Alı Alıyev Qurban Bayramını əsgərlərlə keçirdi
Füzuli RİH başçısı düşmənlə üz-üzə dayanan əsgərlərlə görüşüb
"Xeberinfo.com": Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Müqəddəs Qurban bayramı münasibətilə cəbhə xəttində, düşmənlə üz-üzə dayanmış, Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirmişdir.
Alı Alıyev hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdəki səngərlərə baş çəkmiş, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə fərdi söhbətlər aparmış, onlara Qurban bayramı sovqatı çatdırmışdır. Alı Alıyev Qurban bayramının İslam dünyasının əsas bayramlarından biri olduğunu, İslam dinində bu günün xüsusı mahiyyət və əhəmiyyət kəsb etdiyini, onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığının öz əksini tapdığını vurğulamışdır.
Şəxsi heyyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev Qurban bayramı münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışdır. Alı Alıyev bildirmişdir ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad düşmən tapdağından azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:
- “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.-deyə Alı Alıyev vurğulamışdır
Alı Alıyev qeyd etmişdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.
Alı Alıyev xidmətdə fərqlənən bir qrup zabit və əsgərə Fəxri Fərmanlar təqdim etmiş, əsgərlərə vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, xoşbəxtlik arzulamışdır.
Hərbi hissə komandanlığı bu cür görüşlərin keçirilməsinin əsgərlərə mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını vurğulamışdır.
Sonda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən gətirilən bayram sovqatı hərbi hissəyə təqdim olunmuşdur.