Prezident İlham Əliyev Davosda mühüm görüşlər keçirdi
Dövlət başçısı forum çərçivəsində İsrailin baş naziri və BP-nin baş icraçı direktoru ilə də bir araya gəldi; deputat: “Davos Forumu həm də siyasi meydandır”
Yenixeber.org: Yanvarın 24-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiya keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.
Dövlət və hökumət başçıları ilə yanaşı, dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərinin, mütəxəssislərin və alimlərin də qatıldığı sessiyada neft və qaz sənayesinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin gün Davosda İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu ilə görüşü olub. AzərTAc xəbər verir ki, görüşdə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlandı, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub. Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
Prezidenti İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə də görüşüb.
APA-nın məlumatına görə, görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulanıb. Bu il “Şahdəniz-2" yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirilib.
Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət edib.
Azərbaycan prezidenti İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə də görüşüb...
Davosda Ekspo 2025 ümumdünya sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı tədbir keçirilib. Ekspo 2025 Bakı Əməliyyat katibliyindən APA-ya verilən məlumata görə, yanvarın 23-də keçirilmiş tədbirin əsas məqsədi dəvətlilərə Bakının ismarışını çatdırmaq olub. Toplantıya dövlət və özəl sektorları təmsil edən nümayəndələr, o cümlədən səfirlər, diplomatlar, təhsil, media qurumlarının nümayəndələri, müxtəlif şirkətlərin rəhbərləri qatılıb. Rəsmi qəbulda çıxış edən Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov qeyd edib ki, Bakının təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu Dünya İqtisadi Forumunun builki mövzusu olan “Pərakəndə Dünyada Ümumi Gələcəyin Qurulması” ilə geniş mənada üst-üstə düşür.
Əmirbəyov vurğulayıb ki, “Bakının Ekspo 2025 üçün təklif etdiyi ”İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" mövzusunu Dünya İqtisadi Forumunda müzakirə etməkdən şərəf duyurlar: “Dünya həmişəkindən daha sürətli templə dəyişir və Ekspo 2025 üçün Bakının təklif etdiyi alt-mövzularını təşkil edən insan ehtiyacları - səhiyyə, təhsil və məşğulluq - dünyanın hər bir ölkəsinin üzləşdiyi məsələlərdir. İqtisadiyyatlar və cəmiyyətlər transformasiyaya uğrasa da, bu mövzular insanları birləşdirir və onların həyat seçimlərinə təsir göstərir. Bu xüsusda öz baxışlarımızı Davosda təqdim etmək imkanından çox məmnun olduq və tədbir zamanı və sonra aldığımız müsbət reaksiya bizdə ruh yüksəkliyi yaradır”.
Deputat Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında forumun əhəmiyyətindən bəhs etdi: “Davod İqtisadi Forumu 48-ci dəfədir keçirilir və çox əhəmiyyətli bir forumdur. Çünki burada həm müəyyən ölkələrin dövlət başçıları, baş nazirləri, eyni zamanda iri şirkətlərin rəhbərləri iştirak edir. Bu, həm iqtisadi forumdur, həm də orada danışıqlar aparmaq üçün meydan var. Fikir verin, İlham Əliyev bu bir neçə gün ərzində 30-a yaxın şirkət rəhbərləri ilə, həmçinin OPEK-in rəhbəri ilə görüşüb. Yəni bu forumun çox böyük əhəmiyyəti var. Bizim üçün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, hələ əvvəlki dövrdə Davosun hazırladığı reytinq cədvəlində, inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutmuşuq. Yəni Litva, Macarıstandan sonra Azərbaycan gəlir. Bu forumun əhəmiyyəti həm də bundan ibarətdir ki, cənab prezident Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verir. Çıxışında qeyd edib ki, artıq neft-qaz ehtiyatlarına ümid etmək lazım deyil, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Bu istiqamətdə Azərbaycanda aparılan islahatlar barədə danışıb”.
V.Əhmədov Davos Forumunun əslində bir meydan olduğunu vurğuladı: “Bu meydanda ölkəmizdə aparılan islahatları nəzərə çatdırmaq, iri şirkətləri bu barədə məlumatlandırmaq çox mühüm əhəmiyyət kəsb edir. İkincisi də orda müəyyən dövlət rəhbərləri ilə görüşlər keçirilir, məlumatlar verilir. Ola bilər ki, Azərbaycanla əlaqədar bəzi məlumatlar onlarda yoxdur, gedən iqtisadi islahatlardan xəbərsizdirlər. Məsələn, biz Milli Məclisin 3 komitəsində Ələt Azad İqtisadi Zonanın yaradılması ilə əlaqədar qanun layihəsini müzakirə etdik və qəbulu üçün plenar iclasa təqdim etdik. Yəni belə bir zona ilk geniş azad iqtisadi zona olacaq. Bu kimi məsələlər barədə Davosda iri şirkətləri məlumatlandırmaq çox əhəmiyyətlidir. İnvestisiya yatırmaq istəyən şirkətlər, dövlətlər istəyirlər ki, orada stabillik olsun, bu da Azərbaycanda var. Cənab prezidentin bir fikri də çox xoşuma gəldi. Qeyd etdi ki, Azərbaycan müstəqil siyasət aparır. Düzdür, bu, bəzi dövlətlərin xoşuna gəlmir, bizi kiçik dövlət hesab edirlər, amma biz öz müstəqil siyasətimizi aparırıq, heç nədən də çəkinmirik. Yəni çox nümayişkaranə şəkildə bu sözləri dedi, bizimçün də bu, çox önəmlidir”. Deputat qeyd etdi ki, Davos Forumu təkcə iqtisadi forum deyil, həm də siyasi səhnədir: “Orada polemikalar üçün də meydan genişdir, həmçinin Qarabağ məsələsi ilə əlaqədar da məlumat verilir və s. Ümumilikdə, mən Dovos Forumunu həmişə yüksək əhəmiyyətli forum sayıram”.