəfə olaraq, NATO və Avropa İttifaqından kənarda, ABŞ ərazisində, həm də strateji sərhəd bölgəsində dialoq baş tutacaq. Alyaska Arktikada və Sakit Okeanda Çinlə güc balansında hər iki ölkə üçün mühüm mövqeyə malik coğrafiyadır. Və prezident Donald Trampın Avropa liderlərini də bu prosesə qoşmaq istəyi əslində, transatlantik birliyi gücləndirməyə hesablanmış kimi görünür.
Məsələ ondadır ki, NATO ölkələri də Rusiya ilə bağlı problemlərin həllini yalnız prezident Vladimir Putin və Ağ Ev sahibi Donald Trampın öhdəsinə buraxmaq niyyətində olmadıqlarını qətiyyən gizlətmirlər. Belə ki, Böyük Britaniyanın Baş Qərargah rəisi Radaqin bu barədə hər iki dövlət başçısına dolayısı mesajlar göndərib. Onun qənaətinə görə, prezident Vladimir Putin Rusiya-NATO savaşına cəsarət etməz. Çünki o, Rusiyanın mütləq məğlub olacağını tam dəqiqliyi ilə bilir: "Ona görə də, prezident Vladimir Putinin istənilən təxribatçı bəyanatlarından və ya diversiyalarından qorxmağa dəyməz".
Onun fikrincə, NATO üzrə müttəfiqlər Rusiyaya qarşı yalnız nüvə, quru, dəniz, hava, kiberməkan və kosmik sahələrdə deyil, həm də siyasi-diplomatik və iqtisadi sahələrdə də qətiyyətli mövqe nümayiş etdirməlidir. Britaniyalı general hesab edir ki, NATO dövlətlərinin ən çox ehtiyacı olan silah məhz bu hərbi-siyasi alyansın gücünə inamdır: "Qlobal məkanda qeyri-sabitliyə baxmayaraq, Böyük Britaniya ölkə daxilində təhlükəsizlikdədir. NATO güclüdür, Rusiya isə zəifdir. Bunu demək, qətiyyən özünü aldatmaq deyil".
Maraqlıdır ki, Alyaska görüşü ərəfəsində baş verən bəzi önəmli hadisələr də qlobal qarşıdurmanın daha qəliz mərhələyə yaxınlaşdığını göstərir. Belə ki, əvvəlcə prezident Donald Tramp Rusiyaya atəşkəs üçün konkret möhlət verdi. Ardınca Rusiyanı dağıdıcı sanksiyalar ilə hədələdi. Məhz bundan sonra prezident Vladimir Putin Ağ Ev sahibi Donald Tramp ilə birbaşa görüşmək üçün israrlı cəhdlər göstərdi.
Nəhayət, Alyaska görüşünə bir neçə gün qalmış Ağ Ev sahibi Rusiyaya son şans verildiyinə eyham vurdu, anlaşma olmazsa, qarşı tərəfi olduqca ağır nəticələr gözlədiyini bildirdi. Bu baxımdan, prezident Vladimir Putinin Alyaskaya məcburən getdiyi, onu Ağ Ev sahibi qarşısında çətin sınağın gözlədiyi isə qətiyyən şübhə doğurmur. Və bu, Rusiyanın hazırda düşdüyü durumun kifayət qədər qəliz olduğuni iddia etməyə əsas verir.
Maraqlıdır ki, Kreml Alyaska görüşü ərəfəsində Rusiyanın nüfuzuna vurulan sarsıdıcı zərbələrə qarşılıq verməkdə çətinlik çəkir. Çünki hazırda Rusiyanın qaranlıq keçmişindən başqa Kremlin sığına biləcəyi nəsə yoxdur. Ona görə də, xarici işlər naziri Sergey Lavrovun vaxtilə Rusiya çarının ABŞ-a satdığı Alyaskaya üzərinə "SSRİ" yazılmış köynəklə getməsi Qərbə verilmiş mesaj kimi yozulur. Və birmənalı şəkildə prezident Vladimir Putinin təlimati ilə verilən bu mesaj həm də Kremlin Rusiyanın mövcud durumundan qürur duya bilmək üçün heç bir səbəb tapa bilməməsi kimi də qəbul olunur.
Bütün bunlar onu göstərir ki, Alyaska görüşü həm prezident Vladimir Putin, həm də Ağ Ev sahibi Donald Tramp üçün daxili auditoriyaya “liderlik” örnəyi nümayiş etdirmək imkanıdır. Ancaq bu tarixi görüşün real nəticəsi yalnız tərəflərin Ukrayna savaşı və digər strateji məsələlərdə ortaq məxrəcə gələ bilməsindən asılı olacaq. Və bu baxımdan, Alyaska ya yeni siyasi-diplomatik mərhələnin start verildiyi, ya da qlobal sülh fürsətlərinin böyük ölçüdə itirildiyi məkan kimi tarixə düşə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert