İlahiyyatçılara ağır cəza tələbinin səbəbləri
Nardaran hadisələri ilə bağlı daha bir qrupun məhkəməsi yekunlaşır
Yenixeber.org: Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi-3" üzrə növbəti prosesi zamanı prokuror təqsirləndirilən şəxslərə iş istəyib. Hakim Zeynal Ağayevin sədrlik etdiyi məhkəmə iclasında təqsirləndirilən şəxslər son söz deməkdən imtina ediblər.
Prosesin gedişində dövlət ittihamçısı ilahiyyatçı Zülfüqar Mikayılzadənin 18, Ruzi İsmayılov və Cabir Əliyevin 16, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Ramil Seyfullayev və Mübariz İbrahimovun 15, Əli Hüseynov, Mehman Məmmədov, Eldar Bünyadov və Elxan Həsənovun hər birinin isə 14 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, sözügedən iş üzrə ümumilikdə 70-dən çox adam həbs olunub. Həbslər Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə baş verib. 3 hissəyə bölünən işin gedişində saxlanılanlar müxtəlif müddətlərdə, ən ağır 20 il həbs olmaqla cəza alıblar. 17 nəfərdən ibarət birinci qrupda Nardaran olaylarına görə saxlanılar, o cümlədən ilahiyyatçı Taleh Bağırov olub.
Sonuncu qrupda iki tanınmış ilahiyyatçı var. Zülfüqar Mikayılzadə və Elman Ağayev ali təhsilli ruhanilərdir, Bakıda və əsasən cənub bölgəsində böyük nüfuza malikdirlər. Maraqlıdır ki, ilahiyyatçılar Nardaran olayları zamanı saxlanılsa da, onların həmin vaxt Bakıda olması və ümumiyyətlə, T.Bağırovla birlikə olması haqda hər hansı bir məlumat yoxdur.
Belə iddialar da var ki, hər iki ilahiyyatçı Lənkəranda keçirilən izdihamlı Aşura yürüşünün təşkilinə görə həbs olunub. Adları qeyd olunan ilahiyyatçılar Lənkəranda son illərdə hər il Aşura günü Lənkəranın mərkəzində bəzi iddialara görə 20 min insanın iştirakı ilə keçirilən yürüşülərə qatılıb və öz sırada olublar. Güc strukturları yürüşləri yasaqlamağa çalışsa da, yerli camaat buna nail olub. Oxşar hadisələr Gəncədə də olub. Həmin vaxt Gəncədə də Aşura yürüşündə təşkilatçı kimi iştirak edən ruhanilər həbs olunub.
Bir sıra müşahidəçilərə görə, dini tədbirlərdə ildən ilə izdihamın sayının artması hakimiyyət orqanlarını narahat edib. Bu səbəbdən də Nardaran hadisələrindən sonra Cənub bölgəsində nisbətən gənc ilahiyyatçılar arasında xüsusi çəkisi olan və əhali arasında nüfuza malik ruhanilər də saxlanılıb.
Növbəti məhkəmə prosesi sentyabrın 25-ə təyin olunub. Prosesdə vəkillərin çıxışları olacaq.