Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əməkdar jurnalist Yusif Kərimov vəfat edib

    

Əməkdar jurnalist Yusif Kərimov vəfat edib
Azərbaycanın Əməkdar jurnalisti Yusif Kərimov vəfat edib.
Yenixeber.org: Azərbaycan Mətbuat Şurasının nekroloqunda deyilir: "Azərbaycan jurnalistikasına, publisistikasına və ədəbiyyatına ağır itki üz verib. Azərbaycan Respublikasının Əməkdar jurnalisti Yusif Abbas oğlu Kərimov ömrünün 79-cu ilində dünyasını dəyişib. Bundan kədərlənir, mərhumun doğmalarının, əzizlərinin, yaxınlarının və dostlarının üzüntüsünü paylaşır, dərin hüznlə başsağlığı veririk.

Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə rayonunda anadan olub. 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Tələbəlik illərindən aktual mövzularda yazıları, bədii nümunələri ilə seçilmiş Y.Kərimov peşəkar əmək fəaliyyətinə ölkənin avanqard dövri nəşri olan “Kommunist” ( indiki “Xalq qəzeti”) qəzetində başlayıb. Az sonra Beyləqan rayonunda nəşrə başlamış “Yüksəliş” rayonlararası qəzetinin redaksiyasına məsul katib göndərilib, eyni zamanda “Kommunist” qəzetinin xüsusi müxbiri vəzifəsini də yerinə yetirib. 1964-cü ildə “Bakı” axşam qəzeti redaksiyasına şöbə müdiri dəvət edilmiş istedadlı jurnalist 1973-cü ilədək paytaxtın bu nüfuzlu gündəlik nəşrində çalışıb.

Yusif Kərimov sonrakı 5 ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində televiziyanın gənclər üçün proqramlar baş redaksiyasında şöbə müdiri və baş redaktor işləyib. Jurnalistikadakı rəhbər vəzifələrdə özünü təşəbbüskar və məsuliyyətli yazar kimi doğrulmuş, ədəbi-publisistik yaradıcılığı ilə geniş auditoriyada tanınmış nasir-jurnalist 1978-1980-ci illərdə Bakı Ali Partiya Məktəbində ali siyasi jurnalist təhsili alıb.

Y.Kərimov 1980-ci ildə “Azərbaycan gəncləri” qəzetinə redaktor təyin edilib. 14 il respublikanın bu populyar nəşrinə bacarıqla rəhbərlik edib. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının mətbuat katibi, 1997-2001-ci illərdə isə Azərbaycan Respublikası Ticarət Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.

Yusif Kərimov təqaüdə çıxdıqdan sonra Bakı Dövlət Universistetinin jurnalistika fakültəsində müəllimlik fəaliyyətini davam etdirib, dəfələrlə jurnalistika üzrə dövlət imtahan komissiyasının sədri olub.

Azərbaycan Mətbuat Şurasının tərkibində ölkə jurnalistlərinin veteran təşkilatı kimi yaradılmış Ahıl Jurnalistlər Məclisinə 10 ilədək rəhbərlik etmiş Y.Kərimov yaşlı nəsil həmkarlarının sosial problemlərinin həllində, onların istimai-siyasi həyatda iştirakında səmərəli fəaliyyəti ilə örnək olub.

Uzun illər ədəbi yaradıcılığı jurnalistlik fəaliyyətilə paralel davam etdirmiş Yusif Kərimov bir sıra hekayə, povest və romanları ilə də tanınıb, ədəbi-bədii prosesin seçilmiş nümayəndələrindən birinə çevrilib. “Yollar... Axtarışlar”, “Bir buta gül”, “Tavridada şimşək çaxır”, “Üçbucaq”, “Gün ötər, geri dönməz”, “Qırmızı sahil”, “Lalə və kəpənək”, “Pərişan eşqim”, “İtkilər və ümidlər”, “İçimə açılan pəncərə”, “Qarabağ şikəstəsi”, “Sarı gəlin” kimi oçerk və məqalə topluları, müxtəlif janrlı nəsr əsərlərindən ibarət kitabları, çoxsaylı qəzet-jurnal yazıları, teleradio verilişləri, film ssenariləri və tərcümələri ustad jurnalistə geniş oxucu auditoriyası qazandırıb.

Yusif Kərimov gənc nasirlərin və jurnalistlərin milli ruhda yetişməsinə, püxtələşməsinə, yaradıcılıq uğurları qazanmasına qayğı göstərmiş, öz ardıcıllarını yetişdirmiş ədib və ziyalı kimi cəmiyyətdə böyük ehtiram qazanıb. Onun zəngin ədəbi-publisistik irsi ədəbiyyatımızın və jurnalistikamızın xəzinəsndə özünə layiqli yer tutur.

Azərbaycan ədəbiyyatının və jurnalistikasının tanınmış nümayəndəsi, ustad yazar, yurdsevər ziyalı, fəal vətəndaş, səmimi insan, gözəl dost Yusif Kərimovun nurlu xatirəsi onu tanıyanların, qədirbilən insanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam