Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabah Azərbaycan xalqı “20 Yanvar” hadisəsinin 25-ci ildönümünü qeyd edəcək

 

Artıq Şəhidlər Xiyabanında son hazırlıq işləri tamamlanıb. Xiyaban sabah qanlı “20 Yanvar” hadisəsinin 25-ci ildönümünü anmaq üçün gələcək yüzminlərlə ziyarətçini qəbul etməyə hazırdır.
"Xeberinfo.com":  Məlumata görə, son bir həftə ərzində aparılan təmizlik və dekorasiya işləri artıq başa çatıb. Şəhidlər Xiyabanı ağ-qırmızı qərənfillərə bürünüb. 
Burada çalışanlar deyirlər ki, bu işləri sadəcə, vəzifə xətrinə görmürlər, bu həm də onlar üçün bir mənəvi məsələdir. Bir həftədən artıq müddət ərzində gecə-gündüz burada çalışdıqlarını deyən Oruc Hüseynov bildirdi ki, Şəhidlər Xiyabanı başdan-başa təmizlənib, ağaclara qulluq edilib, yaşıllıqlar qaydasına salınıb, işıq dirəkləri, məzarların üstü, mərmər döşəmələr yuyulub: “Biz gördüyümüz işlə fəxr edirik. O gün olsun ki, düşmən işğalındakı torpaqlarımız qayıtsın və gedib, orada da abadlıq işləri aparaq. Burada gördüyünüz hər məzar daşı bizim müstəqilliyimizin sütunudur”.
 
Qeyd edək ki, xiyabanda hər il olduğu kimi, yenə də minlərlə ağ-qırmızı qərənfillərdən düzəldilmiş dekorasiyalar qurulub, divarlara qara-qırmızı lentlər asılıb. Şəhidlər Xiyabanında səsgücləndiricilər də quraşdırılıb və ziyarətçiləri matəm musiqisi müşayiət edir.
 
Artıq insanlar da sabahı gözləməyib, bu gün səhər saatlarından başlayaraq, qrup halında Şəhidlər Xiyabanına axın etməyə başlayıblar. Biz Xiyabanda olduğumuz zaman əksəriyyəti məktəblilər olmaqla, yüzlərlə insan şəhidləri məzarı başında anıb, onların ruhuna dualar oxuyurdular.
  
Xırdalan rayonundan şagirdlərini Şəhidlər Xiyabanına gətirən müəllimə Xatirə  Əhmədova deyir ki, bu gün bütün siniflərdə ilk dərs “20 Yanvar” hadisəsinə həsr olunub, daha sonra şagirdləri əyani şəkildə tanış etmək üçün buraya gətiriblər: “Biz tariximizlə, keçmişimizlə qürur duyuruq və bunu fəxrlə uşaqlara danışırıq. Onlar “20 Yanvar” hadisəsi haqqında hər kəsdən daha məlumatlıdırlar. Biz çalışırıq ki, şəhidlərin xatirəsi əbədi yaşasın. Bizə müstəqilliyimizi bəxş edən bu insanlar unudulmasınlar. Biz bir gün öncədən gəlmişik. Çünki sabah burada çox sıxlıq olacaq. 25-30 nəfər uşaqla burada hərəkət etmək çətin olacaq”.
 
Əllərində qərənfillər tutan məktəblilər də maraqla məzar daşlarının üstündəki adları oxuyur və böyükləri sual yağışına tuturdular. 
Xiyabanı ziyarət edən yaşlıların üzündə isə o günlərdə yaşadıqları ağrı-acını hiss etməmək mümkün deyildi. 58 yaşlı Ramiz Səlimov həmin günlərdə baş verənlərin şahidi olduğunu və bu gün də gözünün önündən getmədiyini bildirdi: “Allah bu millətə bir də elə hadisə yaşatmasın. Bu, Rusiya tərəfindən bizim müstəqillik tələblərimizə verilən bir cavab idi. Nə qədər itki versək də, bu hadisə insanları birdəfəlik oyatdı və o gün bizim azadlıq günümüz kimi tarixə düşdü. Bu gün öz dövlətimizdə yaşayırıqsa, ana dilimizdə sərbəst danışırıqsa, bax, orada yatan oğullara borcluyuq. Bu səbəbdən də onları yalnız yanvarın 20-də deyil, hər gün yad etmək lazımdır”.
Ziyarətçilərlə söhbəti yekunlaşdırıb, Əbədi Məşəl Abidəsi istiqamətində irəlilədik. Abidənin önü dəmir zəncirlərlə əhatəyə alınıb, buraya yalnız əklil gətirən təşkilatların nümayəndələri daxil ola bilirdilər. Abidə önündə 10-dan çox təşkilatın gətirdiyi əklillər yer alırdı.
 
Şəhidlər Xiyabanı yaxınlığında yerləşən dayanacağı isə qərənfil satanlar işğal etmişdilər. Ziyarətə gedənlərə qərənfil satan 3 nəfər şəxs bizim jurnalist olduğumuzu bilən kimi, dərhal oradan uzaqlaşdılar. Onlardan burada nə etdiklərini soruşduqda isə insanlara qərənfil payladıqlarını və bununla savab qazanmağa çalışdıqlarını dedilər.
Qeyd edək ki, ziyarətçilərin rahat hərəkət edə bilməsi məqsədilə çıxış üçün əlavə yol da ayrılıb. Sabah insanların təhlükəsizliyini təmin etmək üçün Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq. BŞBPİ-dən verilən məlumata görə, “20 Yanvar” faciəsinin 25-ci ildönümü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb. 
Plana əsasən, yanvarın 20-də səhər saat 07:00-dan axşam saat 18:00-dək Şəhidlər Xiyabanı istiqamətində Parlament prospekti boyunca və Mehdi Hüseyn küçəsində Teleteatrdan başlayaraq, yollar bağlanacaq. Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-də saat 07:00-dan mərasim başa çatanadək, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsində Teleteatr binasının qarşısından, Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 
BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə və alternativ yollara üstünlük verməyə çağırıb.
müsavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam