Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Rusiya çökmək təhlükəsində!

 

“Rusiya indi öz başının hayındadır və o qədər resursları yoxdur ki, kiminləsə müharibəyə girib özünü biabır etsin”

"Xeberinfo.com": “Hələ sonadək bəlli deyil ki, Putin kimdir, xalqınamı, dövlətinəmi xidmət edir?”

“Rusiya qüdrətli dövlət olaraq qaldıqca, Qarabağ düyünü açılmayacaq”

Rusiyadakı böhranın qarşısının alına bilməməsi, Azərbaycan iqtisadiyyatına, milli valyutamızın məzənnəsinə müəyyən qədər təsir edir. Doğrudur, hakimiyyət qonşu ölkədəki proseslərin burada yaşanmayacağına təminat verir və proseslər də göstərir ki, Rusiyadakı böhranın Azərbaycana hələ ki ciddi təsiri yoxdur. Ancaq Rusiyada böhranın daha da dərinləşəcəyi də istisna olunmur.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirib.Həmin müsahibəni təqdim edirik. 

- Prezident İlham Əliyev əminliklə deyib ki, neftin qiymətinin iki dəfə aşağı düşməsini sadə vətəndaş hiss etməyəcək. Bəs, Azərbaycan iqtisadiyyatı necə, böhranın təsirlərini hiss edəcəkmi?

- Ümumiyyətlə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Çünki neftdən gələn gəlirlərin bir hissəsi dövlət büdcəsinə yönəldilir, amma əsas hissəsi Dövlət Neft Fondunda toplanır. Bilirsiniz ki, Neft Fondundan 2015-ci ilin dövlət büdcəsinə 10,3 milyard manat transfert edilib. Bu vəsaitin yerini doldurmaq lazımdır ki, Neft Fondunda hər zaman dar gün üçün kifayət edəcək həcmdə vəsaitlərimiz olsun. Deməli, əgər 2015-ci il ərzində neftin dünya bazarındakı qiyməti büdcədə nəzərdə tutduğumuz hər barell üçün 90 dollardan az olacaqsa, o zaman bu azalma təbii ki, müəyyən miqdarda dövlət büdcəsinə də təsir edəcək. Fikrimcə, bunun o qədər də böyük təsiri olmayacaq. Çünki dövlət büdcəsində neftdən gələn gəlirlərin payı təxminən 11 faizdir, bu da 2 milyard manata yaxındır. Hər dəfə dünya bazarında neftin qiyməti 10 dollar aşağı düşəndə dövlət büdcəsinə 256 milyon manat ziyan dəyir. Bir sözlə, iqtisadiyyatımız bu böhranın zəif təsirini hiss edəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanın ixracında neft və neft məhsullarının payı 92 faizdən çoxdur. Yalnız 8 faiz məhsulumuz qeyri-neft sektoruna aiddir.

- Belə olan təqdirdə gələn ilin büdcəsinə yenidən baxılması zərurəti yarana bilərmi? Məsələn, “Bakı 2015” Avropa Oyunlarından sonra digər investisiya layihələri dondurula bilərmi?..

- Əgər neftin qiyməti bu səviyyədə qalarsa, əlbəttə, dövlət büdcəsinə yenidən baxıla bilər.

- Rusiya Mərkəzi Bankı rublun məzənnəsini sabit saxlamaq üçün hər gün bazara yönəltdiyi vəsaitin miqdarını açıqlamaqdan çəkinmir. Görəsən, Azərbaycanın Mərkəzi Bankı manatın dəyərdən düşməməsi üçün gündə nə qədər pul xərcləyir? Sizcə, bu rəqəmlər niyə sirr kimi saxlanılır?

- Əlbəttə, Mərkəzi Bank manatın məzənnəsini sabit saxlamaq üçün maliyyə bazarına müəyyən miqdarda vəsait buraxdığını gizlətmir. Bu vəsaitin miqdarı ildə təxminən 1,5-2 milyard dollar arasındadır. Gündəlik həcmini konkret deyə bilmərəm. Amma bütövlükdə manatın məzənnəsinin qorunub saxlanılması çox önəmlidir. Fikir verdinizsə, Azərbaycan prezidenti İlham Əliyev də Sabirabaddakı çıxışında bu məsələyə bir daha toxundu. Cənab prezident dedi ki, manatın məzənnəsini 2015-ci ildə də qoruyub saxlamağa çalışacağıq. Rus rublunun məzənnəsinə gəldikdə, deyə bilərəm ki, bu ölkənin Mərkəzi Bankının təşəbbüslərinə baxmayaraq, onun dəyərdən düşməsi prosesi hələ davam edəcək.

- Rusiyadakı böhran nəticəsində bu ölkədən Azərbaycana idxal edilən malların qiymətində də məntiqlə müəyyən azalma müşahidə olunmalı idi. Amma bəzi ekspertlər iddia edirlər ki, inhisarçılıq buna imkan vermir, bu səbəbdən Rusiya mallarının qiymətlərində ucuzlaşma görünmür…

- Bilirsiniz, bu gün bazarda alıcılara təklif olunan Rusiya mallarının çoxu köhnə qiymətlərlə alındığından onlarda ucuzlaşmanın olmasını gözləmək sadəlöhvlük olardı və bunu inhisarçılıqla bağlamaq düzgün deyil. Amma Rusiyadakı böhrandan sonra Azərbaycana bu ölkədən gətirilən mallarda nəzərəçarpacaq azalma olması barədə məlumatlarım var. Məsələn, mənə dedilər ki, “Niva” avtomobilinin qiyməti iki dəfə ucuzlaşıb. Bu proses davam etsə, təbii ki, Rusiyadan Azərbaycana idxal olunan malların qiymətində ciddi ucuzlaşma olacaq. Bu prosesin qarşısını almaq mümkün deyil.

- Sizcə, Rusiyada yaşanan böhran Türkiyə iqtisadiyyatına da təsir edirmi?

- Türkiyə iqtisadiyyatı Rusiya ilə çox bağlıdır. Nəzərə almaq lazımdır ki, son illərdə Türkiyədən xeyli sahibkar və işçi qüvvəsi Rusiyaya axın edib və bu ölkədə ciddi biznes qurublar. Eyni zamanda, Rusiya-Türkiyə iqtisadi əlaqələri çoxşaxəlidir və 30 milyard dollarlıq ticarət dövriyyəsi var, ən qısa zamanda bu dövriyyənin 100 milyarda çatdırılması planlaşdırılır. Bu baxımdan rublun dəyərdən düşməsinin bu ölkəyə də mənfi təsir edəcəyi gözləniləndir.

- Rusiya prezidenti Vladimir Putinin böyük mətbuat konfransından hansı nəticələri çıxara bildiniz?

- Müəyyən epizodlarına baxa bildim. Məsələn, Ukraynadan olan jurnalistin sualına cavab verə bilmədi. Sobçakın qızının sualına isə emosional reaksiya verdi, hətta dedi ki, niyə buna sual verməyə icazə vermisiniz? Putin kifayət qədər emosional idi və hiss olunurdu ki, nə qədər çalışsa da, özünü cilovlamaqda çətinlik çəkir. Amma Putin başa düşür ki, Rusiyanın vəziyyəti yaxşı deyil. O fərqindədir ki, bu sanksiyalar davam etsə, Rusiyada çox ciddi qarşısıalınmaz proseslər baş verə bilər. Rusiyanın daxilində müəyyən çaxnaşmaların baş verməsi də gözləniləndir. Amma bu ölkədəki çaxnaşmaların Azərbaycana ziyanı dəyə bilər. Nəzərə almalıyıq ki, Rusiya bizə qonşu dövlətdir və strateji müttəfiqimizdir, çoxşaxəli iqtisadi və humanitar əlaqələrimiz var. Amma Putinin danışığından hiss olunurdu ki, geri çəkilmək niyyətində də deyil. O, hətta dünyada gərginlik yaratmaq imkanında olan bir şəxs kimi də özünü göstərmək istədi. Amma mən bu arxayınlığı süni hesab edirəm və heç kimə sirr deyil ki, Qərbin sanksiyaları öldürücü təsirə malikdir.

- Bəzi analitiklər belə bir bədbin proqnozla çıxış edir ki, Rusiya dünyanın diqqətini yayındırmaq və Qərblə sövdələşmələrə bəhanə tapmaq üçün Ukraynadakı hərbi əməliyyatları genişləndirib regionda Amerikanın, Avropanın layihələrinə təhlükə yarada bilər.

- Məncə, Rusiya heç bir müharibəyə getməyəcək. Çünki Rusiya indi öz başının hayındadır və o qədər resursları yoxdur ki, kiminləsə müharibəyə girib özünü biabır etsin. Müharibə yalnız silah-sursatın bolluğu ilə reallşadırılmır. Bunun arxasında milyardların xərclənməsindən söhbət gedir. Rusiyaya belə bir əlavə xərc lazımdırmı? Hətta deyərdim ki, bu proses gələn ilin birinci yarısında bu templə davam etsə, Rusiya çökəcək.

- Ancaq bəzi müşahidəçilər iddia edirlər ki, Rusiyadakı ajiotaj daha çox süni xarakter daşıyır…

- Rusiyaya qarşı tətbiq olunan sanksiyalar iri şirkətlərə çox böyük ziyan vurdu. Fikir verdinizsə, rublun məzənnəsi sürətlə düşəndə baş nazir Dmitri Medvedyev bir gecədə iki dəfə iclas keçirməyə məcbur oldu. Birinci dəfə hökumət üzvlərini, ikinci dəfə isə nəhəng şirkətlərin rəhbərlərini bir yerə topladı. Təbii ki, dediyiniz kimi bu böhranda subyektiv səbəblər də az deyil və oliqarxlar ola bilsin ki, öz aralarında separat sövdələşmələrə gediblər. Rusiya ziddiyyətlər ölkəsidir və bu günədək Putin bu ölkədə heç də iddia olunduğu kimi hər şeyə nəzarəti öz əlində cəmləşdirə bilməyib.

- Bizim rəsmilər hər dəfə pafosla deyirlər ki, neft hətta 10 dollara da düşsə, ən azı iki illik ehtiyatımız var. Rusiyanın heç olmasa 6 ay duruş gətirməsi üçün belə ehtiyatı yox idi?..

- Rusiya nəhəng dövlət olsa da, ehtiyatları o qədər böyük deyildi. Olan ehtiyat indi tükənmək üzrədir və gələn ilin əvvəllərində tam tükənəcəyi qaçılmazdır. Çünki rublun sürətlə dəyərdən düşməməsi üçün hər gün milyardlar xərclənir.

- Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov Rusiya prezidentinə məktub yazaraq ölkədə baş verənlərə görə Qərbdən çox xalqı saymayan, onu inqilaba sürükləyən məmur ordusunu, oliqarxları ittiham edib. O bu səbəbdən Putini həmin qüvvələrə qarşı ən sərt addımlar atmağa səsləyib. Doğrudanmı, Rusiyanı Qərbə satmaq imkanında olan qüvvələr hələ də bu ölkədə ayaqda qalıb?

- Bir az əvvəl subyektiv səbəblərdən danışanda bununla bağlı fikirlərimi dedim. Hər bir ölkənin daxilində müəyyən qruplar var və Rusiyadakı müəyyən oliqarxların da əllərində milyardlar cəmləşib. Onlar istənilən vaxt həmin vəsaitləri istədikləri istiqamətə yönəldərək hakimiyyətə çətin anlar yaşada bilirlər. Bir faktı da demək istəyirəm, ola bilsin ki, həmin qüvvələrin bəziləri ilə Putinin gizli əlaqələri olduğundan onları cilovlaya bilmir, yaxud cilovlamaq istəmir. Şəxsən mən özüm üçün hələ Putini açmamışam ki, o kimdir və nə istəyir? Hələ sonadək bəlli deyil ki, o kimdir, xalqınamı, dövlətinəmi xidmət edir? Putin dünyada ən qapalı və müəmmalarla dolu bir şəxsiyyətdir və onun nələr etmək istədiyi çox güman ki, heç yaxın ətrafına da bəlli deyil. Amma istənilən halda onun özünün də vəziyyətinin ürəkaçan olmadığı ortadadır.

- Rusiyada baş verənlərə Azərbaycanda sevinənlərlə peşiman olanlar az qala yarıya bölünüb…

- Rusiyadakı böhran bizə də pis təsir edir və buna sevinmək lazım deyil. Bu ölkədə milyonlarla soydaşımız yaşayır və ailəsinə pul göndərir. Bu ölkə ilə sıx əlaqələrimiz var. Prezidentlər bir –biri ilə çox yaxın münasibətlərdədir, iki dövlət arasındakı münasibətlər də yüksək səviyyədədir. Bu ölkədəki stabillik ən çox elə bizə lazımdır.

- Amma biz bu ölkədə nə qədər sabitlik istəsək də, Moskva bizim ən böyük problemimizin – Qarabağ münaqişəsinin həllində Azərbaycanın yanında olmaq istəmir…

- Mən də belə hesab edirəm ki, Rusiya heç vaxt xoşluqla işğal olunmuş torpaqları qaytaran deyil. Nə qədər Rusiya qüdrətli dövlət olaraq qalacaq, Qarabağ düyünü açılan deyil. Çünki bu münaqişəni həll etmək Rusiyanın maraqlarına cavab vermir. Amma Qərbdə Qarabağla bağlı fikirlərdə ciddi dəyişiklik yaranmağa başlayıb və etiraf etməsələr də, Ukrayna hadisələrindən sonra bizim hansı məhrumiyyətlərə düçar olduğumuzu və 90-cı illərin əvvələrində necə işğala məruz qaldığımızı bildilər. Onlar da anlayır ki, təkcə Azərbaycanın deyil, bölgənin dirçəlməsi Qarabağ münaqişəsinin həllinin tapılmasından keçir. Azərbaycan prezidentinin də apardığı uzaqgörən siyasət xüsusi qeyd edilməlidir və bu gün Rusiyada, regionda, dünyada yaşanan proseslər göstərdi ki, İlham Əliyev necə bir unikal siyasət yürüdür və Azərbaycanın sürətli inkişafı üçün hansı modelləri tətbiq edir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan kimi kiçik bir dövlət kimsədən asılı olmayan müstəqil qərarlar verir və hamı ilə dostluq münasibətlərini saxlayır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam