Azərbaycanda dalbadal güclü zəlzələlər baş verdi-Şamaxıda qaz təchizatı dayandırıldı-Yenilənib
Ötən gecə baş vermiş zəlzələ ilə bağlı Şamaxı şəhərində təbii qazın verilişi dayandırılıb.
Yenixeber.org: Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib. O bildirib ki, hazırda qazın verilişinin bərpası istiqamətində işlər aparılır:
"Şamaxıda baş vermiş zəlzələ ilə bağlı divarların uçması halları qeydə alınıb. Bu səbəbdən təhlükəsizlik baxımından şəhərdə təbii qazın verilişi gecə saat 00:35 radələrindən dayandırılıb. Səhər saatlarından fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır".
İ.Kərbəlayev qeyd edib ki, zəlzələ baş vermiş digər rayon və şəhərlərdə qazın verilişində heç bir problem olmayıb. (Trend)
* * *10:59
"Şamaxı Astrofizika Rəsədxanasının bəzi yerlərində üz daşlarında çatlar əmələ gəlib, bir-iki daş qopub".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.
O bildirib ki, rəsədxanada ciddi dəyşiklik olmayıb: "Güclü zəlzələ idi, bir neçə dəfə təkrarlandı, üçüncü zəlzələ isə digərlərindən güclü oldu. Biz əraziyə daha yaxınıq, zəlzələ ocağından 10 kilometr məsafədəyik, təbii ki, rəsədxanada hiss olundu. Ancaq binalarımız yenidən qurulduğu üçün çox möhkəmdir, bu səbəbdən də elə bir ciddi ziyan dəyməyib. Sadəcə, bəzi yerlərdə üz daşlarında çatlar əmələ gəlib, bir-iki daş qopub. Amma içəridə heç nə yoxdur".
X.Mikayılov qeyd edib ki, teleskoplar yoxlanılıb və narahatlıq üçün səbəb yoxdur. (Report)
* * *10:15
Təhsil Nazirliyi ötən gecə Şamaxıda baş verən zəlzələnin məktəblərə vurduğu ziyanla bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib.
Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.
* * *10:00
"Fevral ayının 5-də saat 23:31-də İsmayıllı rayonu ərazisində baş verən zəlzələnin afterşokları hələ davam edir". Bunu Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, axırıncı iki afterşok hiss olunmayıb: "Son iki afterşokun maqnitudası 3-dən yuxarı olub. Hazırda afterşoklar davam edir, hiss olunan və olunmayan afterşoklar ola bilər".
Qurumun sözçüsü qeyd edib ki, Xidmətin baş direktoru Qurban Yetirmişli ərazidədir: "Əraziyə baxış keçirilir".
* * *02:04
Ötən gecə Azərbaycanda bir-birinin ardınca gücü Rixter şkalası ilə 6 bala çatan zəlzələlər baş verib. İlk yeraltı təkanlar Şamaxıda qeydə alınıb.vAMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Ardınca yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində də güclü yeraltı təkanlar baş verib. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
Cəmi bir neçə dəqiqə sonra-23.37-də isə Pirqulu stansiyasından 8 km qərbdə, Ağsu ərazisində üçüncü zəlzələ qeydə alınıb. Bu dəfə yeraltı təkanların gücü 3.4 bala yaxın olub. Şamaxı-Ağsu bölgəsində baş vermiş güclü yeraltı təkanlar Bakıda və bəzi digər bölgələrdə, o cümlədən Mingəçevirdə hiss edilib. Bakıda yeraltı təkanların gücü 3-3.5 bal təşkil edib.
Xəbərlərə görə zəlzələ nəticəsində Şamaxıda dağıntılar baş verib. Xəsarət alanlar var. Belə ki, rayonda 3 evin hasarı uçub, 3 nəfər dağıntılar altında qalaraq xəsarət alıb və yerli xəstəxanaya yerləşdirilib. Xeyli köhnə evlərdə çatlar yaranıb. Dağıntıların və dəyən zərərin miqyasının artacağı təxmin edilir.
***
Dünən Şamaxıda baş verən güclü zəlzələdən sonra rayon mərkəzi xəstəxanasına 30 müraciət daxil olub.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib. "Şamaxı və İsmayıllı rayon xəstəxanası güclənmiş iş rejimində çalışıblar. 6 təcili yardım briqadası işləyib. Şamaxıda 3 nəfər müxtəlif travmalarla xəstəxanaya yerləşdirilib. Yaşlı rayon sakininin güclü stressdən beyninə qan sızıb, hazırda reanimasiyadadır"-, Abubəkirov deyib.
Müraciətlərin əksəriyyəti təşviş nəticəsində yaranan həyəcanla bağlı olub.
Zəlzələnin daha çox hiss edildiyi İsmayıllı rayonunda isə xəsarət alan olmayıb.
Yeraltı təkanlar bəzi elektrik xətlərini də sıradan çıxarıb. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, çox keçmədən təmir briqadaları qırılan elektrik xətlərini bərpa edib və elektrik enerjisinin verilməsi təmin olunub. Onun sözlərinə görə, hazırda zəlzələ zonasında elektrik enerjisi təchizatı ilə bağlı heç bir problem yaşanmır.
FHN isə bildirir ki, fevralın 5-də ölkə ərazisində baş vermiş yeraltı təkanlar nəticəsində dəymiş ziyanla bağlı araşdırmalara başlayıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
***
Şamaxı, Ağsu və İsmayıllı rayonu ərazilərində baş verən zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, monitorinq və müşahidələr aparmaq üçün İşçi Qrup sözügedən rayonlara ezam olunub.(virtualaz)